Yalçın qayalı, qartallar oylağı Laçın

Yalçın qayalı, qartallar oylağı  Laçın

Rəşadətli Azərbaycan Ordusu  müqəddəs Qarabağ torpaqlarını kəndbəkənd, şəhərbəşəhər azad etdikcə, yalçın qayaları, qartallı dağları təmizlədikcə, sanki fəsillər də yerini dəyişdi. Payız dönüb qələbə müjdəli yaz oldu. Artıq minilliklərdən soraq verən qalalar məskəni, qədim türk yurdu  Laçın da öz əzəli və əbədi sahiblərinə qaytarılır.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın birgə imzaladıqları Bəyanata əsasən müqəddəs Qarabağ torpaqları uğrunda apardığımız müharibə Azərbaycanın parlaq qələbəsi ilə sona çatdı. Müzəffər Azərbaycan ordusunun misilsiz şücaəti ilə darmadağın olan düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməyə məcbur oldu. Bir güllə belə atılmadan geriyə qaytarılan tarixi şəhərlərimiz həm də siyasi arenadakı mütləq qalibiyyətimizin göstəricisidir.

Düşmən məkrinin, çirkin siyasətinin qurbanı olan Laçın 1992-ci ildə işğala məruz qaldı. Bu işğalda 262 laçınlı şəhid oldu, 67-i itkin düşdü. 48 sənaye və 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 təhsil, 142 səhiyyə ocağı dağıdılıb yerlə yeksan olundu. 60 mindən artıq laçınlı odsuz, ocaqsız qaldı. Təkcə maddi sərvətlər beşiyi deyildi Laçın.  Həm də min illərin yadigarı olan maddi-mənəvi sərvətlərimizin də beşiyi idi. Laçın özünün tarixi, coğrafi mövqeyinə görə Azərbaycanın ən qədim və strateji cəhətdən vacib olan yaşayış məskənlərindən sayılır. Laçın torpaqlarındakı daş, qaya rəsmləri, mağaralar, kurqanlar və elmə hələ məlum olmayan çoxlu sayda müxtəlif biçimli qədim qala kompleksləri, bir sıra memarlıq abidələri buranın tarixən qədim türk yurdu olduğundan xəbər verir. Təbii sərvətlərlə zəngin Laçında Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar vardır. Laçındakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da işğal altında qalmaqla məhvə məhkum edildi. 1961-ci ilin noyabr ayında yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, dağkeçisi, çöldonuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri olu. Bu gün tariximizin şanlı və qürurverici günlərini yaşayırıq. Bu qələbə Azərbaycan dövlətinin gücünü, Milli Ordumuzun əzmini dünyaya sübut etdi. Çünki Laçın da işğaldan azad edilir. Laçın da digər əsirlikdən azad edilmiş torpaqlarımız kimi yeni tarixə qədəm qoyur. Yeni günlərin mübarək, Laçın!

Hafizə Əliyeva

                                                 Naxçıvan Televiziyasının əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM