Zaminlik müqaviləsinin anlayışı və mahiyyəti

Zaminlik müqaviləsinin anlayışı və mahiyyəti

Öhdəliyin icrasının təmin edilməsi üsullarından biri də zaminlikdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanır və yazılı formaya riayət olunmaması müqavilənin etibarsızlığına səbəb olur.

Zaminlik birtərəfli, əvəzsiz müqavilədir. Zaminliklə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi də təmin edilə bilər. Zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin zaminlik müqaviləsində göstərilməsi müqavilənin mühüm şərtlərindən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminlik müqaviləsi imzalandığı vaxtdan etibarən zamin bank qarşısında məsuliyyət daşıyır. Əgər borclunun krediti ödəmək imkanı yoxdursa, bundan imtina edirsə, ümumiyyətlə hər hansı səbəbdən borcunu ödəmirsə, borcu ödəmək vəzifəsi zaminin üzərinə düşür.

Mülki qanunvericilik zamin duran şəxsin məsuliyyətinin subsidiar və birgə məsuliyyət növünü müəyyən edir.

Subsidiar məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

Zaminliyin ikinci formasında isə ümumi qaydaya görə, borclu və zamin kreditor qarşısında birgə  məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Qanunvericiliyə əsasən kreditorun tələbinin icra edilməsi zamanı zamin və borclu bir-birinə qarşılıqlı məlumat verməlidirlər.

Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmçinin zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməlidir. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.

Zamin tərəfindən öhdəlik icra edildikdə isə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə zaminə keçir. Zamin, həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

Zaminliyə xitam verilməsi halları ilə bağlı qeyd etmək lazımdır ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminliyə xitam verilməsi ilə bağlı digər hal isə kreditorla razılaşma olmadığı zaman baş verə bilər. Yəni əgər zamin, yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməyibsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyinə xitam verilir. Kreditorun borclu və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdiyi halda da zaminliyə xitam verilir. Həmçinin zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığı halda da xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə isə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Sonda isə qeyd etmək lazımdır ki, zamin duran şəxs hər an böyük risk daşıyıcısıdır.  Belə ki, zaminlik müqaviləsinə imza atmaqla adətən birgə borclu qismində çıxış edir  və borclu ödənişləri vaxtında etmədikdə, ödənişləri zamin ödəməli olur. Bu ödənişlərə həm əsas borc, həm faiz borcu, həm də gecikdirilmiş günlərə görə dəbbə pulu daxildir.                                                                                                                                                

İsa Əliyev

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

Xəbər lenti
Türkiyədə zəlzələ olub

21:18 18.04.2021

Kəngərli kətəsi

19:00 18.04.2021

Çox oxunan xəbərlər