Həsrətin sonu, yaxud yeni ümidlərin başlanğıcı

Həsrətin sonu, yaxud yeni ümidlərin başlanğıcı

1992-ci il ürəkdən keçənlərin təsviri....

70 il ayrılıq çəkmək heç də asan məsələ deyildi.

Bir-birinə uzaqdan baxasan, nəfəs qədər yaxın, amma məftil qədər uzaq olasan. Eyni yerdə dayanasan. Eyni yerdə durasan. Nə toxuna biləsən. Nə qucaqlaya biləsən. Nə də ki, buna imkan verələr. Çəpərləyələr hər tərəfi... Əlini atmaq istəsən, əlin qanasın, ayağını atmaq istəsən, dizin... Acı çəkməyin, cəza verməyin bundan ağır yolumu var? Buna intizar deyirlər. Qarşındadır, amma ona toxunmağa, əlini uzatmağa icazən belə yoxdur. Sadəcə baxmaqla kifayətlənirsən. Hətta baxmaq  üçün icazə belə alırsan. Üstəgəl “buyur, doyunca bax” sözünü də verirlər. Arxayınsan ki, baxmaq haqqını tanıdıqları üçün gözlərini də heç kim çıxarmayacaq. Şübhəsiz ki, baxıb həsrətini daha da böyütmək üçün bu variantı məqbul sayıblar. Səs də eləmirlər, mane də olmurlar. Eyni qandan, eyni candan eyni kökdən doğma qədər yaxın, qardaş olsan da o “sarılmaq” fürsətini sənə çox görürlər. Elə baxa-baxa, yana –yana beləcə 70-illik həsrətə düçar olursan. Gözlərin illərin həsrətli yolunu çəkir. Ümid edir ki, nə vaxtsa başının üzərini alan qara duman çəkiləcək, çəpərlər söküləcək. “Ümid yolu” bu yolla səni qovuşduracaq. Sən ümidini dilinin ucuyla səsləyib, bax lap yaxınındakı Sədərəkdən yol alassan. Birləşən könüllər... Kəsişən diləklər...Yol alıb, qol-boyun olacaq iki qardaş... İllərin həsrətini bir göz qırpımında siləcək, mehribanlıqların əsası qoyulacaq. O gün hər kəs sevinəcək. Ən çox da naxçıvanlılar. Həsrətləri bitəcək. Yerimək, yol almaq üçün çıxışları təmin olunacaq. Qardaşına qovuşacaq, qəlblərindəki nisgilləri sevincə körpü salacaq. Ümid olacaq hər üzülən qəlbə. Yeni-yeni arzular doğacaq bu körpüdən. İki qardaş- Azərbaycan və Türkiyə əlaqələri bərpa olunacaq. Kimlər-kimlər keçməyəcək, ötməyəcək bu körpüdən? 70 illik həsrətin sonu gələcək. Və bu son Naxçıvan və Türkiyənin böyük  “Ümid” lərlə atdığı addımların yeni başlanğıcı olacaqdı...

70 ilin həsrətinə qardaşlıq protokolu ilə son qoyulur...

1992-ci il 22, 24 mart tarixləri arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Heydər Əliyev  Türkiyəni ziyarət edir.  Sovet dönəmindən sonra qardaşlıq, dostluq münasibətlərinin bərpa olunması üçün düşünülmüş bu səfər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin bərpa olunması üçün atılmış ilk addım idi. Və bu addım ulu öndərin təklifi ilə baş tutur. Uzun ayrılıqdan sonra yenidən qardaşlıq münasibətlərimizin əsası qoyulur. Əhəmiyyəti olduqca böyük olan bu səfər çərçivəsində əməkdaşlıq protokolu imzalanır. Tarixin acı reallıqları içərisində itirilmiş dostluq, əməkdaşlıq, yadlaşmış qonşuluq, unudulmuş tarixi və mədəni əlaqələrin bərpasını təmin edən bu protokolda bir çox məqamlar öz əksini tapır. Belə ki, 1-ci bənddə yazılır: Türkiyə Cümhuriyyəti hökuməti Naxçıvan Muxtar Respublikasının Kənd təsərrüfatı, sənaye, qida və istehlak malları, nəqliyyat, telekommunikasiya, tikinti və turizm kimi sahələrdəki zəruri ehtiyaclarını təmin etmək üçün bütünlükdə 100 milyon dollarlıq bir kredit təsis edəcəkdir. Protokolun 4-cü bəndində isə qeyd edilir: Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu və avtomaşın yolu şəbəkəsinin təsis edilməsi üçün davam edən işlər sürətləndiriləcək və körpü tikintisi ən qısa vaxtda bitiriləcəkdir. 13 bənddən ibarət olan həmin protokolda digər sahələrin də faəliyyət prinsipləri öz əksini  tapır.

Ankaradan Naxçıvana gələn ilk təyyarə

28 may 1992-ci il. Saat 11.30-dur. Naxçıvan aeroportu Ankaradan gələn ilk təyyarəni qəbul edir. 737-400 nömrəli həmin təyyarədə 155 nəfər təşrif gətirmişdi. Onların arasında Türkiyə hökumətinin nazirləri, jurnalistləri, millət vəkilləri, məmurlar vardı.

...Bir azdan Baş nazir Süleyman Dəmirəli gətirən təyyarə yerə enir. Təyyarənin pilləkəni yanında hörmətli qonağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev və digər rəsmi şəxslər qarşılayır. Süleyman Dəmirəl və Heydər Əliyevin qısa mətnindən sonra xalqımızın adətinə uyğun olaraq qonağın ayaqları altında qurban kəsilir. Milli geyimli qızlar qonağa gül-çiçək təqdim edirlər.

Hörmətli qonaqların və naxçıvanlıların əyləşdikləri avtomaşın karvanı  Sədərək yaxınlığında Araz çayı üzərində Türkiyə və Naxçıvan Muxtar Respublikasının sərhədində tikilən həsrət körpüsünə yola düşür...

Xatırlatma: Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı ümid körpüsünün tikintisi yazının əvvəlində də qeyd edildiyi kimi hələ 2 ay bundan əvvəl 1992-ci ilin martın 22-dən ulu öndər Heydər Əliyevin Türkiyə rəsmi səfərində qərara alınmışdı.

Yüksək səviyyədə keçirilən həmin qardaşlıq görüşündə Türkiyə ilə Naxçıvan arasında  müqavilə imzalanır. Qarşılıqlı razılaşmaya görə Türkiyə və Naxçıvan sərhədində Araz çayı üzərində yeni körpünün inşa olunması qərara alınır. Və görüş çərçivəsində ulu öndər Heydər Əliyev Baş Nazir Süleyman Dəmirəli Naxçıvana dəvət edir və bildirir ki, körpünün açılmasında sizin iştirakınız naxçıvanlılar və türk xalqı üçün böyük bir hadisə olar.

Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışından bir neçə gün sonra körpünün tikintisinə başlanılır.

Hər bir uğur, qələbə, müvəffəqiyyət “Ümid” lə başlayır...

2 aya başa gələn körpünün tikintisi 28 mayda qələbə sevinci ilə başa çatır. Müvəffəqiyyət illərinin başlanğıcı qoyulur, yeni ümidlər doğulur. Üzlər sevinir, qəlbdən keçənlər həyata keçir. Yola düşən avtomaşın karvanı körpüdə eniş edir, alqışlar səslənir. Körpü boyu Sədərək tərəfdən naxçıvanlılar, İğdır tərəfdən türk qardaşlarımız Avropa və Asiyanı birləşdirən sərhəd xəttindən bir-birini təbrik edərək bu günün sevincini paylaşırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev mikrofona yaxınlaşır. Alqış səsləri ətrafa yayılır.

“Hörmətli Baş nazir Süleyman Dəmirəl, hörmətli baş nazirin yardımçısı Ərdal İnönü, hörmətli Türkiyə bakanları, hörmətli Türkiyənin millət vəkilləri, əziz və hörmətli türkiyəlilər, azərbaycanlılar, naxçıvanlılar, Azərbaycan türkləri! Bu gün bu qocaman Araz çayı üzərində qədim türk diyarında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verib.

Türkiyə ilə Azərbycan, Naxçıvan arasında ümid körpüsü, həsrət körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz nəhrinin o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. 

İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilmişdir.  Mən sizi bu hadisə münasibətilə ürəkdən təbrik edirəm”...

Körpünün təkcə hər iki ölkəni coğrafi cəhətdən birləşdirmədiyini önə çəkən Süleyman Dəmirəl “Ümid körpüsü”nün əhəmiyyətinə yüksək qiymət verərək vurğulayır: “Bu körpü təkcə Azərbaycanla Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında da körpüdür. Avropa və Asiya ölkələrinin qarşılıqlı, faydalı əlaqələrinə xidmət edə bilər”.

9 iyun tarixində isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan edildi. Və  bununla da müvəffəqiyyətli əlaqələrimiz, iqtisadi potensial gücümüz həsrətində olduğumuz Ümid körpüsü ilə başlayan bu əlaqələr bir millətin iki dövləti arasında qurulan və bundan sonra da heç kəsin qopara bilməyəcəyi qardaşlıq bağlarının böyük təntənəsi idi... Ardı gələn yazımızda...                  

Türkan Hüseynli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM