Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir.

Azərbaycan xalqı bu diyarda zəngin mədəniyyət yaratmışdır. Bura Azərbaycanın ən dilbər, səfalı məkanlarından biri – möcüzələr diyarıdır. Ona görə də qədim filosof və mütəfəkkirlər Naxçıvanı təkcə Şərqin deyil, həm də Qərbin Günəşi adlandırmışlar.

Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi mövcud olmuşdur. Qədim yurd yerimiz Zəngəzurun Ermənistana verilməsindən sonra Naxçıvan Azərbaycanın digər torpaqlarından ayrı salınaraq blokadaya alınmışdır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan bu gün yüksək inkişafa nail olan diyardır.

Dünyanın elm və mədəniyyətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvan, həm də böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətənidir. Görkəmli şəxsiyyət Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş, taleyüklü tarixi qərarlar qəbul edərək Azərbaycanın xilasına və inkişafına bu qədim diyardan başlamışdır. Ulu öndər demişdir: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.  

Ərazicə kiçik, mənəviyyatca böyük olan Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar çox qədim zamanlardan yaşamışlar. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur. Naxçıvan, həm də milli dövlətçilik tariximizə mühüm töhfələr vermiş, Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar.

Naxçıvan antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Neolit, eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri... Naxçıvanda İslam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir.

653-cü ildən sonra isə bu mədəniyyət İslam mədəniyyəti ilə vəhdətdə inkişaf edib. Çünki həmin tarixdən ərəblərlə bağlanmış müqavilə nəticəsində naxçıvanlılar könüllü olaraq İslam dinini qəbul etmişlər. Bu müqavilə elmi, siyasi və tarixi baxımdan diqqəti daha çox cəlb edir. Dini etiqada görə təktanrıçı olan naxçıvanlılar Nuh peyğəmbərin davamçıları kimi də etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Müqavilənin elmi və siyasi əhəmiyyəti onunla şərtlənir ki, ərəblər artıq müstəqil olan Naxçıvanın yerli idarəçiləri ilə müqavilə bağlamışdılar.

Azərbaycan türkləri İslam dinini qəbul edənə qədər Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaratmışlar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları islam memarlıq ənənələrindən də bəhrələnmiş, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdirmişlər. On ikinci əsrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoymuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamına uyğun olaraq son illər muxtar respublikada 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrdən 70-ə yaxını tarixiliyi saxlanılmaqla bərpa olunmuşdur. Möminə xatın və Gülüstan türbələrinin, Xanəgah Memarlıq Kompleksinin, Ordubad Qeysəriyyəsinin, Came məscidinin, Şərq hamamının, Zaviyyə-Mədrəsə binasının, Xan sarayının, Qarabağlar Türbə Kompleksinin,Yengicə hamamının, imamzadələrin və buzxanaların tarixi görkəmi özünə qaytarılmışdır.

Bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Min illər ərzində formalaşan tarixi-mədəni irsimizi, xüsusilə türk-islam mədəniyyəti ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə dəyərli sənət nümunələri yaradırlar. Müasir şəhərsalma işlərində türk-islam mədəniyyəti elementlərindən məqsədyönlü şəkildə istifadə olunur və zaman keçdikcə Naxçıvanın zəngin tarixi-mədəni irsi onun türk-islam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.

“Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədər Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamında deyilir: “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar sivilizasiyalar-arası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsirlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb”.

Təşkilat Komitəsinin Tədbirlər Planına əsasən “İslam mədəniyyətinin paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olmuşdur, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları, kitablar hazırlanmışdır. “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı isə Naxçıvan Muxtar Respublikası ərazisindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoymuşdur.

Naxçıvanı qarış-qarış gəzdikcə bu yurdda ucaldılan saysız-hesabsız mədəniyyət nümunələrinin, türk-islam mədəniyyətinin daşıyıcısı olan abidələrin şahidi olursan. Belə abidələrdən biri Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyiroğlu türbəsidir. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyr-oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatmışdır. Məqbərənin qurşağında Qurani-Kərimin “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır.

XII əsrdə böyük memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin Atabəy Eldənizin xanımı Möminə xatının şərəfinə ucaltdığı türbə isə Şərq memarlığı tarixində qızıl səhifədir. Yüz illər boyunca bu abidə səyyahları, salnaməçiləri, məşhur memar və şərqşünasları düşündürüb. Möminə xatın türbəsi türk-islam aləmində qadına verilən dəyərin daha bir ifadəsi olmaqla yanaşı, həm də qadın, ana adının ucalığında dayanan zərif bir məhəbbət əfsanəsi, sevgi dastanıdır. Ona görə də akademik Alpatov “Ümumdünya incəsənəti tarixi” adlı monoqrafiyasında Möminə xatın türbəsini monimentallıqla zərifliyin möcüzəsi adlandırıb və memarlıq tarixində tutduğu mövqeyi yüksək qiymətləndirərək yazıb: “Qeyri-adi memarlıq duyğusuna, kompozisiyasının klassik kamilliyinə və işlənməsinə görə XII əsrdə Avropada belə abidəyə təsadüf etmək mümkün deyil. Naxçıvan türbəsindən klassik Şərq ədəbiyyatının ən yaxşı əsərləri, Firdovsinin “Şahnamə” epopeyasında, Nizaminin “Leyli və Məcnun” poemasında olduğu kimi, insanpərvərlik nəfəsi gəlir”.

Qədim köklərə, ulu qaynaqlara malik Naxçıvan memarlıq məktəbi XII əsrdə inkişaf edərək əsl sənət zirvəsinə ucalıb. Həmin dövrdə Əcəmi sənəti bütün dünyaya səs salmış, Yaxın Şərq və Orta Asiya memarlıq sənətinin inkişafına mühüm töhfələr vermişdir. Əcəmi qüdrətinin bəhrəsi olan Möminə xatın türbəsi mükəmməl sənət nümunəsi kimi dünya memarlığında silinməz iz qoymuşdur. Türbəyə Qurani-Kərimdən ayələr həkk olunub. “Biz gedirik yalnız qalır rüzigar, biz ölürük əsər qalır yadigar” sözləri Möminə xatın türbəsinin baş tağında əbədiləşən dərin bir hikmətdir.

Qədim dövrlərdən başlanan sənət yolu abidə-abidə, qala-qala xalqımızın daş yaddaşına çevrilir, elimizin-obamızın könül mahnısı, ürək döyüntüsü kimi əbədiləşir. Qədim qala divarları, daş sədlər, bürclər, səmanın qəlbini dələn minarələr bu diyarda Azərbaycan xalqının əyilməz vüqarı kimi yüksəlir.

Diqqətçəkən abidələrdən biri də XII əsrdə Culfa yaxınlığında ucaldılan Gülüstan türbəsidir. Əcəmi ənənələrini davam etdirən bu nadir sənət incisi naxış kompozisiyasının kamilliyi, özünəməxsusluğu ilə bütöv bir sənətkarlıq məktəbindən xəbər verir. Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndində Araz çayının sol sahilində inşa edilmişdir. Əcəmi Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi də xatırlanır. Abidə sərdabə və türbədən ibarətdir. Sərdabənin divarları dörd cərgə düzülmüş daşlardan hörülmüş və quruluşu etibarilə düzgün olmayan çoxbucaqlı əmələ gətirmişdir. Digər türbələrdə sərdabə yerin altında yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa olunmuşdur. Türbənin naxış və ornamentləri Möminə Xatın türbəsinin ornamentləri ilə oxşardır.

Orta əsrlər Azərbaycan tarixinin əvəzsiz yadigarı olan Qarabağlar türbəsi memarlıqda uğurlu yol, yeni nəfəsdir. Bu orijinal sənət əsəri kompozisiya dinamikliyi, monimentallığı, işıqlı və zərif naxışları, dekorativliyə ciddi meyli ilə sənətşünasları həmişə düşündürüb. Qarabağlar Türbə Kompleksi Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Bir türbə və qoşa minarəli baştağdan ibarətdir. Qoşa minarələr və türbə zaman keçdikcə dağıntıya məruz qalmış, yuxarı hissələri uçmuş, kitabələrinin çox hissəsi ovulub tökülmüşdür. Qoşa minarəli baştağın üzərindəki kitabənin mətnindən aydın olur ki, bu kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Kitabədə tarix qalmamışdır. Mənbələrdə türbənin XII əsrdə, minarələri birləşdirən baştağın isə XIV əsrdə tikilməsi qeyd olunub. Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır. Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə bəzədilmişdir. Bu kitabələrin hamısı Quran ayələri və dini xarakterli kəlamlardır. Abidənin gövdəsində yaradılan iri həcmli rombların içərisində kufi xətti ilə yerinə yetirilmiş və dəfələrlə təkrarlanan kitabələrin mətni belədir: “Allahdan başqa Allah yoxdur. Məhəmməd - Allahın ona salavatı olsun - Allahın elçisidir”. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası, oxşarlığı və digər əlamətləri göstərir ki, bu abidə Bərdə türbəsinin memarı Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfindən inşa edilmişdir. Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 4 iyul tarixli sərəncamına əsasən bərpa olunub.

Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan buzxanaların da xüsusi yeri var. Özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır. Bununla yanaşı, XIV əsr abidəsi olan Ordubad şəhər buzxanası və tarixi XIX əsrə aid edilən Cəlilkənd buzxanası qədim dövrlərdə havaların isti vaxtlarında əhalinin buza olan tələbatını ödəmişdir. Zaman keçdikcə güclü aşınmaya məruz qalmış buzxana kompleksləri Ali Məclis sədrinin tapşırığı və qayğısı ilə bərpa olunmuşdur.

Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikililər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi – Xan Sarayıdır. Sarayı XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi Kəlbəli xan Kəngərli tikdirib.

VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr, həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədi ilə mədrəsə binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan zaviyə-mədrəsə binaları da yaradılırdı. Naxçıvanda xüsusi memarlıq üslubunda inşa edilən Naxçıvanın türk-islam mədəniyyəti nümunələri sırasında özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan zaviyə-mədrəsə binası xüsusi yer tutur.

Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan dini-memarlıq abidələri sırasında sufiliklə bağlı mərkəzlər – xanəgah kompleksləri də mühüm əhəmiyyətə malikdir. Belə komplekslərdən biri XII əsrə aid Xanəgah Memarlıq Kompleksidir. Xanəgah Memarlıq Kompleksi Culfa rayonunun Xanəgah kəndindən şimаl-şərq tərəfdə Əmir Teymura qarşı müqavimətin əsas istinadgahı olan Əlincəqalanın yaxınlığında yеrləşir. Kоmplеks türbə, məscid və digər tikililərdən ibarətdir. Türbə memarlıq quruluşuna görə XII əsrə aid edilir. Türbədəki qəbirdə ХIV əsrdən еtibаrən Аzərbаycаndа gеniş yаyılаn Hürufilik təliminin bаnisi Fəzlullаh Nəimi dəfn еdilmişdir.

Türk-islam mədəniyyəti abidələrinin özünəməxsus nümunələrindən biri də hamamlardır. Naxçıvan şəhərinin mərkəzində yerləşən Şərq hamamı XVIII əsrdə Şərq memarlığı üslubunda inşa edilib. Şərur rayonundakı XVIII əsrə aid edilən Yengicə hamamı, eyni zamanda, XVIII-XIX əsr Ordubad hamamı əhalinin həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə çevrilmişdir.

Naxçıvanda yaradılan memarlıq abidələrindən böyük bir qismini ibadət yerləri –məscidlər təşkil edir. Müsəlmanların ibadət və təhsil yerləri kimi yaranan dini ocaqlardan biri də Naxçıvan şəhər Came məscididir. İslamın əvvəllərindən mövcud olan və XVIII əsrdə Məhəmməd Təqi tərəfindən təmir olunan, xalq arasında “Şəhər məscidi” kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində, ateizm təbliğatına geniş rəvac verildiyi bir dövrdə Naхçıvanda fəaliyyət göstərən yeganə məscid olub. Ordubad Came və Qırx kimsənə məscidləri, Babək rayonunun Cəhri kəndindəki Cilovxanlı məscidi də sovet hakimiyyətindən əvvəlki dövrlərdə bölgənin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır. Müstəqillik dövründə Heydər məscidi, Nehrəm kənd məscidi, Şərur məscidi, Əbrəqunus və Naxçıvan şəhərində tikilən yeni məscid kompleksi islami dəyərlərə olan bağlılığı nümayiş etdirir.

Naxçıvan şəhərinin yaxınlığında yerləşən və Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi xalqın qəlbindən, inancından güc alıb. Bu yer yüz illər boyunca insanlara kömək olub, yolçulara sinəsindən yol verib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir. Bu qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir. Ulu öndərin 1998-ci ildə Əshabi-Kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün Əshabi-Kəhf tarixi abidəsi və ziyarətgahı yenidən qurulmuş, burada məscid tikilmiş, yol çəkilmiş, zəvvarlar üçün hər cür şərait yaradılmışdır.

Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər də artıq öz bəhrəsini verir. Alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixə malik Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Aparılan tədqiqatların nəticəsi və elmi sübutu olaraq nəşr olunan minlərlə kitab və ensiklopediyalar da Naxçıvan tarixi ilə yanaşı, həm də bu qədim diyardakı abidələrin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə, Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” kitabları Naxçıvandakı türk-islam mədəniyyəti abidələri haqqında dolğun məlumat verən dəyərli elmi ədəbiyyatdır.

Naxçıvanın türk-islam abidələri bu qədim yurdun İslam mədəniyyətinə verdiyi ən dəyərli töhfə olmaqla yanaşı, həm də müasir dövrdə muxtar respublikanın turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Naxçıvana kimin ayağı dəyirsə ilk ifadələri bu olur: Yurdunuz memarlıq muzeyidir. Türbələr, məscidlər, Əlincə qüdrətli qalalar. Xudafərin ümidli körpülər, XII-XIV əsrləri əhatə edən qədim imamzadələr, karvansaralar... Yaddaşımızın heykəlləri olan bu abidələrlə göz-gözə dayananda, miniatür qəlbli, xalça duyğulu naxışlarına, rənglərinə baxanda yüz illərin, min illərin xatirəsinə dalırsan.

Bir sözlə, bu gün Naxçıvanda tarix, mədəniyyət, adət-ənənələr, milli və dini dəyərlər təkcə öyrənilmir, həm də qorunaraq yaşadılır. Tarixi yaşadanları isə tarix yaşadacaqdır.

Vaqif AĞALAROV
Naxçıvan Televiziyasının
baş redaktoru

"Xalq qəzeti"

18.09.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“DÇ-2018”: Son dünya çempionu Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb

17-06-2018-21-05 Xəbərlər

“DÇ-2018”: Son dünya çempionu Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb

İyunun 17-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gün...

«Voice of Astana» beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb

17-06-2018-20-30 Xəbərlər

«Voice of Astana» beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb

Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə «Voice of Asta...

“DÇ-2018”: Almaniya-Meksika matçı başlayıb

17-06-2018-19-29 Xəbərlər

“DÇ-2018”: Almaniya-Meksika matçı başlayıb

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gününün ikinci o...

Göydə Allah, yerdə siz

17-06-2018-18-55 Xəbərlər

Göydə Allah, yerdə siz

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər ...

“Rusiya 2018”: Serbiya millisi Kosta-Rikanı minimal hesabla məğlub edib

17-06-2018-18-01 Xəbərlər

“Rusiya 2018”: Serbiya millisi Kosta-Rikanı minimal hesabla məğlub edib

İyunun 17-də futbol üzrə XXI dünya çempionatının “E” qrupunun ilk oyunu keçirili...

Elton Hüseynəliyev: Naxçıvanda sənətə, sənətçiyə böyük hörmət var

17-06-2018-15-31 Xəbərlər

Elton Hüseynəliyev: Naxçıvanda sənətə, sənətçiyə böyük hörmət var

Naxçıvan şəxsiyyətlər diyarıdır. Ulu öndərimiz məhz bu diyarda dünyaya göz açıb,...

Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

17-06-2018-14-03 Xəbərlər

Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

NUHÇIXAN xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə ...

Naxçıvanda sabaha olan hava proqnozu

17-06-2018-13-33 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyun ayının 18-nə olan hava proqnozu açıqlanıb. ...

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17-06-2018-13-02 Xəbərlər

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür.

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşları ölkəmizdə yaradılmış seçki məntəqəsində səs verirlər

17-06-2018-12-32 Xəbərlər

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşları ölkəmizdə yaradılmış seçki məntəqəsində səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə baş...

Yaponiya XİN: ABŞ nüvə silahının ləğvi ilə bağlı KXDR-ə 47 bəndlik tələblər irəli sürüb

17-06-2018-12-01 Xəbərlər

Yaponiya XİN: ABŞ nüvə silahının ləğvi ilə bağlı KXDR-ə 47 bəndlik tələblər irəli sürüb

ABŞ nüvə silahının ləğvi ilə bağlı Koreya Xalq Demokratik Respublikasına (KXDR) ...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

17-06-2018-11-32 Xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri...

Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

17-06-2018-11-01 Xəbərlər

Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məktubundan çıxarılmış şəkil ...

Azərbaycandakı Türkiyə vətəndaşları səs verməyə başlayıblar

17-06-2018-10-29 Xəbərlər

Azərbaycandakı Türkiyə vətəndaşları səs verməyə başlayıblar

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və ...

Bu gün futbol üzrə dünya çempionatında üç oyun keçiriləcək

17-06-2018-09-59 Xəbərlər

Bu gün futbol üzrə dünya çempionatında üç oyun keçiriləcək

Futbol üzrə dünya çempionatının dördüncü günündə – iyunun 17-də üç oyun keçirilə...

Türkiyə bu il 40 milyonadək turist qəbul etməyi planlaşdırır

17-06-2018-09-31 Xəbərlər

Türkiyə bu il 40 milyonadək turist qəbul etməyi planlaşdırır

Türkiyə 2018-ci ildə 40 milyonadək xarici turist qəbul etməyi planlaşdırır.

Misir yığmasının oyunçusu Məhəmməd Salah Rusiya ilə oyuna çıxacaq

17-06-2018-08-59 Xəbərlər

Misir yığmasının oyunçusu Məhəmməd Salah Rusiya ilə oyuna çıxacaq

Misirin yığma komandasının hücumçusu Məhəmməd Salah futbol üzrə dünya çempionatı...

Cemal Qamaxariya: TANAP kimi layihələr Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək

17-06-2018-08-32 Xəbərlər

Cemal Qamaxariya: TANAP kimi layihələr Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək

“TANAP” layihəsi strateji əhəmiyyətli, gələcək inkişafa, sülhə və təhlükəsizliyə...

DÇ-2018: Xorvatiya yığması Nigeriyanı məğlub edib

17-06-2018-00-50 Xəbərlər

DÇ-2018: Xorvatiya yığması Nigeriyanı məğlub edib

Xorvatiya yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Nigeriya ko...

“Rusiya 2018”: meydançaya Xorvatiya-Nigeriya komandaları çıxıblar

16-06-2018-23-31 Xəbərlər

“Rusiya 2018”: meydançaya Xorvatiya-Nigeriya komandaları çıxıblar

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün sonuncu – dörd...

Naxçıvanın 2018-ci il Gənclər Paytaxtı seçilməsi münasibətilə konsert olub - YENİLƏNİB

16-06-2018-23-04 Xəbərlər

Naxçıvanın 2018-ci il Gənclər Paytaxtı seçilməsi münasibətilə konsert olub - YENİLƏNİB

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətil...

Danimarka millisi futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb

16-06-2018-22-22 Xəbərlər

Danimarka millisi futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb

Danimarka milli komandası Rusiyada keçirilən futbol üzrə dünya çempionatına qələ...

Azərbaycan komandası arena polo üzrə Dünya Kuboku yarışının finalına yüksəlib

16-06-2018-20-16 Xəbərlər

Azərbaycan komandası arena polo üzrə Dünya Kuboku yarışının finalına yüksəlib

İyunun 16-da Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışları davam edib.

“Rusiya 2018”: Argentina-İslandiya oyununda qalib müəyyənləşməyib

16-06-2018-19-45 Xəbərlər

“Rusiya 2018”: Argentina-İslandiya oyununda qalib müəyyənləşməyib

“Rusiya 2018”in üçüncü günündə “D” qrupunda yer alan Argentina və İslandiya mill...

Ahıllar Ağbulaq istirahət mərkəzində olublar

16-06-2018-19-15 Xəbərlər

Ahıllar Ağbulaq istirahət mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Ahıllar evi sakin...

Elton Hüseynəliyev və Əli Pormehr Naxçıvanda konsert veriblər

16-06-2018-18-41 Xəbərlər

Elton Hüseynəliyev və Əli Pormehr Naxçıvanda konsert veriblər

NUHÇIXAN xəbər verir ki, bu gün saat 17:00-da Naxçıvan şəhərindəki Əcəmi seyrəng...

“Çınqıllı” qazlı su istehsal edəcək

16-06-2018-18-26 Xəbərlər

“Çınqıllı” qazlı su istehsal edəcək

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayonunun Keçili kəndində yerləşən “Çınqıllı Bul...

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

16-06-2018-17-49 Xəbərlər

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ilk səsvermə gömrük-...

Naxçıvanda Polis Məktəbi tikilir

16-06-2018-17-23 Xəbərlər

Naxçıvanda Polis Məktəbi tikilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Naxçıvan M...