NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində yerləşən "Görüş Yeri" kafesində Vətən müharibəsində böyük şücaət göstərmiş qazilərlə gənclərin görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən görüşdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər keçirilən görüşün gənclərin vətənpərvərlik tərbiyəsində və qəhrəman hərbçilərimizi daha yaxından tanıması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
“Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunması görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş baş leytenant Əkrəm Abbasov Vətən müharibəsində xalqımızın ordumuza dəstəyinin onların mübarizə əzmini daha da yüksəltdiyini və düşmən tapdağından azad olunan torpaqlarımızın bugünkü gənclərə əmanət olduğunu bildirib.
Görüş çay süfrəsi arxasında qazilər və gənc könüllülər arasında keçən səmimi söhbətlə davam edib. Qəhrəman hərbçilərimiz keçdikləri şərəfli döyüş yolu, Vətən müharibəsi dövründəki xatirələrini gənclərlə paylaşıblar.
Görüşün təşkilatçıları Vətən müharibəsi iştirakçılarını 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, görüşdə Vətən müharibəsi qaziləri - Əkrəm Abbasov, Toğrul Məmmədov, Kənan Paşayev, Məmməd Əliyev, Şahin Məhərrəmov, Elnar Möhsümov və Ramin Babayev iştirak ediblər.
Leyla Cəfərzadə