İgid oğullar bəxş edən - Azərbaycan qadını

İgid oğullar bəxş edən - Azərbaycan qadını

Qadın! Bir sözdə onlarla məna kəsb edən, ömrünü sevdikləri uğrunda şam tək yandırmağa qadir, hər əzaba sinə gərən, ana, bacı, həyat yoldaşı, rəfiqə simasını daşıyandır qadın!

Azərbaycan qadını! Adına “xanım” deyilən qadın! Ucalardan-uca, ləyaqətli, daşıdığı ad-sana sahib çıxan, bu ünvanları dərindən dərk edən və bu adlara layiq olmaq üçün əlindən gələni edəndir Azərbaycan xanımı! Bəlkə də çoxları “xanım” sözünü problemsiz, çətinliksiz yaşayan qadınlara aid edir. Amma əsla belə deyildir! Məhz, zərif, nəvazişli, ləyaqətli olan qadındır xanım!

Azərbaycan qadını Tomrisdir, Sara Xatundur, Xurşidbanu Natəvandır. Sülhsevərdir, igidlərinə arxa-dayaq olandır. Amma sülhü pozanların qənimidir Azərbaycan xanımı.

Azərbaycan qadını ANAdır! Vətən deyiləndə axar suları dayandırandır qadınlarımız. “Oğlumu Vətən üçün, qız-gəlin namusunu qorumaq üçün gətirmişəm dünyaya”- deyəcək qədər açıqürəklidir analarımız. Vətənin dar günündə sonunu düşünmədən, bir an belə tərəddüd etmədən xeyir-dua verib öz əli ilə oğlunu cəbhəyə yola salaraq, “Südüm sənə halal olmaz, sən baş əysən düşmənə!”-deyib qazi, şəhid anası olmağı ilə qürur duyandır. Bir yox, iki şəhid qarşılayandır Azərbaycan anası!

Azərbaycan anası, sən deyilmisən, övladının, qardaşının, həyat yoldaşının şəhid tabutunu çiynində daşıyaraq son mənzilə yola salarkən belə əhdinə vəfalı olan?! Sən deyilmisən, ey müqəddəs qadın, şəhid tabutu qarşısında qurban kəsərək, rəqs edərək, xonça bəzəyərək puç olmuş arzularınla ovunan, sakitləşən, təsəlli tapan, sonda məğrur dayanaraq-“Vətən sağ olsun”-deyən! Sən müqəddəs deyilsənsə, kimdir? Kimdir bu qədər cəfaya rəğmən “Allah, sənə şükür, özün bilən məsləhətdir”-deyən!

Səni heç kim unutmur, sənə qoşulan nəğmələr, şeirlər yetərsiz qalır möhtəşəmliyin qarşısında. Sənin nazını çəkmək həm çətindir, həm də şərəf! Çünki, sən bizim nazımızı çəkərkən yorulmadan, gecəni gündüzünə calayaraq, layla çalaraq Vətəni sevməyi, elə bağlılığı, vicdanlı olmağı, ləyaqətli olmağı, düşmən qarşısında əyilməməyi, şəhidliyi əsarətdən üstün tutmağı öyrətmisən bizə. Haqqın ödənərmi? Əsla! Varmı başqa dillərdə “saçını süpürgə etmək” ifadəsi?! Varmı sənintək cəfakeş qadın-ANA?! Yaxud “övladı, ailəsi üçün yaşamaq”?! Bax budur xanımlıq, alilik, heç bir dünya malının satın ala bilməyəcəyi ləyaqət! Budur Azərbaycan qadını!

Qeyrətindir oğullarına güc verən, onları cəngə səsləyən, ölümün gözünə dik baxdıran. Sınmayan iradəndir “ölmək var, dönmək yoxdur”-dedirdən.

Qadın mədəniyyətimizin daşıyıcısıdır. Məhz mədəniyyətimizdir “qadını” “xanım” edən, ona “zəif” yox “zərif” deyən. “Cənnət anaların ayaqları altındadır”-deyərək qadını aliləşdirən, müqəddəsləşdirən, qarşısında diz çökməyi şərəf saydıran!

Qadınına ən ülvi hissləri bəsləyən, səcdə edən, onu aliləşdirən cəmiyyətdə yaşamaq xoşbəxtlikdir. Bəli, biz xoşbəxt nəslin nümayəndələriyik. Bunu tarix sübut etdi, analarımızın yetişdirdiyi oğullar, igidlər sübut etdi. Qardaşları ilə çiyin-çiyinə cəbhədə mübarizə aparan, həyat xilas edən, yaralı əsgərinə ana-bacı nəvazişi göstərən xanımlarımız sübut etdi. Zamanı gəldi, zaman özü sübut etdi! 

Sən yaşa, var ol, Azərbaycan qadını! Yaşa ki, daha neçə igid nəsillər bəxş et dünyaya. Yaşa ki, özün kimi xanımlar, qızlar, gəlinlər yetişsin nümunənlə. Yaşa ki, daim Ana Vətənlə qoşa çəkilsin adın! Yaşa ki, yaşayaq, yaşadaq-var olaq!

Aidə Cəlilzadə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

 Naxçıvan Dövlət Universiteti

“İngilis dili və tərcümə” kafedrasının baş müəllimi

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM