İbrahim Yusifoğlunun dil və üslub xüsusiyyətləri

İbrahim Yusifoğlunun dil və üslub xüsusiyyətləri

Azərbaycan ədəbi mühitinin bir qolu olan Naxçıvan ədəbi mühiti qədim zamanlardan indiyə qədər şərəfli bir tarixi yol keçib, bu prosesdə təkmilləşərək yeni keyfiyyətlər əldə edib, dil-üslub xüsusiyyətləri baxımından xeyli dərəcədə zənginləşibdir.

Xalqın ədəbi örnəkləri onun mənəviyyat və mədəniyyətini əks etdirən qaynaqlardan biridir. Bir tərəfdən də zamanın, cəmiyyətin güzgüsü rolunu oynayan ədəbiyyat məxsus olduğu xalqın seçkinliyini, milli-mənəvi özəlliklərini təzahür etdirə bilmək xüsusiyyətinə malikdir. Bu mənada, bütün Şərq ədəbi-bədii uğurlarına töhfə verən, zəngin ideya-mənəvi sanbala malik Azərbaycan ədəbiyyatının bir hissəsi də Naxçıvanda yaranıb  və hazırda yaşamını davam etdirir.

Naxçıvan ədəbi mühiti milli zəmində yaranmış zəngin və qədim bir irsə dayanır. Bu mühitdə yaranan əsərlər yaşarı cəhətləri ilə seçilir. Bu baxımdan, qədim diyarın, Şərur mahalının Axura kəndində dünyaya göz açan, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü, 30 adda şeir və nəsr kitablarının müəllifi İbrahim Yusifoğlunun poetik dili üzərindəki araşdırmalar həmin mühitin üslub özəlliklərini səciyyələndirmək üçün kifayət qədər material verə bilir. Hələ 2004-cü ildə Xalq yazıçısı Hüseyn İbrahimov deyirdi: “İbrahim Yusifoğlu xoşuma gələn şairdir. Çünki nə yazırsa, ürəkdən yazır, şeirləri isə özü kimi səmimidir” (3, 3). Doğrudan da, şairin bütün sözləri səmimiliyi ilə seçilir:

Rəngi solmuş köynəyimin ucbatından

Şeir gecəsində baxa bilmədim

Göygöz qızın gözlərinə!

Şeirlərimi oxucaq,

Qızlar qərənfil gülləri taxdılar

Köynəyimin süzülən yerinə.(6, 17).

Bu şeir forması ilə deyil, məzmunu ilə Nüsrət Kəsəmənlinin aşağıdakı misrasını yada salır:

Utanırdım dost köynəyi geyəndə.

İbrahim Yusifoğlu Naxçıvan ədəbi mühitində yaxşı tanınan, səsi, sorağı bu qədim diyarın sərhədlərini aşan şairlərdəndir. Buna baxmayaraq o, özündən razı deyil, düşünür ki, hələ öz sözünü deməyib, ürəyindən keçən şeiri yazmayıb:

Qırx ildir, qələmlə külüng çalıram,

Hələ Fərhad arxı qazmamışam mən.

Göylərdən, yerlərdən ilham alıram,

Hələ öz şeirimi yazmamışam mən (6, 99).

İbrahim Yusifoğlu ana dilimizə yüksək münasibətdə olan şairlərdəndir. O, dilimizin leksik-qrammatik vahidlərinin üslub mənzərəsini yarada bilir və onları sürətlə müxtəlif məqamlarda işlətməyi bacarır. Bu prosesdə, sözsüz ki, üslub normaları sabit qalmır,  “...dilin üslubi norması da dəyişir, həm də dilin digər vahidlərinə nisbətən daha tez və sürətlə dəyişir” (1, 28). Belə dəyişmələr sözlərin gizli anlamlarını üzə çıxarmaqda çox faydalıdır. Bu baxımdan, İbrahim Yusifoğlunun dilindəki bir sıra ifadələr üslub keyfiyyətinə görə seçilir:

                           Heç nə qalmayıbdı kövrəkliyimdən,

Qaynayıb qurudu gileylərim də.

Bir xeyir görmədim söz əkməyimdən,

Yellərə sovruldu ay, illərim də. (6, 101).

Buradakı “söz əkmək” ifadəsi şairin öz qələminə xas olan maraqlı və orijinal dil-üslub faktlarından biri kimi diqqəti çəkir. Şairin dilindəki “bəla əkmək” ifadəsi də vardır:

Boy atdım dərdimlə yeni biçimdə,

Gördüm torpağıma bəla əkiblər (6, 19).

Şairin dilində “qonaq düşmək” ifadəsi də üslubi mövqeyinə görə seçilir. Dilimizdə “qonaq olmaq”, “qonaq gəlmək”, “qonaq getmək” kimi ifadələrlə tez-tez qarşılaşsaq da, İbrahim Yusifoğlunun poeziyasında “qonaq” ismi “düşmək” feli ilə işlənərək frazem yaratmışdır ki, onu müəllifli frazeologiya faktlarından biri hesab etmək olar. Qrammatik çərçivədən kənara çıxan bu ifadə üslub çalarına görə fərqlənir:

Dilimdə bir kövrək şərqi səslənir,

Ocaqlar gəzirəm, qonağı düşəm.

Hələ ki şərqimtək bəxtim təklənir,

Obalar dolaşan dərdli dərvişəm (6, 39).

İbrahim Yusifoğlu haqlı olaraq sözlərə güvənir, onların qüdrətinə inanır. Lakin bəzən sözlərin hiss və duyğuları ifadə etməkdə aciz olduğunu da vurğulayır:

Dünyaya məhəbbət, sevgi yayanlar,

Bu daş ürəklərə yol tapa bilmir.

Sözlə ürəkləri ovsunlayanlar

Sevdiyi gözəllə dil tapa bilmir (6, 19).

         Sözlər, həm də şairin dostudur:

Görcək tək qalmışam, dupduru sözlər,

Nur kimi qəlbimə axıb dolurlar.

Tək anın dostları, şipşirin sözlər

Misraya çevrilib şeir olurlar (6, 103).

Akademik İ.Həbibbəyli şair haqqında yazdığı “İbrahim Yusifoğlunun poetik dünyası” adlı məqaləsində deyir: “İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və məhsuldar nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir” (2, 591). Bu axarlı ilhamın nəticəsidir ki, şairin dilində obrazlılığın müxtəlif səviyyələrdə göstəricilərindən bol-bol istifadə olunubdur. Bu anlamda, fonetik obrazlılıq göstəricisi kimi assonans və alliterasiyanın geniş imkanları diqqəti cəlb edir:

Hər günü tay ilə bilsən,

Dərdi qəlbdən silə bilsən,

Ömrü ömür bilə bilsən,

Yaşadığın yaşa dəyər (6, 88).

Şairin “Mənə söz deməyə söz vermədilər” misrasında da təkrar sözlərin üslub keyfiyyəti qrammatik məqamdan yüksəyə qalxır.

İbrahim Yusifoğlu poeziyasının bəzəyi sözdür, mənadır və səmimiyyətdir. N.Qilyeviçin fikirlərinə əsaslansaq, bədiiliyin dil ilə sıx bağlılığını bir daha təsdiq etmiş olarıq: “Axı inkaredilməz bir həqiqət var: dil olmadan ədəbiyyat yoxdur və ola bilməz. Əsərin bədii səviyyəsi bilavasitə yazıçının dil ustalığından, onun lüğətinin zənginliyindən və canlılığından, ifadəsinin səs təbiiliyindən asılıdır” (4, 9). Bu baxımdan, İbrahim Yusifoğlunun sözə münasibəti yüksəkdir. Ona görə ki, sözlər şairin ən böyük var-dövlətidir:

Həyatda gördüyüm üzlər olubdur,

Dövlətdən var-yoxum sözlər olubdur (6, 93).

Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar “Badam ağacında bənövşə çiçəyi” adlı məqaləsində yazır: “İbrahim kədərini, qəmini sözə çevirib onu əzizləyən şairdir”. Öz kədəri, qəmi olmayan şairin şeirləri də sönükdür, buz kimi soyuqdur. Şairin könül dünyası ilə yaxından tanış olmaq üçün onu duymaq, başa düşmək gərəkdir.”(5,10).

İ. Yusifoğlu  bəzən sözlərlə bağlı təəssüfünü də bildirir:

Baxmayın bahara, baxmayın yaya,

Gül kimi sözləri axıtdım çaya.

Baxın qismətimə siz düşən paya,

Payız bazarında satacam baha,

Payız şeirləri yazacam daha (6, 104).

Şeirin fəsli olmur, onu ilin fəsillərinə bölmək mümkün deyil. Lakin İbrahim Yusifoğlu “payız bazarı”, “payız şeirləri” ifadələrini elə gözəl üslub məqamında işlədir ki, onların real olduğunu düşünürsən:

Nədəndi, ürəyim boşalır, dolmur,

Ürəkdə ilk sevgi saralıb solmur.

Ömrün payızında ilk sevgi olmur,

Ötən xatirələr çevrilir “ah”a,

Payız şeirləri yazacam daha (6, 104).

Şairin 50 illiyində yazdığı şeirlərin birində daha yeni bir ifadə - “payız sərgisi” adlı sintaktik vahidlə qarşılaşırıq:

Ömrüm payız sərgisidi,

Qazancım söz dərgisidi.

Köksümdə el sevgisidi –

Gəlib çatdım əlli yaşa (6, 152).

1990-cı ildən başlayaraq ictimai-siyasi hadisələrlə bağlı olaraq ədəbiyyata yeni mövzular daxil oldu. Onlardan biri də Xocalı mövzusudur. Xocalı haqqında çox sözlər deyilib, çox əsərlər yazılıb. Onların zirvəsində Zəlimxan Yaqubun “Xocalım” şeirinin dayanması haqqında fikirlər vardır. Lakin ritminə, axıcılığına və içdən gəldiyinə böyük bir inam ifadə etməsinə görə  İbrahim Yusifoğlunun “Xocalım hey...” şeiri geridə qalmır, həmin mövzuda yazılmış əsərlərin çoxundan irəliyə keçir:

Üzlərə baxmağa gözüm utanır,

Təsəlli verməyə sözüm utanır.

Halına yanmağa üzüm utanır,

Namərdlər əlində qalan torpağım,

Xocalım, hey Xocalım... (6, 29).

Naxçıvan ədəbi mühitində, o cümlədən İbrahim Yusifoğlunun yaradıcılığında dildəki sözlərin hələ araşdırmalara cəlb olunmamış məqamları ilə qarşılaşmaq mükündür. Məsələn, aşağıdakı misralarda say məzmunu ifadə edən sözlərin birliyi diqqəti çəkir:

Kimsədən mərhəmət gözləmirsiniz,

Taledən şikayət eyləmirsiniz.

Nədən bütöv nəğmə söyləmirsiniz –

Sözü “cik-cik” boyda olan sərçələr! (6, 33).

Məlumdur ki, sözlərin birləşməsini sintaktik təhlilə cəlb etmək asandır. Yəni bəzən morfoloji təhlildə çətinlik törədən dil faktları sintaksisdə asanlıqla elmi-nəzəri və praktik cavabını tapa bilir. Yuxarıdakı şeirin son misrasında  “cik-cik” boyda” birləşməsi, əslində “nə qədər” sualına cavab olaraq kəmiyyət bildirir. Bu cəhətdən aşağıdakı örnək də səciyyəvidir:

Nə yaxşı ki, sənin də

Ürəyin çox həlimdi.

İnciməyin, küsməyin

Bircə anlıq gəlimdi (6, 110).

Leksik-qrammatik baxımdan mübahisəli olan belə dil vahidləri Məmməd Arazın dilində də bol-bol işlənib. Dilimizdəki, “dünya boyda”, “anam qədər” kimi onlarla belə birləşmələr var ki, onlar bütövlükdə məntiqi baxımdan say ilə əlaqəlidir. Lakin morfoloji təhlillərin predmeti birləşmələr deyil, ayrı-ayrı nitq hissələri olduğundan bu haqda konkret söz demək olmur. Araşdırmalar göstərir ki, morfoloji təhlillərin predmetinə yeni prizmadan baxmaq lazımdır. İbrahim Yusifoğlunun poetik dilində belə maraqlı dil vahidlərinin sayı az deyil:

Ədaləti çatdırmağa

Dünya boyda sözün varsa ... (6, 116).

 

Gözündəki dəniz boyda sevincin

Hər bir kəsin nəzərindən qaçmadı (6, 237).

İbrahim Yusifoğlunun tənqidi də özünəxasdır və təzadlarla zəngindir:

On ilə on sözü yaza bilməyən

Millətə əlifba tətbiq eyləyir.

Köksünü yad sözə lövhə eləyən

Bu gün millilikdən şeir söyləyir (6, 80).

İbrahim Yusifoğlunun “Xəzər dənizinə açıq məktub” adlı bir şeiri vardır. Bu əsərdə onun vətəndaşlıq qeyrəti və cəsarəti ilə dediyi həqiqi mənalı sözlərin məcaz anlamı daşıyan sözlərlə qrammatik əlaqəsi o qədər möhkəmdir ki, adi sözlərin məntiq baxımdan yüksəyə qalxması təbii proses kimi diqqəti cəlb edir: 

Xəbərlərdən eşidirəm,

Sərvətin, varın daşınır.

Utanıram sənə yazam,

Mənim də əlim qaşınır (6, 115).

Dilçi alim, professor Y.Seyidovun gözəl bir kəlamı vardır: tənqid sağlam mövqedən olmalıdır. Fikrimizcə, tərifin də sağlam mövqeli olması zəruridir. Və İbrahim Yusifoğlu da bu fikirdədir. Onun əsərlərinin birində yeni-yeni şeir yazanları lazımsız alqışlarla yolundan döndərənlər incə bir şəkildə tənqid edilir: 

Hələ ki pöhrədir, qol-budaq atır,

Söz qoşur, azacıq istedadı var.

Şeirinin tamında özgə dadı var,

Alqış dedirtməyin siz bu uşağa,

Alqış yedirtməyin siz bu uşağa(6, 117).

         İbrahim Yusifoğlu şeirlərini, əsasən, heca vəznində yazır. Lakin onun poeziyasında sərbəst şeirin gözəl örnəklərinə də rast gəlmək olur. Məlumdur ki, heca vəzni şeirin qüsurlarını az-çox örtə bilir, yəni burada səslənmə, qafiyə, bölgü, ritm bəzən mənadan uca olur. Lakin sərbəst şeirdə bu, mümkün deyil. Burada qafiyə, ölçü, bölgü ikinci plana keçdiyindən əsas yük mənanın üzərinə düşür. Ona görə də belə şeirlər mənasız olduqda diqqətdən kənarda qalır. İbrahim Yusifoğlunun mərhum yazıçı Rafiq Babayevə müraciətlə yazdığı “Qəribəlik” şeiri epikliklə lirikliyin vəhdətində deyilmiş mənalı fikirlərlə zəngindir və oxucunu düşünməyə vadar edir:

Günəş görünəndən

Odlu ehtirasla

Yerin qəlbini dağlayırdı.

Bir dəstə qara bulud

Onları ayırdı.

Baxırsan – təbiət beləcədir:

Qarası qara,

Ağı ağdır.

Bəs niyə həyatda

Hər işindən, yerişindən,

əməllərindən

qaralıq yağan

bəzi adamların

sifətləri ağappaqdır ?(6, 193).

Naxçıvan ədəbi mühitini təmsil edənlərin bir nümayəndəsi kimi İbrahim Yusifoğlu qələmi ilə bir tərəfdən Azərbaycan ədəbiyyatına, digər tərəfdən ədəbi-bədii dilimizə xidmət edərək bir sıra yeni ifadələrin müəllifi kimi poetik dilimizin inkişafında müəyyən qədər rol oynamışdır. Onun qələmindən çıxan şöhrətdən tələ qurmaq, borc dənizi, yaddaş varı, incik duman, yaşamaq tərəzisi, hörmətə naz, dəli kövrəklik, məhəbbət gülləri, qismət ləli, ömür gəmisi kimi onlarla  ifadələr uğurlu dil vahidləri kimi bədiiliyi ilə seçilir. Şairin:

Yad əllərdə inildəyən

Torpaq, düşmən yeri deyil (6, 116) –

misrası aforistik məzmunu ilə seçilən fikrin ifadəsi baxımından dəyərli və uğurlu dil faktorudur. İbrahim Yusifoğlunun dil-üslub xüsusiyyətləri ilə bağlı araşdırma təsdiq edir ki, Naxçıvan ədəbi mühitini təmsil edənlərin ədəbi dilimizin üslub keyfiyyətləri, lüğət ehtiyatları,  yeni söz-ifadə yaradıcılığı faktları ilə zənginləşməsində özünəxas töhfəsi vardır.

 

Sədaqət Həsənova

Filologiya elmləri doktoru, professor

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM