Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul olunmuş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib.
Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 min 935 şəxsə şamil edilib.
Amnistiya tətbiq olunan şəxslərin 5348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1.059 məhkum barəsində də amnistiya tətbiq olunub.
Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1583 olmaqla, ümumilikdə 3259 şəxs cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.
