İşğal bitdi, Ermənistanda turizm də çökdü... - Dığaların turizm şirkətləri şüvən salıb

İşğal bitdi, Ermənistanda turizm də çökdü... - Dığaların turizm şirkətləri şüvən salıb

Əksər mütəxəssislər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi potensialı barədə danışarkən, qızıl, mis, filiz yataqlarının istismarı, eləcə də kənd təsərrüfatına yararlı münbit torpaqların istifadəsindən daha çox turizmə önəm verirlər. Bəli, doğrudan da bu ərazilərin məhz turizmdən verə biləcəyi iqtisadi gəlir digər sahələrin iqtisadi potensialını dəfələrlə üstələyir.

Bəzi hesablamalara görə, füsunkar təbiətə malik olan sözügedən ərazilərimizdə turizm sektorunun inkişafı ildə 1.5 milyard dollara yaxın gəlir təmin etməyə imkan verir. Təbii ki, işğal etdiyi torpaqlardan qovulması Ermənistan üçün təkcə hərbi məğlubiyyət, ərazi və canlı qüvvə itkisi deyil, həm də böyük iqtisadi ziyandır. 

Azərbaycanın  Kəlbəcərdəki qızıl yataqlarını, Qarabağ ərazisindəki münbit torpaqları işğaldan qurtarması onsuz da iqtisadi cəhətdən çökmüş işğalçı ölkəyə böyük iqtisadi ziyan vurub.

Lakin Ermənistanı bu itkilərlə yanaşı ən çox narahat edən məsələlərdən biri də ölkənin turizm sektorunun çökməsidir. Bunu son günlər Ermənistanın ən iri turizm şirkətlərinin şivən qoparması da təsdiqləyir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni mətbuatına açıqlama verən “Armlend” Turizm Şirkətinin rəhbəri Artyom Martirosyan deyib ki, Ermənistan-Azərbaycan sərhədinin SSRİ dövründəkinə uyğun demarkasiya olunması Ermənistanda turizmin böyük zərbə alması demək olacaq.

Belə ki, bundan sonra Sevan gölünün(Göyçə gölü-red.) şərqi və Vardenis rayonu ərazisindəki dağlarının bir hissəsi sərhədyanı bölgələr olacaq: “Bu ərazilərdən həm yerli, həm də əcnəbi turistlər üçün əsas marşrutlar keçirdi. Sünik platosu(Qarabağ vulkanik yaylası-red.) Çilinin rəngarəng dağlarını xatırladan heyrətamiz gözəlliyə malikdir."

Şirkət rəhbəri bildirib ki, SSRİ-dəki sərhədlərin bərpası həmin ərazilərin Azərbaycanın nəzarətinə keçməsi deməkdir, bu isə Ermənistan turizmi üçün əvəzedilməz itkidir. Qeyd edək ki, söhbət Kəlbəcərin Ermənistanla həmsərhəd ərazilərindən gedir. Ermənilər xarici turistləri daha çox bu ərazilərə gətirirmiş və ən çox tələbat olan dağ marşrutları məhz Kəlbəcər ərazisindən keçib. İndi isə bu marşrutlardan, deməli həm də çoxsaylı xarici turistlərdən və onların verdiyi gəlirdən məhrum olublar.

Vəziyyətin acınacaqlı olduğunu deyən Martirosyan turizm şirkətlərinin ölkənin Müdafiə Nazirliyində görüş keçirdiklərini bildirib və onların hökumətdən sərhədlərin demarkasiyası zamanı 10-15 km-lik bufer zonası saxlanılmasının təmin edilməsini istəyib: "Hökumət də bizim bu narahatlığımızı bölüşür, ancaq heç bir kömək edə bilmir".

Göründüyü kimi, işğal illəri ərzində bölgəyə qanunsuz turist səfərləri təşkil edən bu şirkətlər indi də həyasızcasına hələ Azərbaycan tərəfindən 10-15 kilometrlik bufer zonası istənilməsini tələb edirlər.

A.Martirosyan xüsusilə Kəlbəcərin Azərbaycana qaytarılmasını böyük itki, hətta faciə kimi dəyərləndirib: "Mən bu ərazilərin hər qarışını tanıyıram və bunun itirilməsinin nə demək olduğunu bilirəm. Təhlükəsizlik, iqtisadiyyat və turizm baxımından böyük itkidir. Kəlbəcər xüsusilə strateji əhəmiyyət daşıyırdı. İndi bütün marşrutları dəyişməli olacağıq.”

Şirkət rəhbəri əvvəllər qondarma rejimin nəzarətində olan Qarabağ torpaqlarını da Azərbaycanın işğaldan azad etməsinin Ermənistanın turizm sektoruna böyük zərbə olduğunu söyləyib.

O, deyib ki, sonuncu dəfə sentyabrın 20-23-də böyük sayda turistlə Qarabağda olublar, Kirs dağına çıxıblar. Lakin çoxlu sayda turist cəlb edən həmin dağ da artıq Azərbaycanın nəzarətindədir. Martirosyan ölkənin turizm sektorunu gözləyən perspektivlər barədə danışarkən isə belə deyib: “Heç bilmirəm, bundan sonra turistlər Ermənistana gəlmək istəyəcəklərmi?”.

Göründüyü kimi, Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etməklə, həm də ölkə üçün böyük iqtisadi perspektivlərə yol açıb. Bunu Azərbaycandakı müstəqil iqtisadçılar da təsdiqləyir. 

Məsələn, iqtisadçı Rövşən Ağayev bu mövzu ilə bağlı paylaşımında bildirir: “Bu bölgələrin ən böyük potensialı əgər doğru təşkil edilərsə, turizmlə bağlı olacaq. Tibbi turizm üçün unikal imkanlar var. Eyni dərəcədə tarixi və istirahət turizmi üçün də. Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazanclarından çox ola bilər - söhbət ən azı 1.5 mlrd. dollardan gedir.”

Beləliklə, Ermənistandan fərqli olaraq, Azərbaycanın sözügedən ərazilərdə müasir turizm infrastrukturu yaratmaq üçün böyük iqtisadi imkanlara malik olduğu şübhəsizdir. Və yəqin ki, bu imkanları gerçəkliyə çevirmək üçün görüləcək işlərə mümkün qədər qısa müddətdə start veriləcək.

Xəbər lenti
Tramp Ağ Evlə vidalaşdı

21:42 20.01.2021

Çox oxunan xəbərlər