Vətən müharibəsində ataların arzularını gerçəkləşdirən oğullar... - FOTOLAR

Vətən müharibəsində ataların arzularını gerçəkləşdirən  oğullar...<font color=red> - FOTOLAR</font> Vətən müharibəsində ataların arzularını gerçəkləşdirən  oğullar...<font color=red> - FOTOLAR</font> Vətən müharibəsində ataların arzularını gerçəkləşdirən  oğullar...<font color=red> - FOTOLAR</font>

Ali Baş Komandan İlham Əliyev yenilməz sərkərdə bacarığı, Azərbaycan əsgərinin vətən sevgisi,döyüşkənliyi 30 illik həsrətə 44 gün ərzində son qoydu. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edən oğullardan biri də  Naxçıvan şəhərinin Əliabad qəsəbə sakini Ziya Quliyevdir. Ziya deyir ki, Vətən sevgisi mənə uşaqlıqdan aşılanıb. Atam Yadigar Quliyev 1994-cü ildə birinci Qarabağ müharibəsində Ağdam döyüşlərində  iştirak edib. O vaxt mənim 2 yaşım olardı. Böyüdükcə atamın torpaq həsrəti içimdə böyüdü. Onun döyüşdən bəhs edən videolarına baxdıqca qəti qərara gəldim ki, atamın yolunu davam etdirəcəyəm.

Ziyanı  2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmağa vadar edən bir amal olub - hərbçi olaraq Vətənin keşiyinə yollanmaq,    işğal altında olan torpaqlarımızı azad etmək.

 Elə bu məqsədlə də 2010-cu ildə Azərbaycan Ali Hərbi məktəbinə daxil olub, 2014-2015-ci illər arasında Silahlı Qüvvələrin təlim-tədris mərkəzində təhsilini davam etdirib.  2015-ci ildə leytenant rütbəsi alan  Ziya  Qusardakı “N” saylı  hərbi  hissədə xidmətə başlayıb. Qəlbində mənfur düşmənin tapdağı altında olan torpaqlarımızı azad etmək  tapşırığını  həsrətlə gözləyib.

2016-cı ildə Aprel döyüşlərində Ziyanın da iştirakı və qazanılan qələbə Qarabağ müharibəsində Azərbaycan Ordusunun zəfər tarixinin başlanğıcını qoydu. 4 günlük bir tarix Ermənistan da daxil olmaqla bütün dünyaya anlatdı ki, siz istəsəniz də, istəməsəniz də, işğal altında olan torpaqlar ermənilərdən geri alınacaq.     

Ziya Quliyev Aprel döyüşlərindən qayıtdıqdan sonra 2017-ci ildə Tərtərdəki “N” saylı hərbi hissədə, düşmənlə təmasda olan postda  xidmətini davam etdirib.

“2017-ci ildən Tərtərdə xidmət etdiyim müddətdə düşmən tez-tez atəşkəsi pozur, bizim  postları, düşmənlə yaxın ərazidə yerləşən kəndləri atəşə tuturdu. Təbii ki, cavab atəşi ilə onları yerlərinə oturdurduq. Bir gün  baş verən hadisə qəlbimizi qisas hissi ilə alovlandırdı. Mənfur düşmən atəşkəsi pozaraq postda dalğalanan bayrağımızı atəşə tutdu. Bayrağımız mərmi yarası aldı. Bunu görən şəxsi heyət hər an düşmənin üzərinə atılmağa hazır idi. Amma biz atəşkəsi pozmadıq, vaxtın, zamanın yetişməsini gözlədik.  O gün yetişdi. 2020-ci il sentyabrın 27-də biz əks-hücum əməliyyatına başladıq. Hər kəs ruh yüksəkliyi içərisindəydi. Hər kəsin simasında gülüş, sevinc hissi var idi, cəsarət var idi. Qürur hissi ilə hücuma keçmişdik. Torpağımızı yağı düşməndən təmizləyəcəkdik. Bayrağımız  doğma torpaqlarımızda dalğalanacaqdı”,- deyən baş leytenant qürurla zəfər tariximizin başlandığı gündən  danışır: 27 sentyabr səhər saat 7 radələrində artilleriya hücumu ilə başladı. Artilleriya hücumundan sonra növbə bizə gəlməliydi ki,  piyada şəklində hücuma keçək. 1 saat davam edən artilleriya hücumundan sonra bizə komanda verildi, Tərtər-Ağdərə istiqamətində hücuma keçdik. Düşmən mövqesinə yaxınlaşırdıq və onlar itki verə-verə geri çəkilirdilər. Bu zaman   snayper atəşi ilə məni vurmağa başladılar. Snayperin birinci tapşırığı budur ki, ya komandir, ya rabitəçi vurulsun. Mən də həm rabitəçi, həm komandir olduğum üçün  birinci düşmən məni nişan aldı”.

Başından ağır yaralanan Ziya təxliyə olunaraq Tərtər xəstəxanasına yerləşdirilir. Bərdə və daha sonra isə vəziyyəti ağır olduğuna görə Gəncə hospitalında müalicə alır. Qəhrəmanımız 15  gün  hospitalda yatdığı müddətdə bir an belə cəbhəni unutmur, amma ona yenidən cəbhəyə qayıtmağa icazə vermirlər. Ziya isə hospitaldan çıxan kimi “mən vətənə lazımam” deyir və cəbhəyə, Suqovuşan, Talış istiqamətinə, döyüş yoldaşlarının yanına yollanır.

“Geri qayıdanda Suqovuşanla Talış kəndi işğaldan azad olunmuşdu. Amma yenə də döyüşlər  davam edirdi. Bizim tapşırığımız oranı əldə saxlamaq idi. 30 il düşmən tapdağında olan Suqovuşan, Talış kəndlərində dalğalanan üçrəngli bayrağımıza baxanda qürur hissi yaşayırdıq. Suqovuşandakı anbara, məktəbə, viranə qalmış tikililərə baxdıqca bizi həm qəhər boğurdu, həm də sevinc hissi ilə başıdik, məğrur dayanırdıq”.

Bəli, ata döyüşdü, məğlub kimi geri qayıtdı. Onun 30 ildir ki, qəlbində düyün bağlamış Qarabağ yarasına isə oğlu Ziya kimi igid oğlanlarımız məlhəm oldu. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin döyüşçüləri qalibiyyət əzmi ilə döyüşə girdilər və   zəfər çaldılar.

Prezident İlham Əliyevin 18 dekabr tarixli sərəncamı ilə quru qoşunların hərbi qulluqçusu Ziya Quliyev  də “Cəsur döyüşçü” medalı ilə təltif edildi. Cəsur döyüşçü bir neçə gündən sonra işğaldan azad edilmiş torpaqlarımızda xidmətini davam etdirməyə yollanacaq.  Vətən sizin kimi cəsur oğullara əmanətdir. Qalib Ordunun qalib zabiti, uğur olsun!

                                                                Hafizə Əliyeva

Naxçıvan televiziyasının əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM