satellite   Azerspace-1: 11135 H 30000

Lans Braun: Fəlakətlərdən sonrakı bərpa prosesi daha dayanıqlı gələcəyin formalaşdırılmasına xidmət etməlidir

Lans Braun: Fəlakətlərdən sonrakı bərpa prosesi daha dayanıqlı gələcəyin formalaşdırılmasına xidmət etməlidir

Fəlakətlərdən sonrakı bərpa prosesi keçmişin zəif tərəflərini yenidən bərpa etməyə deyil, daha təhlükəsiz, ədalətli, yaşıl və dayanıqlı gələcəyin formalaşdırılmasına xidmət etməlidir.

NTV xəbər verir ki, bunu Habitat Peşəkarları Forumunun həmsədri, Dayanıqlı Urbanizasiya Konsorsiumunun təsisçilərindən biri Lans Braun BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Habitat Peşəkarları Forumunun "Habitat Peşəkarları Forumu fəlakətdən sonra transformativ bərpa üçün yeni qlobal çərçivəni təqdim edir" mövzusunda brifinqdə deyib.

Onun sözlərinə görə, dünyanın iqlim dəyişiklikləri, münaqişələr, məcburi miqrasiya, ətraf mühitin deqradasiyası və bərabərsizlik kimi “qlobal çoxqatlı böhran” dövrünü yaşadığı bir vaxtda şəhərlərin gələcəyinə yenidən baxılması olduqca vacibdir. Vurğulayıb ki, sürətli urbanizasiya fonunda baş qaldıran bu amillər, eyni zamanda, mənzil itkisi, evsizlik və məcburi köçkünlüyün əsas səbəblərinə çevrilib.

Forumun həmsədri bildirib ki, inklüziv şəhərlər və icmalarla bağlı dialoq çərçivəsində hazırlanan sənəd hüquqlara əsaslanan bərpa modelini müdafiə edir. Diqqətə çatdırılıb ki, bərpa prosesinin uğuru yalnız yenidən tikilən evlərin və ya bərpa olunan infrastrukturun sayı ilə ölçülməməlidir. Burada əsas məqsəd insan ləyaqətinin qorunması, təhlükəsiz mənzil təminatı, xidmətlərə əlçatanlıq və vətəndaşların qərarqəbuletmə prosesində iştirakının təmin edilməsidir.

Lans Braun fəlakətlərdən ən çox qadınların, miqrantların, qaçqınların, yerli xalqların, yaşlıların və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşan sakinlərin zərər çəkdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, bərpa prosesində yerli icmalar yalnız yardım alan tərəf kimi deyil, eyni zamanda, bilik, təcrübə və təşəbbüs sahibi kimi qəbul edilməlidir.

O həmçinin qeyd edib ki, əlçatan mənzil yalnız sosial siyasət məsələsi deyil, həm də fəlakət risklərinin azaldılması üçün mühüm vasitədir. Təhlükəsiz və münasib qiymətə mənzilə çıxışı olmayan azgəlirli insanlar çox vaxt daşqın, sürüşmə və ekoloji risklərin yüksək olduğu ərazilərdə yaşamağa məcbur qalırlar.

Lans Braun bildirib ki, torpaq üzərində hüquqi təminatın olmaması bir çox ailənin yenidənqurma yardımlarından kənarda qalmasına və fəlakətlərdən sonra məcburi köçürülmə riski ilə üzləşməsinə səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM