Təhsildə yeni era: STEAM - nəzəriyyədən tətbiqə

Təhsildə yeni era: STEAM - nəzəriyyədən tətbiqə

STEAM tədris metodu şagirdlərin problemlərə fənlərarası və vahid təhsil metodu ilə bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədi daşıyır. Bu metod məktəbəqədər təhsildən ali təhsilə qədər olan bütün təhsil müddətini əhatə edən fənlərarası bir yanaşmadır. Maraq, müvəffəqiyyət və motivasiya, zehni proses inkişafı, təşəbbüskarlıq və məhsul inkişaf etdirmə bacarıqları STEAM ilə artırıla bilər. Nəticədə vahid bir şəkildə müxtəlif sahələr üzrə karyera quran tələbə sayının artmasına şərait yaranır.

Əslində elmi bacarıqların əsasını elə cəhd, ixtira və istehsal təşkil edir. Sahibkarlıq insanların təşəbbüs göstərməsi və xəyallarını reallaşdırmaq üçün hərəkətə keçməsi kimi anlayışları özündə ehtiva edir. Bu fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir kəs risk almaq və cəhd göstərməklə istehsal bacarıqlarını artıra bilər.

Təhsil sistemimizdə STEAM tədris metodunun tətbiqi ölkəmizdə bu sahədə həyata keçirilən islahatların bir hissəsidir. Bu təhsilin məqsədi şagirdlərin potensial və maraqlarını cəmiyyətə xidmət edəcək şəkildə yönəltmək, onları öyrənməyə təşviq etməkdir. Digər bir məqsəd isə fənlər arasındakı fərqi aradan qaldırmaq və ​​bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdir. Bundan əlavə, STEAM təhsili məktəblərdə aktiv, sual vermə bacarığı olan şagirdləri müəyyənləşdirməklə onları elm, texnologiya, mühəndislik, riyaziyyat üzrə istiqamətləndirmək və təşviq etmək məqsədi daşıyır. Daha anlaşılacaq şəkildə desək, uşaqlar bu metod vasitəsilə real həyat problemləri ilə qarşılaşanda “nə edim?”, “necə edim?” deməyəcək, onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Xüsusilə vurğulamaq lazımdır ki, uşaqların məktəbəqədər dövrdə bir sıra hobbiləri olur və onlarda nələrisə qurmaq, yaratmaq həvəsi yaranır. Lakin bir sıra ailələr çalışırlar ki, övladları oxusun, ali təhsilli olsun. Bu cür yanaşma mütəxəssislər tərəfindən də qeyd olunduğu kimi, yanlışdır. Həyatda düzgün mövqe tutmaq üçün gərək sevilən peşə seçilsin. Ona görə də valideynlər övladlarının peşə, sənət seçimlərinə həssaslıqla yanaşmalıdırlar. Bu mənada STEAM tədris metodu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu tədris metodu vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya, gələcəyin mütəxəssisləri kimi yetişə biləcək və dövlətin inkişafına öz töhfələrini verəcəklər. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “İndi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə, elmə nail olmalıyıq”.

Niyə STEM və ya STEAM?!

Gəlin, əvvəlcə STEM sözünün nə demək olduğuna, niyə S,T,E,M hərflərinin birləşməsindən əmələ gəldiyinə nəzər yetirək. Bir daha qeyd edək ki, STEM şagird və tələbələri həvəsləndirən, xəyallarını reallaşdırmağa kömək edən, eləcə də onların əldə etdikləri, öyrəndikləri məlumatları, bilik və bacarıqları yeni və fərqli bir şəkildə gücləndirmələrini təmin edən təhsil formasıdır. STEM sözündəki hərflərin açıqlamasına diqqət yetirək. Science – Elm, Technology – Texnologiya, Engineering - Mühəndislik, Mathematics – Riyaziyyat. Göründüyü kimi qeyd olunan elmlərin baş hərfləri STEM-i əmələ gətirib. Sual oluna bilər ki, bəs burada A hərfi hanı? Axı, STEAM kimi qeyd olunur bu tədris metodu. Səbəbi isə odur ki, STEM təlimlərinə ART, yəni ingiliscədən tərcümədə incəsənət mənasını verən və bu sahə ilə bağlı aktual mövzuların əlavə edilməsi nəticəsində bu təhsil metodu STEAM adlandırılmağa başlandı. STEAM sözündə "E" hərfi ilə qeyd olunan "mühəndislik" yalnız mühəndisliklə kifayətlənmir. Həm də "dizayn və istehsal" mənasını verir. "Elm" sözünü bildirən "S" hərfi də təkcə təbiət elmləri deyil, humanitar və sosial sahələri də əhatə edir.

STEAM tədris metodu muxtar respublika məktəblərində...

Bu tədris metodundan ABŞ, İsrail, Sinqapur, Türkiyə və digər ölkələr kimi, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında istifadə olunur. 2020-2021-ci tədris ilindən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. STEAM təlimlərində şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məlumata görə bu günədək Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad rayon Nüsnüs kənd tam orta məktəblərində, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində STEAM kabinələri yaradılaraq istifadəyə verilmişdir. STEAM kabinələri elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur. Hazırda Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli, eləcə də Ordubad şəhər 1 nömrəli tam orta məktəblərdə STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam edir. Bunlarla yanaşı Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutunda da STEAM kabinələri yaradılır ki, bu da gələcəkdə ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarını bitirən müəllim kadrların STEAM təlim metodu üzrə biliklərinin formalaşmasına öz töhfəsini verəcəkdir. Gələcəkdə STEAM kabinələrinin muxtar respublikanın bütün məktəblərində yaradılması nəzərdə tutulur.

STEAM təlim metodunun muxtar respublikada tətbiqi təkcə kabinələrin yaradılması ilə yekunlaşmayıb. Bu günədək Naxçıvan şəhərində və Şərur rayonunda 60 müəllimə Təhsil Nazirliyi tərəfindən təlimlər keçirilmişdir. 22 fevral 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən onlayn STEAM təlimlərində muxtar respublika ümumtəhsil məktəblərinin 150 müəllimi iştirak edir. Təlimlərin təşkil olunmasında məqsəd müəllimlərdə STEAM dərslərini tədris etmək bacarığını formalaşdırmaqdır. Təlimlər zamanı STEAM metodologiyaları, Robotexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilir ki, bu da muxtar respublikada STEAM dərslərinin yüksək səviyyədə tədrisinə geniş imkanlar açacaqdır. Təlimi uğurla başa vuran müəllimlər STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatla təmin ediləcəklər.

STEAM təlim metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunmuş, VI və VII sinif dərslikləri, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanaraq istifadəyə verilib və bu sahədə işlər davam etdirilir.

STEAM təlim metodu pilot layihə olaraq tətbiqi nəzərdə tutulan ümumtəhsil məktəbləri üzrə VI və VII sinif şagirdləri üçün tədris olunur. STEAM kabinələrində yaradılan şəraitlə tanışlıq zamanı Ali Məclisin Sədri muxtar respublikada yeni texnologiyaların tətbiqinin genişləndiyini bildirmiş, bu sahədə yerli mütəxəssislərin, xüsusilə də proqram təminatçılarının yetişməsinin vacibliyini qeyd etmişdir. Qısası savadlı, bilikli, vətənpərvər nəslin yetişdirilməsi üçün muxtar respublikada hər cür şərait yaradılmışdır. Ona görə ki, vətənpərvər, bilikli gənclik ölkənin gələcək inkişafı deməkdir. Ali Məclis Sədrinin də dediyi kimi: Hər bir ölkə gələcəyini uğurlu görmək istəyir. Azərbaycan müstəqil dövlətdir, onun qurucusu ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün onun yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə təhsilə dövlət qayğısı göstərilir. Gənclərin vətənpərvər yetişdirilməsi Azərbaycanın müstəqilliyinin davamlı, gələcəyinin etibarlı olmasına xidmət edir. İnkişafa gedən yol təhsildən keçir. Bütün sahələr üçün yaxşı mütəxəssis, vətənpərvər gənclər məktəblərdə yetişdirilir. Yaradılan şərait imkan verəcəkdir ki, burada yetişdirilən təhsilli gənclər ölkəmizin gələcək inkişafında iştirak etsinlər.

Xalqın, dövlətin sabahı innovasiyalar, möhkəm bünövrə üzərində qurulur. Təhsilə, elmə göstərilən qayğının qarşılığında isə bu təməli yeni nailiyyətlərlə möhkəmləndirmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

 

Rəmzi İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər