Romantik pafosdan lirizmə

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli şeirlərini əsasən heca vəznində yazmış, hətta "Heca vəznliyəm mən" adlı ayrıca bir şeirində bu vəznə sədaqətini xüsusi vurğu ilə bəyan etmişdir. Şairə görə, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin Azərbaycan şeirinin "qoca vəzni" olan hecada yazdıqları şeirlər əbədi olaraq qalan "el malı"na çevrilmişdir. İslam Səfərli həmin şeirlə ümumilikdə "Azərbaycan şeirinin ahəngi adlandırdığı" heca vəznli şeirin və bu vəzndə XX əsrdə dillər əzbəri olan poeziya nümunələrini yaratmış Səməd Vurğun məktəbi ənənəsinin əbədiliyinə inamını ifadə etmişdir. İslam Səfərlinin ədəbi aləmdə ilk addımlarını atmasında və tanıdılmasında da xalq şairi Səməd Vurğunun böyük rolu olmuşdur.

  Yazıçı dostu, Azərbaycan Dövlət Universitetində onunla birlikdə təhsil almış Əlfi Qasımovun xatirələrində deyilir ki, "İslam Səfərlinin tələbəlik illərində yazdığı uğurlu şeirlər gənclərin böyük qayğıkeşi Səməd Vurğunun da diqqətini cəlb etmişdir... Üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi. ...O, xitabət kürsüsünə qartal kimi sinə gərib, müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı... Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Zala göz gəzdirdi:


- Hanı o mənə oxşayan qara İslam?

-Buradayam, Səməd müəllim.

...- Yazıçılar İttifaqında keçən "Gənclər günü"ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?

  ...Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb "Beşik başında" şeirini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi".

   Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləmişdir. Əvvəla, o, mövcud şeir məktəbi məkanında oxşar motivlər üstündə yeni mənalar yaratmağı bacarmışdır. İkincisi, İslam Səfərli şeirlərində qələmə aldığı mövzuların, poetik məna verdiyi detalın "öz rəngini, boyasını" ifadə etməyə çalışmışdır. Üçüncüsü, İslam Səfərli şeirlərinə qanadlı, uca fikirlərdən çox dərin bir insani səmimiyyət gətirməyi zəruri saymışdır. Şair bu qənaətə gəlmişdi: "Bil ki, o adamdan sənətkar olmaz, əgər ürəyinə arxalanmasa". Ədəbiyyatşünaslıqda da İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb etmişdir. Vaxtilə professor Əkbər Ağayev yazmışdı: "Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir". Fikrimizcə, şeir kitablarından birini "Həyatın nəfəsi" adlandırması da təsadüfi olmayıb, İslam Səfərlinin yaradıcılığında gedən proseslərin real nəticəsidir. Həmin yaradıcılıq proseslərinin, yəni romantik pafosdan təbii lirikaya doğru inkişaf edən meyillərin sayəsində İslam Səfərlinin şeirlərində tədricən ümumi şəkildə ifadə olunan tərənnümü obrazlı düşüncələr əvəz etmişdir. Doğrusu, o, daha çox tərənnümlə obrazlı düşüncəni, lirizmi çarpazlaşdırmağa üstünlük vermişdir. Buna görə də İslam Səfərlinin şeirlərində tərənnüm meyilləri ilə yanaşı, düşüncə faktoru və obrazlı söz demək səyləri qüvvətlənmişdir:

Bakı-şəhərim mənim,

Xəzər-bulağım mənim,

Dağlar-hünərim mənim,

Günəş-bayrağım mənim,

Dünyada nə qəmim var.

      Müşahidə olunan əsas cəhət bundan ibarətdir ki, İslam Səfərli yaradıcılığında romantik pafosdan, ümumi tərənnümdən lirizmə keçid çox da uzun sürməyən qısa müddət ərzində baş vermişdir. Doğrudur, romantik meyilli tərənnümçülük şairin yaradıcılığının bütün dövrlərində müşahidə olunur. Fikrimizcə, bu, həm də onun yaşadığı epoxanın özünün ideoloji pafosundan doğur. Cəmiyyətin tələbindən gələn sosial sifarişin ifadəsi olaraq yazılan şeirlərin pafos olmadan o dövrün ədəbi-ictimai mühiti səviyyəsinə çıxarılması çətin idi. Lakin İslam Səfərlinin yaradıcılığında həmin qəbildən olan şeirlər ön mövqedə görünsə də, çoxluq təşkil etməmişdir. İctimai məzmunlu romantik pafosla ifadə olunan şeirləri ilə ədəbi mühitdə "sayrışan ulduzlar" kimi zəruri məqamlarda ara-sıra görünən İslam Səfərli üstünlük verdiyi lirik şeirlərini yazmağa rahat bir imkan formalaşdıra bilmişdir. O, ictimai mühitdə ümumi tərənnümdən doğan romantik pafoslu şeirləri ilə iştirak etmiş, ədəbi aləmdə isə nəğmə təsiri bağışlayan yaddaqalan, təbii və təsirli lirika nümunələri ilə dərin izlər salmışdır. Xüsusən, şəxsiyyətə pərəstiş dövrünün cəmiyyətdə aradan qalxması, siyasi iqlimin yumşalması İslam Səfərlinin yaradıcılığındakı lirizm meyillərinin sürətlə inkişaf etməsinə böyük təkan vermişdir. Beləliklə, XX əsrin əllinci illərinin ikinci yarısından etibarən İslam Səfərlinin yaradıcılığında lirizm qüvvətlənmiş, lirika üstünlük təşkil etmişdir.

       "Üçüncü hərb istəmirik" şeiri nəğməkar şair kimi tanınan İslam Səfərlinin cəmiyyət məsələlərinə münasibətdə də, bəşəri mövzulardan söz açanda da dərin ictimai mətləbləri lirik tərzdə ifadə etmək səviyyəsində geniş dünyagörüşə malik olduğunu göstərən əhəmiyyətli bir sənət nümunəsidir. Aktuallığını bu gün də qoruyub saxlayan "Üçüncü hərb istəmirik" şeiri bütövlükdə müharibə əleyhinə yazılmış himn kimi səslənir:


Birincidə
Ağır həyat sürmüşük biz.

İkincidə
Min bir dəhşət görmüşük biz.

Biz palıdıq,

İndi daha tunc olmuşuq.

Biz poladıq.

Üçüncü hərb

İstəmirik!
İstəmirik!

     Beləliklə, romantik pafos və lirizm İslam Səfərli şeirinin özünəməxsusluğunu müəyyən edir. Hətta bir çox hallarda şairin ictimai motivlərə həsr edilmiş şeirlərində obrazlı düşüncə tərzinin, lirizmin romantik pafosu üstələdiyi məqamlar ağırlıq təşkil edir. İctimai ruhlu "Mənə qalan bu olacaq" şeirində İslam Səfərlinin Vətən torpağı ilə ünsiyyəti seçilmiş poetik detallar, obrazlı düşüncə və böyük səmimiyyət vasitəsilə tərənnüm edilmişdir. Romantik pafoslu poetik nümunələrdən kamil lirika nümunələri olan şeirlərinədək keçdiyi təkamül prosesi İslam Səfərlini Azərbaycan lirikasının görkəmli yaradıcılarından biri səviyyəsinə çatdırmışdır.
       İslam Səfərlinin yaradıcılığında Azərbaycanın poetik xəritəsi canlandırılmışdır. Şairin yaradıcılığında Bakıya və Xəzərə həsr olunmuş şeirlər geniş yer tutur. İslam Səfərlinin "Bakı, sabahın xeyir" şeiri ritminə və ahənginə görə asanlıqla mahnıya çevrilmişdir. "Bakı, sabahın xeyir" Bakı haqqındakı mahnıların zirvəsində dayanır. Ötən yarım əsr ərzində paytaxtımıza həsr olunmuş bu səviyyədə mahnı və şeir meydana çıxmamışdır. Görkəmli bəstəkar Emin Sabitoğlunun bənzərsiz axıcı musiqisinin, məşhur müğənni Şövkət Ələkbərovanın ecazkar səsinin və İslam Səfərlinin mükəmməl lirik şeirinin vəhdəti "Bakı, sabahın xeyir" mahnısını poeziyamızın və musiqi mədəniyyətimizin nadir bədii sərvətinə çevirmişdir. "Bakı, sabahın xeyir" şeirimizdə də, musiqimizdə də əbədi yaşamaq haqqı qazanmışdır:



Qayıdıb xoş güzərdən,

Günəş qalxır Xəzərdən.

Sevgilim keçən yerdən

Bütün şəhər yeriyir,

Bakı, sabahın xeyir!


Hörükləri qaradır,

Qaşları ayparadır,

O bir aləm yaradır,

Hamı ürəkdən deyir:

Bakı, sabahın xeyir!


     Ümumiyyətlə, İslam Səfərli Azərbaycan şeirinin Xəzər silsiləsini yaratmışdır. Onun şeirlərində Xəzərin özünəməxsus poetik obrazı canlandırılmışdır. İslam Səfərlinin Xəzər silsiləsindən olan şeirlərində və mahnılarında Xəzərin səsi,

pıçıltısı eşidilir. İslam Səfərli "Pıçıldaşın, ləpələr", "Ay öpüşən, dalğalar", "Dəniz" mahnıları ilə musiqimizin Xəzər romansını yazmışdır. İslam Səfərlinin "Xəzərim" şeiri Azərbaycan poeziyasında Xəzər haqqında yazılan şeirlərin şahıdır. Şeirdəki "ulduzlar xalınmıdır, gecələr, dalğalar yalınmıdır, gecələr" misralarındakı təşbehlər İslam Səfərliyə məxsus bədii kəşflərdir.

      Suları qırçın, ləpələri göyərçin və qağayı, ağ dalğası - ağ ayı kimi orijinal bənzətmələrlə tərənnüm edilən Xəzərin İslam Səfərlinin təqdimatında xüsusi bir görkəmi vardır:

Demə qoca Narginim qaladı,

Dəniz mənzərəsində o taladı.

Mayakların qızarır nar kimi,

Sinən necə soyuqdur qar kimi:

Ağ dalğan-ağ ayıdır, Xəzərim,

Hər ləpən qağayıdır, Xəzərim.



       İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi qəbul olunur. Tərəddüd etmədən demək olar ki, son yarım əsrdən artıq dövrdə ayrı-ayrı şairlər tərəfindən Naxçıvan mövzusunda bir neçə fərqli uğurlu bədii nümunənin yaradılmasına baxmayaraq, şeirimizdə Naxçıvan silsiləsinin yaradılmasında İslam Səfərli birinciliyi və ən uca zirvəni fəth etmiş sənətkar olaraq qalır. İslam Səfərlinin Naxçıvan mövzusunda yazılmış iyirmidən çox şeirində Azərbaycanın ayrılmaz parçası olan bu ecazkar yurdun özünəməxsusluqları bütün incəlikləri və dərin mənaları ilə yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə əks etdirilmişdir. İslam Səfərli üçün ata-baba yurdu Naxçıvan ilk dəfə rübabını kökləməyə başladığı, ona ilham bəxş etmiş Nəqşi-Cahandır. Şair bütün ruhu ilə bu torpağa bağlıdır, ömrü boyu bu torpaqda kəsdiyi duz-çörəkdən qüvvət almışdır. Naxçıvanın Azərbaycanın tarixində və taleyindəki yeri və mövqeyi, diyarın yetirmələrinin xidmətləri, bu coğrafiyanın insanlarının "düz ilqarlı" möhkəm mənəvi dəyərləri, "od çaxarlı" təbiəti İslam Səfərlinin Naxçıvannaməsində bütün təbiiliyi və daşıdığı mənaları ilə bir yerdə ilhamla vəsf olunmuşdur. Fikrimizcə, İslam Səfərlinin yarım əsr bundan əvvəl yazılmış "Naxçıvanım" şeiri Azərbaycan şeirinin Naxçıvannaməsinin dəyirman daşı olaraq "işini" davam etdirir. Hətta həmin mövzuda yazılmış ən yaxşı şeirlər də bu dəyirman daşının pəri ətrafında fırlanmaqdadır. Hələ ki, şeirimiz Xəzər mövzusunda olduğu kimi, Naxçıvan mövzusunda da İslam Səfərli zirvəsini aşa bilməmişdir. Bütün bunlara görə, İslam Səfərlinin "Naxçıvanım" şeiri Azərbaycan şeirində Naxçıvanın poetik pasportu olaraq yaşayır:

Çöllərindən keçən mənəm,

Söz qoşmamış keçənmənəm,

Sularından içən mənəm,

Mənim barlı Naxçıvanım,

Xoş baharlı Naxçıvanım.


  ...Gör nə çalır könül simi:

 Şeirə verdim mən eşqimi.

Mirzə Cəlil, Bəhruz kimi,

Sənətkarlı Naxçıvanım.

Xoş baharlı Naxçıvanım.


   İslam Səfərlinin Naxçıvan silsiləsində qayalarda "daş cığırlar açan" Qızlar bulağı, hər kərpicində tariximizin sözü yazılan qədim Gilan şəhəri, Narzan suyu kimi qiymətli olan Badamlı, "aran meşəsi" Xalxal, "almaz dalğalı, gümüş ləpəli" Araz çayı, Göy tarlalı Şərur, dalğalarla qucaqlaşan Arpaçay, qayaların zirvəsində dayanan, özü daş, heykəli daş olan - "Gəlin daş" "böyük aləm" sandığı doğulduğu Şəkərabad kəndi tam mahiyyəti və təbiəti ilə şeirə gətirilmişdir. Bu şeirlərdəki təbiilik və dərinlik həmin yerlərin hər birinin adını, mənasını, görünüşünü, dəyərini şeirin dili ilə real və obrazlı şəkildə ifadə etməyə imkan yaratmışdır. Fikrimizcə, "Naxçıvanın duzu, qızı, qarpızı" ifadələri də İslam Səfərlinin eyniadlı şeirindən sonra zərbi-məsələ çevrilmişdir. Arazüstü diyarın Şərur adlı elini də vəsf edən İslam Səfərlinin "Azərbaycan torpağının bərəkətli guşəsi", "Şərqin polad qapısında" ölkəmizin səsi kimi mənalandırdığı bu diyar haqqındakı "Naxçıvanın Şəruru var, Şərurun da qüruru var" misraları ümumiləşmiş müdrik kəlamlardır. Məşhur mərcan gözlü Batabat yaylağı haqqında da ən əlçatmaz şeir İslam Səfərli tərəfindən yazılmışdır. Bu, Batabat haqqında şeirdən çox, şeirdə Batabatın özüdür:


Bulaqların bir səmtədir axarı,

Salvartının xoş görünür baxarı,

Biçənəkdən at səyirdib yuxarı

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.


    Naxçıvan torpağının vurğunu olan İslam Səfərlinin bu mövzuda yazılmış şeirləri sırasında "Naxçıvan yadigarı"nın xüsusi yeri vardır. "Naxçıvan yadigarı" adlı mənzərələr silsiləsinin dahi yaradıcısı Bəhruz Kəngərliyə həsr olunmuş bu şeirlə İslam Səfərli özü də doğma diyar haqqında mənalı bir şeir tablosu yaratmışdır. "Naxçıvan yadigarı" şeirində o, geniş mənada Naxçıvan diyarının ümumiləşmiş poetik ponoramını rəsm etməyə müvəffəq olmuşdur. Bu şeir həm də İslam Səfərlinin şair-rəssam kimi də böyük istedadını meydana qoyur.


   Fikrimizcə, "Nə vaxta qaldı" şeiri də İslam Səfərlinin Naxçıvan şeirləri silsiləsinə aid edilməlidir. Şeirdə təsvir olunan bağlı-bağatlı, eyvanlı həyət İslam Səfərlinin Naxçıvan şəhəri yaxınlığında doğulub boya-başa çatdığı Şəkərabad kəndindəki ata-baba ocağının təsviridir. Şair "Döyüşçünün xəyalı" şeirində müharibə illərində arxa cəbhəni düşündükcə xəyalən evlərindəki "çiçəkli eyvanı" xatırladığını nəzərə çarpdırmışdır. Hətta bu şeirdə "Nə vaxta qaldı" mahnısındakı tərənnüm olunan ilk sevginin də izlərini görmək mümkündür. Döyüşçü-şair öz şeirində "çiçəkli eyvan"la yanaşı, xəyallarında yaşatdığı "o bir cüt ilahi, mavi gözləri" də həsrətlə yad etmişdir. Həmin "çiçəkli eyvan"ı İslam Səfərli sonralar "Təhsil illəri" şeirində də "yadıma düşdükcə hərdən kəndimiz, üzü günə baxan aynabəndimiz" şəklində xatırlatmaqla bu detalın onun poetik yaddaşında möhkəm iz saldığını bir daha nəzərə çarpdırmışdır. "Nə vaxta qaldı" şeirində "hər axşam tarladan qayıdanda biz" misrasında ifadə olunan romantik anlar, "yol üstdəki qovaq" detalı da şairin gənclik illərində Şəkərabad kəndində ikən olan müşahidələrinin təəssüratlarıdır. Ona görə də "Nə vaxta qaldı" bəlkə də İslam Səfərlinin tərcümeyi-hal şeirlərindən biridir. Şeirin də, eyni adlı mahnının da çox təsirli və təbii alınması bu bədii nümunənin yaşanmış duyğu və düşüncələrin işığında meydana çıxdığını düşünməyə əsas verir:

Gilənar qızardı, ağ tut sovuşdu,

Payını dərmədim, budaqda qaldı.

Hamı könül verib yara qovuşdu,

Bəs bizim toyumuz nə vaxta qaldı?


Qönçələr açılıb, gülür çəmən, düz...

Hər axşam tarladan qayıdanda biz,

Yoxsa o, "sevirəm" söylədiyin söz

Düşüb mərcan tək bulaqda qaldı?

 

Göyləri ay gəzir, hava bürkülü,

Eyvanda durmuşam boynu bükülü.

Bəlkə eşqimizin sona bülbülü

Uçub yol üstdəki qovaqda qaldı?


    Bütövlükdə İslam Səfərli ana Vətənin hər qarışını ürəkdən sevmiş, Vətən mülkünün cazibədar poetik panoramını yaratmaq yollarında ilhamla qələm çalmışdır. Şairin yaradıcılığında ölkəmizin ayrı-ayrı guşələrindən hər birinin mahiyyətini açan, mənasını, gözəlliyini, funksiyasını təqdim edən şeir çələngi formalaşmışdır. İslam Səfərli "Dəlidağın ətəyində göz açan, Kəlbəcərdə ləpir salıb iz açan" İstisunu, Bakının "döşündə bir nişan kimi" parlayan Abşeronu, "kərpici xallı qalın divarlardan hörülmüş" Gəncəni, "Fateh İskəndəri kəməndə salmış" Bərdəni, "Abşeronun gözlərində bir sürmə", "atəşgahlar yeri" Suraxanını, "meyvəsi ulduz sanır" Qubanı, Muğanı "al qumaşa bürüyən" Mingəçevir dənizini, "meşəli sahilləri" Nabranı heç bir şairə bənzəmədən böyük ilhamla tərənnüm etmişdir. Şairin "Bilgəh bağları" şeirində görkəmli fırça ustaları Səttar Bəhlulzadənin, Tahir Salahovun Abşeron rəsmləri ilə yanaşı, dayana bilən şairanə lövhələr vardır. İslam Səfərli Azərbaycan torpağının nəğməkarı, Naxçıvanın vurğunu, Xəzərin Məcnunu idi.


  Məlum olduğu kimi, İslam Səfərli, sözün böyük mənasında, nəğməkar şairdir. Azərbaycan poeziyasında sözlərinə ən çox mahnılar bəstələnmiş şairlərdən biri də İslam Səfərlidir. İslam Səfərlinin şeirlərinin böyük əksəriyyəti poetik və ahəngdardır, musiqiyə yatımlıdır. Musiqi, mahnı İslam Səfərlinin şeirlərinin ritmində, ahəngində çağlayır. Azərbaycanın görkəmli bəstəkarları - Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin Sabitoğlu, Nəriman Məmmədov, Tamilla Məmmədzadə və başqaları İslam Səfərlinin şeirlərinə yaddaqalan mahnılar bəstələmişlər. İslam Səfərlinin sözlərinə yazılmış "Ana", "Bakı, sabahın xeyir", "Pıçıldaşın, ləpələr", "Dan ulduzu, bir də mən", "Nə vaxta qaldı", "Ağ şanı, qara şanı", "Şəhla gözlüm", "Qonaq gəl bizə" və sair mahnılar yarandıqları vaxtdan indiyədək yarım əsrdən çoxdur ki, ifa olunmaqda davam edir. Şairin bir çox mahnıları Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin Qızıl fondunu təşkil edən əsərlərin sırasındadır. Analar haqqında çoxlu şeirlər və mahnılar yazılsa da, İslam Səfərlinin sözlərinə görkəmli bəstəkar Cahangir Cahangirovun yazdığı "Ana" mahnısı böyük müğənni Rəşid Behbudovun ifasında anaların laylası qədər həzin və mənalı səslənir:

Gözümün nuru, canım ana,

Böyütdün sən məni yana-yana.

Odlusan gün kimi, bir qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi.


       İslam Səfərlinin "Bulud göydən lal keçər", "Ay qaşı-gözü, qara qız", "Qənd bala, nabat bala", "Bağçamıza gəldi bahar" mahnıları axıcılığı, oynaqlığı və xəlqiliyinə görə xalq mahnısı təəssüratı yaradır. "Həkim qız" hələ də ağxalatlı həkimlərimizin sevimli peşə mahnısıdır. Bu vaxtadək "Aqronom oğlan" mahnısının da əvəzi yaranmayıb. İslam Səfərlinin mahnıları artıq bir neçə nəsil müğənnilərin ifasında səslənməkdədir. Azərbaycanın görkəmli müğənnilərindən Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Yalçın Rzazadə, Abdulla Babayev və başqaları İslam Səfərlinin mahnılarının populyarlaşmasında mühüm rol oynamışlar.

      İslam Səfərlinin xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1974-cü ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Görkəmli şair və dramaturq İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında"kı 18 yanvar 2013-cü il tarixli sərəncamı ilə sənətkarın yubileyi geniş miqyasda qeyd olunur, şairin ədəbi irsi yenidən öyrənilib dəyərləndirilir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İslam Səfərlinin "Göz həkimi" pyesinin uğurla tamaşaya qoyulması, Ali Məclisin "Naxçıvan" jurnalının şairin həyatı və yaradıcılığına həsr olunmuş xüsusi buraxılışının çap edilməsi, əsərlərinin biblioqrafiyasının çapa hazırlanması yeni dövrdə dövlət sərəncamının işığında görkəmli sənətkara böyük ehtiramın nümunəsidir.

       Qısa və mənalı ömür yaşayan, 30 ildən çox "əldə qələm, dizdə varaq" bədii yaradıcılıqla məşğul olmuş İslam Səfərli Azərbaycanı tükənməz ilhamla tərənnüm etmişdir. Azərbaycan İslam Səfərli şeirinin canı-cövhəri, baş mövzusu, şərəfi-şöhrətidir. Azərbaycan İslam Səfərlinin böyük Vətən eşqinin möhtəşəm poetik çələngidir:



...Hərdən düşüncələr sarır insanı,

Çayüstü körpülər asma yolumdur.

Bağrıma basmışam Azərbaycanı,

Araz bir qolumdur, Kür bir qolumdur.

Əlvan naxışlısan, doğma məkanım,

Sənə qurban canım, Azərbaycanım!


 Nəğməkar şairin şeirləri və mahnıları ölkəmizin bu gününün və sabahının əsərləri kimi yaşayır.

                    

                                                                         İsa Həbibbəyli  

                                                                                 akademik 

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“Kalaşnikov” yeni avtomat istehsal edəcək

20-08-2018-21-29 Xəbərlər

“Kalaşnikov” yeni avtomat istehsal edəcək

“Kalaşnikov” Konserni yeni avtomat istehsal edəcək.

Dünyada 2 milyard yoxsul insan var

20-08-2018-20-33 Xəbərlər

Dünyada 2 milyard yoxsul insan var

Dünya Humanitar Yardım Günü münasibətilə hazırlanan hesabata görə, hazırda dünya...

Dünya okeanı Yeri təhdid edən viruslara yoluxub

20-08-2018-19-59 Xəbərlər

Dünya okeanı Yeri təhdid edən viruslara yoluxub

Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mi...

İkili skrininq testinin edilməsi üçün ən münasib vaxt hamiləliyin 11-ci həftəsidir

20-08-2018-19-31 Xəbərlər

İkili skrininq testinin edilməsi üçün ən münasib vaxt hamiləliyin 11-ci həftəsidir

Kombinə, yəni ikili test və ya ikili skrininq ana bətnindəki dölün başda xromoso...

Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlığı verib

20-08-2018-18-54 Xəbərlər

Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Hindistan Prezidenti Ram Nat Kovində başsağlığı verib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib

20-08-2018-18-41 Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayr...

Stolüstü tennis üzrə Azərbaycan və İran yığma komandalarının dostluq görüşü keçirilib

20-08-2018-18-22 Xəbərlər

Stolüstü tennis üzrə Azərbaycan və İran yığma komandalarının dostluq görüşü keçirilib

Bakıda Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı çərçiv...

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

20-08-2018-18-06 Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edi...

Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

20-08-2018-17-52 Xəbərlər

 Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Fam...

“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək

20-08-2018-17-36 Xəbərlər

“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək

“Samsung Galaxy S10” smartfonu 2019-cu ilin fevralında Mobil Dünya Konqresində...

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

20-08-2018-17-20 Rəsmi

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirər...

Ermənistanda ictimai-siyasi vəziyyət qeyri-sabitdir

20-08-2018-17-04 Xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət qeyri-sabitdir

NUHÇIXAN xəbər verir ki, Ermənistanın Ararat əyalətinin Artaşat şəhərində biznes...

BMW Macarıstanda zavod tikəcək

20-08-2018-16-44 Xəbərlər

BMW Macarıstanda zavod tikəcək

Almaniyanın avtomobil istehsalçısı – BMW şirkəti Macarıstanın şərqində yerləşən ...

Tibb fakültəsində quruculuq işləri aparılır

20-08-2018-16-22 Xəbərlər

Tibb fakültəsində quruculuq işləri aparılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yerlə...

Naxçıvan şəhərində konsert təşkil olunub

20-08-2018-16-08 Xəbərlər

Naxçıvan şəhərində konsert təşkil olunub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi ...

“Apple” şirkəti Çinin “App Store” mağazasından minlərlə əlavəni çıxarıb

20-08-2018-15-44 Xəbərlər

“Apple” şirkəti Çinin “App Store” mağazasından minlərlə əlavəni çıxarıb

“Apple Inc” şirkəti “App Store” mağazasının Çin versiyasından ölkədə qeyri-qanun...

Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə qarşılaşacaq

20-08-2018-15-27 Xəbərlər

Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə qarşılaşacaq

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçiril...

Nevroloqlar bir sıra xəstəliklərin müalicəsində soyuqdan istifadə ediblər

20-08-2018-15-14 Xəbərlər

Nevroloqlar bir sıra xəstəliklərin müalicəsində soyuqdan istifadə ediblər

Rusiyanın Skolkovo İnnovasiya Mərkəzinin alimləri yeni icad-unikal soyuducu dəbi...

Naxçıvanlı idmançıdan beynəlxalq turnirdə uğurlu nəticə

20-08-2018-15-01 Xəbərlər

Naxçıvanlı idmançıdan beynəlxalq turnirdə uğurlu nəticə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində…

20-08-2018-14-46 Xəbərlər

 “Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində…

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (po...

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası diqqət mərkəzində saxlanılır

20-08-2018-14-31 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası diqqət mərkəzində saxlanılır

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud...

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi başa çatıb

20-08-2018-14-15 Xəbərlər

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr ta...

Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar

20-08-2018-14-01 Xəbərlər

Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən beynəlxalq tur...

Naxçıvanda sabaha olan hava proqnozu

20-08-2018-13-30 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 21-nə gözlənilən hava proqnozu açıqla...

Yeni qurğu dünyanın istənilən yerindən internetə qoşulmağa imkan verəcək

20-08-2018-12-57 Xəbərlər

Yeni qurğu dünyanın istənilən yerindən internetə qoşulmağa imkan verəcək

“Alcatel” şirkəti dünyanın istənilən yerindən internetə sürətli qoşulma üçün “HH...

Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək

20-08-2018-12-44 Xəbərlər

Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm tarixi hadisədir...

İnternetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

20-08-2018-12-30 Xəbərlər

İnternetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib.

Azərbaycan muğamının “Xan”ı

20-08-2018-12-16 Xəbərlər

Azərbaycan muğamının “Xan”ı

Xan Şuşinskinin anadan olmasından 117 il ötür

Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

20-08-2018-11-58 Xəbərlər

Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

Honq-Konq Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar ala...

Prezident İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularını təltif etdi - SƏRƏNCAM

20-08-2018-11-42 Xəbərlər

Prezident İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularını təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Хüsusi Dövlət Mühafizə Хidmətinin...