Gözün aydın, Qarabağım, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

Yollarından qara duman çəkildi,

Gözlərimdən həsrət yaşla töküldü,

Düzlərində xarıbülbül əkildi,

Cəbrayıla, Füzuliyə qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Bütövləşdik ürəkdə yumruq kimi,

Zamanı da çəkdik yaya ox kimi,

Xilas etdik biz səni Simurq kimi,

Gözün aydın, şəhər, kəndim, qayıtdıq!

Gözün aydın, Xocavəndim, qayıtdıq!

 

Koroğlu cəngisi çaldı Üzeyir,

Xan qızım da vüsal nəğməsi deyir,

Gəl Cıdır düzünə, biz edək seyr,

Gözün aydın, əziz Şuşa, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Yaralandıq, əyilmədik, sınmadıq,

Otuz ildə Qarabağı danmadıq,

Alov aldıq, kül olmadıq, yanmadıq,

Can Xocalım, biz qayıtdıq, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Üçrəngli bayrağım dağlar başında,

Çöhrəm güldü gözlərimin yaşında,

Əsgər tarix yazdı vətən daşında,

Qubadlıya, Ağdərəyə qayıtdıq.

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Havalanır Xan əminin gur səsi,

Qəlb oxşayır Qarabağ şikəstəsi,

Azərbaycan gülüb ürəkdən desin,

Xankəndinə, Zəngilana qayıtdıq!

Qarabağım, gözün aydın, qayıtdıq!

 

Qarabağ bizimdir, nida! Qayıtdıq!

Sənsiz günə etdik vida, qayıtdıq!

Birdəfəlik gözəl yurda qayıtdıq!

Gözün aydın, Kəlbəcərim, qayıtdıq!

Qarabağım, gözün aydın, qayıtdıq!

 

Sarınacaq yaraların telimlə,

Arınacaq hər qarışın əlimlə,

Daranacaq bulaqların gülümlə,

Ağdam, Laçın, biz qayıtdıq, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Bu sevincin bir adı var, Qələbə!

Məğrurluğun xoş dadı var, Qələbə!

Dağ başında üç odum var, Qələbə!

Milli ruhum, azad çağım qayıtdıq!

Odlar yurdum, Qarabağım, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

                                                        Təranə Arifqızı

                             Naxçıvan Dövlət Radiosunun redaktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM