Bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında bir araya gələrkən etiraf etməliyik ki, dayanıqlı şəhər inkişafının uğuru yalnız infrastruktur və investisiyalardan deyil, eyni zamanda iştirak, etimad, həmrəylik və insan əlaqələrindən asılıdır.
NTV xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Uşaqlar və gənclər" adlı dəyirmi masada çıxış edərkən deyib
Nazir bildirib ki, gənclər öz ideyaları, innovasiya və liderliklə prosesə töhfə verməyə hazırdırlar: "Bizim ortaq məsuliyyətimiz onların iştirakının simvolik deyil, mənalı, müvəqqəti deyil, institusionallaşdırılmış - yalnız məsləhətləşməklə məhdudlaşmayan, tam şəkildə şəhər idarəçiliyinin və qərar qəbuletmə proseslərinin inteqrasiya olunmuş olmasını təmin etməkdir. Azərbaycan inklüziv şəhər inkişafının təşviqi, gənclərin iştirakının gücləndirilməsi, dayanıqlı şəhər və icmaların qurulması istiqamətində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə sadiq qalır. Biz qəti şəkildə inanırıq ki, bu gün gənclərin fəaliyyətinin gücləndirilməsi hamı üçün daha dayanıqlı, dinc və davamlı gələcəyə edilə biləcək ən mühüm investisiyalardan biridir".
