Ankarada Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub - YENİLƏNİB

Ankarada Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub<font color='red'> - YENİLƏNİB</font>

Fevralın 23-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə 44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və quruculuq prosesində qardaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb. Bölgədə sülhün dayanıqlı olması üçün bu ilin 30 yanvar tarixində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi vurğulanıb.

Söhbət zamanı iki qardaş ölkə arasında mövcud olan intensiv dialoqun bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi qeyd olunub. Cari ilin 19 fevral tarixində Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası nəticəsində bütün sahələri əhatə edən 53 yeni fəaliyyət bəndinin qəbul edilməsinin ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisi olduğu vurğulanıb.

Nazirlər iki ölkə arasında şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız səfəri ilə bağlı imzalanan sənədin qüvvəyə minməsi ilə bağlı dövlətdaxili prosedurların yekunlaşdığını və qarşılıqlı nota mübadiləsindən sonra yaxın zamanlarda sənədin qüvvəyə minəcəyini məmnunluqla qeyd ediblər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM