NTV xəbər verir ki, martın 19-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə sosial qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ölkənin bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə uşaqlara bayram hədiyyələri təqdim olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu təşəbbüslərin məqsədi bayram sevincinin hər bir uşağa çatdırılmasını təmin etməkdir.
Daha sonra uşaqlar səhnəyə dəvət olunaraq onlara bayram hədiyyələri təqdim edilib, həmçinin xatirə şəkilləri çəkdirilib.
Tədbir Naxçıvan Dövlət Kukla Teatrının təqdim etdiyi tamaşa ilə davam edib.
Qeyd edək ki, tədbir çərçivəsində ümumilikdə 300 sosial qayğıya ehtiyacı olan uşağa Novruz bayramı münasibətilə hədiyyələr təqdim olunub.
