Erkən yazda arı ailələrinə qulluq

Erkən yazda arı ailələrinə qulluq

Muxtar respublikada təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması, arıçı sahibkarlara kreditlərin, pulsuz dərman preparatlarının, saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsi bu sahənin inkişafına müsbət təsir göstərib. Aqrar sahədə aparılan islahatlardan əvvəl Naxçıvanda fərdi və ictimai təsərrüfatlarda 6045 arı ailəsi olub. Müstəqillik illərində bu sahəyə göstərilən dövlət qayğısının nəticəsində 1 yanvar 2021-ci il tarixə arı ailələrinin sayı artırılaraq 99 min 935-ə çatdırılıb.

İlin ayrı-ayrı fəsillərində arı ailələri müxtəlif qayğı tələb edir. Belə ki, il ərzində arıçılıqda görülən işlər 4 dövrə bölünür: erkən yaz dövrü, beçə dövrü, bal və ya məhsul dövrü, qış dövrü. Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir. Yazda arı ailələrini qışlama binalarından arıxanalara çıxarmaq lazımdır. Arıların qışlama binalarından çıxarılma vaxtı arıxananın yerləşdiyi zonadan asılı olaraq dəyişir. Arıları çölə çıxarmamışdan əvvəl həmin ərazi təmizlənməli, dezinfeksiya işləri aparılmalıdır. Daha sonra yeşikləri yer səthindən 20-30 santimetr hündürlükdə pətək altlıqları üzərinə qoymaq məsləhətdir. Arıxanaların ballı bitkilərə yaxın olan böyük sahələrdə yerləşdirilməsi məqsədəuyğundur.Arıxana başqa arıların uçuş yolunda olmamalıdır.

Bundan başqa, arıxananı yerləşdirmək üçün yer seçildikdə nəzərə alınmalıdır ki, həmin yer kiçik su mənbələrinə yaxın və küləkdən yaxşı mühafizə olunan ərazilər olsun. Arıxanaların iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanıldığı yerlərdən kənarda olması məsləhətdir. Xüsusən, erkən yazda bir arı ailəsinin həyatda qalması üçün ana arının olması vacibdir. Əgər arılar sürətli bir şəkildə çalışıb yeşiyə çiçək tozu gətirirlərsə, bu, ana arının varlığına işarədir. Əgər arılar çiçək tozu gətirmir və pətəkdən qıraqda gəzirlərsə, ana arı böyük ehtimalla ölüb. Qənaətbəxş qışlamayan və yem ehtiyatı az olan arı ailələrinə yardım etmək lazımdır. Onların pətəklərinə ballı-çərçivəli şan qoymaq məqsədəuyğundur. Əgər ehtiyat bal yoxdursa, yem ehtiyatını şəkər şərbəti ilə tamamlamaq lazımdır.

Yaz yoxlanışı zamanı arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək lazımdır. Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailələrinin məhv olmasına gətirib çıxarar və xəstəlik nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq aşağı düşər. Bu dövrdə ailədəki arıların soyuqlamaması üçün havalandırma və uçuş bacalarını kiçiltmək, arılara hazır yem vermək məqsədəuyğundur.

Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında və düzgün aparsalar, arı ailələrinin sayını artırar və bol məhsul istehsal etmiş olarlar.

                                                            “Şərqin səhəri” qəzeti

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM