Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Kənd təsərrüfatı ilə bağlı biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik”.

Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının yaradılması sahəsində ardıcıl tədbirlər görülür. Xüsusilə aqrar sahənin elmi şəkildə inkişafı diqqətdə saxlanılır.

NUHÇIXAN xəbər verir ki, noyabrın 1-də – Kənd Təsərrüfatı İşçiləri Günündə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin yeni inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov çıxış edərək deyib ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunmuş dövlət proqramları kənd təsərrüfatının inkişafına əlavə stimul verib. “Araz” Elm İstehsalat Birliyinin fəaliyyətinin təşkili bu mənada xüsusi əhəmiyyət kəsb edir. Birliyin nəzdində 2 dayaq, 2 sort sınaq məntəqəsi və Yardımçı Təcrübə Təsərrüfatı fəaliyyət göstərir. “Araz” Elm İstehsalat Birliyi torpaq sahəsi, zəruri kənd təsərrüfatı texnikası və avadanlıqlarla təmin edilib. Bu gün istifadəyə verilən bina da birliyin fəaliyyətinin səmərəli təşkili sahəsində görülən işlərin davamıdır. Bəhruz Bayramov yaradılan şəraitə görə muxtar respublikanın kənd təsərrüfatı işçiləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kənd Təsərrüfatı İşçiləri Günü və yeni binanın istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və onların timsalında muxtar respublikanın bütün kənd təsərrüfatı işçilərini təbrik edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm İstehsalat Birliyinin, o cümlədən Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin yeni inzibati binası istifadəyə verilir. 1954-cü ildə Zona Təcrübə Stansiyası kimi fəaliyyətə başlamış “Araz” Elm İstehsalat Birliyi bu gün muxtar respublikada kənd təsərrüfatı sahəsində elmi bazaya malik olan bir təşkilata çevrilib. Sovetlər birliyi dövründə yaradılmasına baxmayaraq ölkəmiz müstəqillik qazandıqdan və torpaqlar əhaliyə paylandıqdan sonra da bu təşkilat öz fəaliyyətini davam etdirmişdir. Ötən dövrdə birliyin maddi-texniki bazası möhkəmləndirilmiş, sınaq əkinlərinin və təcrübə işlərinin aparılması üçün 100 hektara yaxın torpaq sahəsi ayrılmışdır. Ona görə ki, torpağa elmi yanaşma bütün dövrlərdə lazımdır.

Ali Məclisin Sədri deyib: “Araz” Elm İstehsalat Birliyi muxtar respublika ərazisində heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsinin elmi əsaslarını işləyib hazırlamalı, mütərəqqi nəticələri istehsalata tətbiq etməlidir. Nəticə əldə etmək üçün, ilk növbədə, torpağın tərkibi elmi əsaslarla öyrənilməli, hər torpağın növünə və xüsusiyyətinə görə əkin aparılmalıdır. Torpaq mülkiyyətçiləri və fermerlər öz sahələrində hansı bitkinin əkininin daha səmərəli olduğunu bilməlidirlər. Eyni zamanda, heyvandarlıqla məşğul olan fermerlər yerli şəraitə uyğun və məhsuldar cinslərin saxlanılması haqqında məlumatlı olmalıdırlar. Bütün bunlar isə birliyin qarşısında duran əsas vəzifələrdir.

Qeyd olunub ki, yaradılan şəraitin nəticəsində “Araz” Elm İstehsalat Birliyi muxtar respublikamızda kənd təsərrüfatının inkişafı sahəsində elmi bazaya çevrilmişdir. Həmçinin Naxçıvan Dövlət Universitetində aqrar sahə üzrə fakültə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu fəaliyyət göstərir. Bu da imkan verir ki, həm Naxçıvan Dövlət Universiteti, həm də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu “Araz” Elm İstehsalat Birliyi ilə birgə muxtar respublikada heyvandarlığın və əkinçiliyin inkişafının elmi əsaslarını öyrənsin, tələbələr “Araz” Elm İstehsalat Birliyinin istehsalat və sınaq sahələrində təcrübələr keçsin, ixtisaslı kadr kimi yetişsinlər.

Ali Məclisin Sədri deyib: Vaxtilə muxtar respublikada sınaqdan çıxmış məhsuldar toxum sortları olub. Lakin ötən əsrin 90-cı illərinin dağıdıcı prosesləri toxumçuluğa da böyük zərbə vurub, məhsuldar toxum sortlarının bir çoxu sıradan çıxıb. Son illər yerli və məhsuldar toxum sortlarının bərpasına başlanmışdır. Artıq bərpa olunmuş bəzi yerli toxum sortları əkinçilikdə tətbiq edilir və yaxşı nəticələr alınır. Bununla yanaşı, muxtar respublikada toxum sortlarının mühafizəsi üçün ilk dəfə olaraq toxumçuluq bankı da yaradılmışdır. Toxumçuluq bankı sınaqdan çıxarılmış və yerli şəraitə uyğunlaşmış məhsuldar toxum sortlarının, eləcə də bərpa olunmuş toxumların qorunmasına və çoxaldılmasına imkan verir. Çünki keyfiyyətli toxum əkinçiliyin inkişafında başlıca amildir. Artıq muxtar respublikada böyük toxumçuluq təsərrüfatı yaradılıb. “Araz” Elm İstehsalat Birliyi tərəfindən yetişdirilmiş yerli və məhsuldar toxum sortları həmin təsərrüfatda əkilməli və torpaq mülkiyyətçilərinə paylanılmalıdır.

Ali Məclisin Sədri deyib: Hər bir ölkədə aqrar sahə inkişaf etmədən ümumi inkişafı təmin etmək mümkün deyil. Bu səbəbdən də ümummilli liderimiz Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində kənd təsərrüfatının inkişafını daim diqqətdə saxlamış, bu sahədə kompleks tədbirlər görülmüşdür. Azərbaycan aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrilmişdir. Bu gün də ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, torpaq mülkiyyətçilərinə subsidiyalar verilir, aqrolizinq xidmətləri göstərilir, güzəştlər tətbiq olunur, mütərəqqi suvarma sistemləri qurulur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası da sənaye-aqrar respublikasına çevrilmişdir. Muxtar respublikada torpaqlar əkilir, bol məhsul istehsal olunur. İstehsal olunan kənd təsərrüfatı məhsulları isə sənaye müəssisələri üçün xammal bazası yaradır. Bütün bunlar bir daha kənd təsərrüfatının nə qədər vacib sahə olduğunu təsdiq edir. Muxtar respublikanın kənd təsərrüfatı işçiləri, xüsusilə də “Araz” Elm İstehsalat Birliyinin, Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin kollektivləri yaradılan şəraitdən səmərəli istifadə etməli, itirilmiş toxum sortları bərpa olunmalı, yerli torpaq və iqlim şəraitinə uyğun toxum sortları müəyyənləşdirilməli, tətbiq olunaraq çoxaldılmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivlərə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada “Araz” Elm İstehsalat Birliyi üçün 12 iş otağı, eləcə də Şıxmahmud sort sınaq məntəqəsi, “Kəhrəba Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Yardımçı Təcrübə Təsərrüfatı üçün otaqlar, laboratoriyalar, toxum bankı, birliyin kitabxanası, arxiv, elektron lövhəli mühazirə otağı, 98 yerlik iclas zalı, yeməkxana və anbar yerləşir. Kitabxanaya aqrar sahə ilə bağlı elmi ədəbiyyatlar, o cümlədən əkin atlasları qoyulub. Həmçinin binanın birinci mərtəbəsində Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün lazımi iş şəraiti yaradılıb.

Laboratoriyalarda torpağın mexaniki və struktur tərkibini müəyyən etmək mümkündür. Burada quraşdırılan yeni avadanlıqlar torpağın hidroskopik nəmliyini, turşuluğunu, şoran və şorakətliyini, azotun, fosforun, kaliumun və digər mikroelementlərin həcmini, o cümlədən torpağın elektrik keçiriciliyini təyin etməyə imkan verir. Toxumçuluq laboratoriyasında quraşdırılan avadanlıqlar isə imkan verir ki, toxumun təmizlik faizi, cücərmə qabiliyyəti, səpin norması, nəmliyi, tarla şəraitində taxılın un çıxımı, bitki məhsullarının tərkibində nitrat və nitritlərin, toxumda kleykovinanın təyinatı aparılsın. Hazırda “Araz” Elm İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsində kartof və qarğıdalı bitkilərinin qida sisteminin tədqiqinə aid elmi tədqiqat və dissertasiya işləri, Nehrəm Sort Sınaq Məntəqəsində üzüm sortlarının, Ordubad Dayaq Məntəqəsində isə meyvə və giləmeyvə sortlarının qorunub saxlanması ilə bağlı tədqiqatlar aparılır.

Ali Məclisin Sədri “Araz” Elm İstehsalat Birliyində Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələrinin iştirakı ilə təcrübi dərslərin keçirilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə birlikdə yerli və məhsuldar toxum sortlarının bərpası və tətbiqinin davam etdirilməsi, qədim əkinçilik metodlarının elmi şəkildə tətbiqinə başlanılması, birliyin laboratoriyasında torpaq mülkiyyətçilərinə torpaq analizlərinin aparılması üçün lazımi şəraitin yaradılması barədə tapşırıqlar verib.

Binanın həyətində də geniş abadlıq işləri aparılıb, örtülü avtomobil dayanacağı, istirahət guşəsi və anbar tikilib.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
Naxçıvanda Aşura mərasimləri keçirilib
 Naxçıvanda yeni xidmət rəisi təyin edildi
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib
 Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Geriyə
İrəli