Göz yaşından doğan QİSAS

Göz yaşından doğan QİSAS

Xocalı... Yaralı yerimiz Qarabağ idisə, qanayan yaramızdır Xocalı... Qürurumuzun, ləyaqətimizin təhqir olunduğu, insanlığın utanc anıdır Xocalı...

1992-ci il... Fevral... 26 rəqəmi... İlahi, insan təqvimdən, ildən, aydan utanarmı?! Biz utandıq! Donan, vəhşicəsinə qətl edilən, dünyaya göz açmamış yaşamaq haqqı əlindən alınan körpələrdən, ağ duvaq nəsibi olmayan qızlardan, əlinin xınası qanlı palçığa qarışmış gəlinlərdən, yeriməyə taqəti qalmayan, övladlarına yük olmamaq üçün “məni buraxın, siz qaçın” deyən ahıllarımızın ah-naləsindən, övladı qucağında donan-düşmən əlinə keçməsin deyə əli ilə övladını boğan anaların səssiz fəryadından utandıq! Biz Sizin qisasınızı ala bilməməkdən utandıq, xocalılılar!..

Yağı düşmən nə düşünürdü?! Bütün dünya kimi bizim də sonsuzadək gözümüzü, qulaqlarımızı bağlayıb, haqq səsimizi öz fəryadımızda boğacağımızımı?! Təbii ki, çox yanılırdılar, həm də çox! Vaxt yetişdi, vədə çatdı! İlbəil daha da azğınlaşan, iştahı daha da qabaran, insan qanına gözü doymayan qarı düşmənə dur deməyin məqamı idi!

Bəli, daşıya bilmədiyimiz vicdan yükü, namus yükü, intiqam yükü ağır idi! Dözə bilmirdik! Amma bilirdik ki, hər şeyin vaxtı var! “Haqq nazilər üzülməz” deyib atalar. Tapdalanan haqqımızı, əlimizdən alınan mənəviyyatımızı geri almağın, bizim olanı bizə qaytarmağın vaxtı çatmışdı! Artıq heç bir güc bizim Xocalının, xocalılıların və müxtəlif tarixlərdə vəhşicəsinə həyatına son qoyulmuş doğmalarımızın qisasını almağımıza mane ola bilməzdi! Şəhidlərimizin qanı yerdə qala bilməzdi! Xocalıya ədalət şüarımızı məhz özümüz reallaşdırmalı, ədaləti biz bərpa etməli idik!

Kimsə saxlaya bilərdimi ailəsi gözü qarşısında işgəncələrə məruz qalan, təhqir olunan, qətl edilən oğulları?! Dur demək asan idimi körpəlikdən Qarabağ laylası ilə böyüyən igidlərə?! Əsla!

Faciədən, soyqırımdan doğan qisas daha böyük olurmuş! Qeyrətdən, təəssübdən, nifrətdən doğan intiqam hissi daha qarşısıalınmaz olurmuş! Ana Vətənin çağırış harayı evdəki körpənin-ata, getmə!- sözündən daha ötkün olurmuş! Qucaqda-qundaqda qaçqın düşən oğulların tank üstündə qayıdışı daha möhtəşəm olurmuş!

Ali Baş Komandanına arxalanan, xalqına, ordusuna güvənən, xalqı üçün, namus, qeyrət davası üçün canını qurban deyən, şəhadəti qürur sayan oğullar idi 44 günlük DASTAN yazan! O oğullar ki, hər gün düşmənlə üz-üzə dayanıb ədalətin bərpa olunacağı günü gözləyirdi! O oğullar ki, qız-gəlin qarşısında başı aşağı dayanıb öz-özünə hər saniyə- kaş ki, “irəli” əmri bu gün verilərdi- deyə düşünürdü! O oğullar ki, məhz nə vaxtsa Xocalının qisasını almaq eşqilə o kişilik rəmzi libasları-hərbi formaları geyinərək üçrəngli bayrağımıza and içmişdilər! Onlar-məhz o oğullar yazdı qələbə dastanımızı! Hər addımında Allaha arxalanan oğullar! Döyüşdə belə mərdlik, ləyaqət göstərərək- sən ailəlisən, özünü qoru, səni gözləyən var-deyib özünü döyüş yoldaşına sipər edən qəhrəmanlar! Tanksız, topsuz Şuşaya bayraq sancan igidlər idi Xocalının qisasını alan!  

Göydə Allah, ürəyinin üstündə üçrəngli bayraq, arxasında xalq, dövlət olan, yalnız Ali Baş Komandanına arxalanan oğullar! Vətən sizə oğul dedi! Xalq sizə qəhrəman dedi! Siz isə ailəniz, övladlarınız, hətta nişan üzükləriniz belə geri çəkilməyə, silahı atmağa vadar edə bilmədi! Son güllənizi isə əsir düşməkdənsə şəhadət yaxşıdır-deyə özünüz üçün saxlamışdınız! Belə də etdiniz!..

Tarix təkrardan ibarətdir, deyiblər! Amma bilməyiblər ki, sizin kimi oğullar tarixi başdan yazacaqdı! Tarix fənnindən üç alanlar özləri tarix olacaqdı!

Xocalı! Daşın-torpağın illər keçsə də, qan ağlayacaq olsa da, qaysaq bağlayan yaran hər il 26 fevralda yenidən qopsa da, biz yenə də səni, sənin övladlarını unutmasaq da, azca da olsa qəddini dikəlt, başını qaldır, Xocalı! İntiqamın alındı! Səni tarix kitablarından tanıyan övladların qisasını qiyamətə qoymadı! Mübarizlər, Poladlar, Cəbrayıllar, Xudayarlar çatdı harayına, Xocalı!

Siz də rahat uyuyun, şəhidlərim! Tarixin şahid olduğu şəhadətiniz mübarək! Hələ bu xalq çox dastanlar yazacaq! Sizin kimi igidləri olan Azərbaycan daim yaşayacaq! Üçrəngli, ay-ulduzlu bayrağımız daim dalğalanacaq! 

Aidə Cəlilzadə

Naxçıvan Dövlət Universiteti

 İngilis dili və tərcümə kafedrasının baş müəllimi

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM