Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır.
Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır.
1 aprel 2021-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Naxçıvan Radiosu (104.1 FM), DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır.