İlham Əliyevin son bəyanatı Ermənistanı yenə silkələdi

İlham Əliyevin son bəyanatı Ermənistanı yenə silkələdi

Azərbaycan Prezidentinin növbəti dəfə ifşa etdiyi hərbi xuntaya qarşı erməni xalqı da etirazlara başladı

Ermənistanda aylardır davam edən siyasi gərginlik səngimək bilmir. Bununla yanaşı, ölkənin iqtisadi tənəzzülü daha da dərinləşib, xaricdən iqtisadi asılılığı artıb. Xarici borc çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Son günlərdə Yerevanda belə etiraflara rast gəlinir ki, Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbləri 30 ilə yaxın davam edən işğalçılıq siyasəti və buna görə Azərbaycanın gördüyü tədbirlər idi.

Revanş istəyi Yerevanda vətəndaş qarşıdurmasına gətirib çıxarıb

Ötən illərə nəzər yetirdikdə şahidi oluruq ki, Azərbaycan Ermənistanın ifşasını uğurla həyata keçirib. Beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev Ermənistanın işğal siyasətini davamlı şəkildə ifşa edib, onun rəhbərliyini çıxılmaz vəziyyətə salıb. 44 günlük Vətən savaşında Ali Baş Komandanın və Azərbaycan Ordusunun dəmir yumruğu Ermənistanı məğlub etməklə yanaşı, siyasi və sosial-iqtisadi xaosa sürükləyib.

Son günlərdə keçmiş hərbi xuntanın revanş istəyi isə Yerevanda vətəndaş qarşıdurmasına gətirib çıxarıb. Bu isə Ermənistanda çoxsaylı problemlərin miqyasını bir qədər də genişləndirəcək.

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanda baş verən hadisələr bu ölkənin daxili işidir. Azərbaycan Prezidentinin fikrincə, Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki iyirmi il ərzində Koçaryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma apardı və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi isə işğalçılıq siyasətidir.

İnformasiya savaşında inamlı qələbə

Prezident İlham Əliyevin Ermənistanla bağlı fikirləri, verdiyi açıq mesajlar erməni mediasının, sosial şəbəkə istifadəçilərinin də nəzərindən qaçmadı. Ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri göstərir ki, onlar ölkələrinin məhvə doğru getməsi, İlham Əliyevin Ermənistan üzərində üstünlüyünün artması barədə ortaq rəydədirlər.

Amma diqqətlə araşdırdıqda ortaya maraqlı mənzərə çıxır və bəlli olur ki, keçmiş hərbi xuntaya qarşı hücuma keçənlərin böyük qismi  elə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyana bağlı olan insanlardır.  Məhz bu xüsusda Ermənistanda sosial şəbəkələrdə baş verənlərin təhlili həqiqətən də bu ölkədə böyük bir qütbləşmənin yarandığını üzə çıxarır.  Belə vəziyyət Azərbaycanın, onun lideri  İlham Əliyevin həm də informasiya müharibəsində Ermənistan üzərində inamlı qələbəsinin növbəti təsdiqidir.

Armen Minosyan adlı istifadəçinin “VKontakte” sosial şəbəkəsində Sarkisyan və Koçaryanın şəkillərini yanaşı paylaşaraq “Ermənistanı dərin böhrandan xilas edəcək şəxsiyyətlər” yazması çoxsaylı tənqidlərə, təhqirlərə tuş gəlib. Vazgen Papinyan  adlı istifadəçinin bu fotoya şərhi çoxlu bəyənmə toplayıb:  “Sənin dünyadan xəbərin yoxdur. Sən Ermənistanda yaşamırsan? Mətbuatı izləmirsən? Sarkisyan-Koçaryan hakimiyyətdə olduqları müddət ərzində biz ermənilər üçün nə edib? Yalançı vədlər, Qarabağ müharibəsinin yaratdığı problemlər. Bizim taleyimiz Tanrının ümidinə qalıb”.

Naira Arçuruyan adlı “Facebook” istifadəçisi isə səhifəsində maraqlı paylaşım edib. O, İlham Əliyev və Paşinyanın şəkillərini paylaşaraq yazır ki, İlham Əliyev faktiki olaraq Ermənistanı əzir: “Amma biz buna cavab verə bilmirik. İlham Əliyev bəyan edir ki, Ermənistan Qarabağ məsələsində yenidən iddia irəli sürərsə, daha ağır vəziyyətə düşəcək. Əslində, bu belədir”.

Barseq Alaverdiyan adlı biri “Instagram”da Paşinyan tərəfdarlarının daha çox rəy bildirdiyi xəbərə maraqlı bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib. O yazıb: “Acı reallıq olsa da, qəbul edək ki, Paşinyanın pafoslu çıxışlarına, onun aktyorluğuna yalnız Ermənistanda inanırlar. İlham Əliyev Bakıdan, Qarabağdan Paşinyana, Sarkisyana, Koçaryana od püskürür, bizimkilər isə hakimiyyəti qorumağın və hakimiyyətə gəlməyin yollarını axtarırlar”.

Hansısa təxribat olarsa, ona qarşı dəmir yumruq qaçılmaz olacaq

Müharibədən əvvəlki dövrlərdə Azərbaycan həmişə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan  mövqe nümayiş etdirib. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərləri ilə görüşlərdə dəfələrlə diqqətə çatdırıb.

İşğal faktı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan rəhbəri danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atılacağını gizlətmirdi. Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar beynəlxalq təşkilatlar səviyyəsində göz yumulurdu. Bütün yazılanlar kağız üzərində qalmaqda davam edirdi.

Odur ki, 44 günlük müharibədə dəmir yumruq Ermənistana tarixinin ən böyük məğlubiyyətini yaşatdı. Ermənistan rəhbərliyi bundan sonra hansısa bir təxribata cəhd göstərərsə, Yerevan üçün İkinci Vətən müharibəsi dərslərinin təkrarlanması qaçılmaz olacaq. Məsələnin bu tərəfinə toxunan Prezident

İlham Əliyev deyib ki, buna görə də hər şey Ermənistan rəhbərliyinin və Ermənistan iqtidarının hansı siyasəti seçəcəyindən asılı olacaq. Dövlət başçısı vurğulayıb ki, bizim siyasətimiz həm müharibə dövründə, həm müharibədən sonra birmənalıdır: “Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür. Müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu. Beləliklə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik”.

Göründüyü kimi, indi seçim qarşı tərəfindir. Ermənistan rəhbərliyi bundan əvvəl iqtidarda olanların siyasətini davam etdirsə, onda Ordumuz tərəfindən daha sərt zərbələrə məruz qalacaq. Bu, Yerevan üçün həm də əlavə yeni problemlər deməkdir.

Prezident hərbi xuntanı dəstəklədi

Dünən axşam Ermənistan prezidenti Armen Sarkisyan öz konstitusiya səlahiyyətləri çərçivəsində baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı baş nazir Nikol Paşinyana geri qaytarıb. Fərman layihəsi hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun nəticəsində onun konstitusiyaya zidd olduğu qərara alınıb.

“Bir daha təsdiq edirik ki, prezident heç bir siyasi gücə tərəf durmur. O, qərarı ancaq dövlət və ümummilli mənafeləri əsas tutaraq qəbul edib. Şübhəsiz, silahlı qüvvələr siyasi məsələlərdə bitərəfliyi qoruyub saxlamalıdır” - Armen Sarkisyanın mətbuat xidmətinin məlumatında deyilir. Ermənistan prezidenti qeyd edib ki, yaranmış vəziyyət tez-tez kadr dəyişiklikləri ilə həll oluna bilməz.

İndi baş nazir öz qərarını geri götürməsə və yenidən prezidentin imzalanmasına göndərərsə, sonuncu sənədin Ermənistanın əsas qanununa uyğunluğunu müəyyən etmək üçün konstitusiya məhkəməsinə müraciət edə bilər.

Nikol Paşinyan isə silahlı qüvvələrin baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təqdimatı növbəti dəfə ölkə prezidentinə göndərib. O, özünün “Facebook” səhifəsində yazıb ki, prezident baş nazir aparatına baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi geri göndərmək barədə qərar qəbul etdi: “Bu addım yaranmış vəziyyətin həllinə imkan yaratmır. Mən sənədin lazımi qaydada imzalanacağını gözləməklə yenidən baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi prezidentə göndərirəm”.

Beləliklə, Ermənistanda siyasi gərginlik hər ötən gün daha da dərinləşir. Görünən odur ki, işğal siyasətinin qurbanı olan Ermənistan sonu görünməyən siyasi xaos içərisindədir.

 

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM