Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz

Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyası gözəl şairimiz Məmməd Arazın irsinin öyrənilməsinin müxtəlif aspektlərinin təhlili istiqamətində mühüm addımdır. Uğurlu əmək fəaliyyəti ilə yanaşı, uğurlu yaradıcılıq yolu keçən Məmməd Araz  XX əsr Azərbaycan ədəbiyyatında silinməz izlər qoyub. Akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə işıq üzü görən tədqiqat əsəri “Məmməd Araz dünyası elmi-ədəbi yaddaş işığında” adlı “ön söz”dən, giriş, 2 fəsil nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Monoqrafiyanın birinci fəsli “Xalq şairi Məmməd Arazın yaradıcılıq qayəsi" adlanır. Fəslin adından da göründüyü kimi, Ramiz Qasımov şairin yaradıcılığındakı əsas məqsədə diqqət çəkib, şeir və poemalarındakı qayənin açılmasına xidmət edən araşdırmalarını ətraflı şəkildə şərh edərək elmi ictimaiyyətə, həmçinin geniş oxucu kütləsinin ixtiyarına veribdir. Bu bölmədəki istər yarımbaşlıqların, istərsə də müəyyən başlıqlar altında təqdim olunan məqalələrin adları da konkret fikrə sahib olmaq baxımından əhəmiyyətlidir. Belə ki, "Xalq şairi Məmməd Arazın yaradıcılığında milli düşüncə və vətəndaşlıq ideallarının təcəssümü", "Xalq şairi Məmməd Araz yaradıcılığında milli xarakter problemi", "Məmməd  Arazın yaradıcılığında daş obrazı və onun bədii estetik məzmunu" kimi yarımbaşlıqlar daxilində biz həm də "Məmməd Araz yaradıcılığında Vətən mövzusu və milli istiqlal motivləri", "Məmməd Araz yaradıcılığında Naxçıvan", "Araz mövzusu milli istiqlal ədəbiyyatının konseptial məsələsi kimi" fərqli istiqamətli elmi yanaşmaları görürük.

Monoqrafiyanın II Fəsli  “Məmməd Araz yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlanır. Bu fəsildə Məmməd Araz yaradıcılığının mövzu-məzmun xüsusiyyətlərindən, şairin yaradıcılığında lirik tema kimi əks olunan sevginin aliliyindən, dahi şairin yaradıcılığında özünəməxsus yer tutan fəlsəfilik və onun poeziyasının dil-üslub xüsusiyyətləri kimi məsələlərdən bəhs olunur.

İlk olaraq vurğulanır ki,  Məmməd Araz  yaradıcılığında vətən mövzusu özünəməxsus yer tutur. Doğrudan da, tədqiqatçının ilk olaraq seçib bəhs etdiyi  bu mövzu, həm ali, həm də günümüz və hər dövr üçün aktualdır. Monoqrafiyada şairin vətəninə bağlılığı, doğma torpağı vəsf etmə imkanları konkret nümunələrlə şərh olunur. Qeyd olunur ki, Məmməd Araz  yaradıcılığında azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq mövqeyi dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Məmməd Araz lirik şairdir. Onun yaratdığı poetik nümunələrdə olan doğmalıq və harmoniya insanı valeh edir. Şeirlərində incə hisslərlə birlikdə məğrur bir ruh da təsvir olunub. Bu Məmməd Arazın vətəninə, elinə olan məhəbbəti ilə bağlıdır.

Məmməd Araz şeirlərində xalq sevgisi, vətən sevgisi ön plandadır. Vətənini, millətini sevən bu geniş qəlbli şairin yaradıcılığını təhlil etmək çox çətin məsələdir. Ancaq müəllifin bölgüsü və klassfikasiyası qeyd etməyimizə imkan verir ki, tədqiqatçı bu çətin işin öhdəsindən uğurla gəlməyi bacarıb.

Tədqiqatçının seçdiyi nümunələr bir daha Məmməd Arazın qələmlə deyil, ürəyi ilə yazdığını elan edir. Elə təkcə “Azərbaycan deyiləndə ayağa dur ki,

 Ana yurdun ürəyinə toxuna bilər...”-misraları Məmməd Arazın vətəninə olan tükənməz sevgisinin, dərin sayğısının tərənnümüdür.

Tədqiqatçının oxucumərkəzli vətəndaşlıq mövqeyində nümunəvi oxucu Məmməd Arazın poeziyasını sanki nəhəng bir səhnədən seyr edir,  müxtəlif obrazların dili ilə danışan şairə tədqiqatçı da qoşulur. Şair düşünür, ağlayır və bəzən də gülümsəyir....

Məmməd Araz humanist şairdir. O əsərlərini nəhəng bir kürsüdən kodlayır. Bu sistemə ikili kodlama deyilir. Son dönəmlər biz bunu Umberto Ekoda görürdük. Ancaq Onun yaradıcılığı sadə xalq nümayəndəsi ilə birlikdə elitar təbəqəyə də xitab edəcək gücdədir. Vurğulayaq ki, cərəyanlardan gələn kodlamalar hər iki şairdə fərqlidir. Paralellik sadəcə müraciət şəklindədir. Onun “Atamın kitabı”, “Ata ocağı”, “Neftçilər”, “Çoban çörəyi, çoban ürəyi”, “Fəhlə süfrəsi”, “Fəlsəfə müəllimi”, “Bir qələm əhlinə məktub”, “Rəisin yaltaq qonşusu” kimi şeirləri bu qəbildəndir.

O, yaradıcılığında xalqın dərdlərini, sevincini əks etdirməklə yanaşı, millətinin övladlarını tərbiyələndirəcək, onlara gələcək həyatlarında istiqamət verəcək əhəmiyyətli fikirlərlə çıxış edib. Tədqiqatçı da Məmməd Arazın bu qəbildən olan şeirlərini xüsusi diqqətlə seçib ayırıb.

Ramiz Qasımov monoqrafiyasında mövzu-məzmun başlığı altında bu kimi fikirlərə diqqət çəkir: “Ümumiyyətlə, Xalq şairi Məmməd Araz özünün vətən məzmunlu şeirləri, əsərləri ilə azərbaycançılıq məfkurəsinin təbliğinə və Azərbaycan istiqlalına  görkəmli xidmət göstərmiş əbədiyaşar sənət adamıdır. Onun “Ayağa dur Azərbaycan” kimi şeirləri  90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı  mücadilə dönəmində böyük mənəvi güc rolunu oynayıb”. Qeyd edək ki, Məmməd Araz  yaradıcılığı bu gün üçün də aktualdır. Onun “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Bu millətin dərdi səri”, “Ulu şahım, qılıncına söykənim” şeirləri vətənçilik konsepsiyasını müfəssəl şəkildə özündə əks etdirir. Bu kontekstdə Ramiz Qasımov yazır: “Xalq şairi Məmməd Arazın yaradıcılıq aləmində Vətən mövzusunu Vətən-vətəndaşlıq-vətənpərvərlik konseptual üçbucağında təsvir etmək daha doğru olar”.

Məmməd Arazın ən çox müraciət etdiyi mövzuları sistemləşdirən alimin tədqiqatına əsasən bu ardıcıllıq belədir:

1.Vətən mövzusu-

“Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

2.Vətən dağlarının vəsfinə dair-

 “Tanrım, məni məndən qopar, qoş məni dağ küləyinə”

Yaxud “Mən uca dağlara babam demişəm,

Ərköyün balayam dağlar yanında”.

3.Araz həsrəti-

Bu gecə yuxumda Arazı gördüm,

Arazı bəxtindən çox razı gördüm.

Qeyd edim ki, onun “Eyfel qülləsində” şeiri də bədii cəhətdən çox maraqlıdır. Məmməd Araz Parisdə belə  “dərdini unutmur”, öz xalqını düşünür:

Eyfel qülləsindən dünyaya baxdım,

Analar körpəli göründü bu gün.

Eyfel qülləsindən Senaya baxdım,-

Arazlar körpülü göründü bu gün.

4.Doğma Naxçıvanına sevgi...

Ramiz Qasımov  yazır: Məmməd Arazın  “Naxçıvan albomu”, “Bizim bu günümüz”, “Mənim Naxçıvanım” (ssenari), “Arpaçayın aşıb-daşan nəğməsi”, “Dağ çayının nəğməsi” kimi publisistik məqalə və ssenarilərində Naxçıvanın dünəni və bu günü, şanlı gələcəyi təsvir olunub. “Naxçıvan albomu” əsəri şairin bir ziyalı olaraq böyüyüb, boya-başa çatdığı Naxçıvan haqqında yazdığı ən irihəcmli və həm də ən sanballı əsəridir. Bu əsərdə Naxçıvanla bağlı tarixi düşüncələrdən başlayaraq müasir gününə qədər keçdiyi inkişaf yoluna nəzər salınır, xüsusilə məşhur əfsanə təşkil edən Dağyunus haqqındakı folklor mətnindən qaynaqlanaraq Naxçıvanın müəllifin müasiri olduğu gündəki problem, qayğı və narahatlıqlarını dilə gətirir, onu ictimaiyyətin diqqətinə gətirərək həllinə bir ziyalı köməyini, bir övlad-vətəndaş töhfəsini verməyə çalışır”. Ramiz Qasımov monoqrafiyasında vurğulanan köklərdən, genetikadan qopub tökülən folklor, kult, fəlsəfə kimi mövzulara monoqrafiyada geniş yer verib.

Yaxşı bax, hər qara qayanın, dağın,

Dibi Zərdüştlərin ocaq yeridir.

O gündən üstündə ana torpağın

Qalan min yağının ləpirləridir.

5.Sevgi, məhəbbət mövzusunun əsrarəngizliyi və qeyri-adiliyi...

İlahi, qəlbimə bir sevgi göndər,

İlahi, yazıqdır məni sevənlər!

Yaxud: Sən məni sevsəydin... sevsəydin əgər...

Kim olub bəxtiyar quru ad ilə.

Həyatda “ürəkləş”, “sevləş” demirlər,

Ayaqlaş deyirlər bu həyat ilə.

Şairin çağdaş Azərbaycan poeziyasını daha da zənginləşdirmiş, dərin fəlsəfi məzmunlu lirikası haqqında geniş bəhs edən tədqiqatçı yazır: “Məmməd Araz yaradıcılığında İnsan. DÜNYA VƏ ZAMAN yeni anlam kəsb etdiyi kimi,  yeni dərk–qavram da qazanır və adi semantik mənasından mücərrəd fəlsəfi mənaya yüksəlir”. Nümunə olaraq tədqiqatçı “Dünya sənin, dünya mənim”, “Mənli də, mənsiz də bu dünya vardı”, “Dünya düzəlmir”, “ Sual-cavab”, “Bu şeytanlar”, “Göy altında, yer üstündə” şeirlərini sadalayır. Və nəticə olaraq vurğulayırıq ki, “Beləliklə insan taleyi, bu dünyadakı vəzifəsi, doğuluş varlıq hikməti və s. kimi məsələlər, fəlsəfi-ictimai problemlər Xalq şairi Məmməd Araz yardıcılığının  nüvəsində dayanaraq onun irsinin fəlsəfi qayəsini təşkil edir”.

Monoqrafiya bir çox dəyəri özündə ehtiva edir. Bu səbəbdən qeyd edə bilərik ki, “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” geniş oxucu auditoriyasına təqdim üçün son dərəcə önəmli mənbədir. Müəllifə gələcək tədqiqatlarında uğur arzu edir, belə gözəl monoqrafiyanın ərsəyə gəlməsi səbəbiylə bütün Məmməd Araz sevərləri təbrik edirəm!

Nərgiz İsmayılova

AMEA Naxçıvan Bölməsi

Filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM