Muxtar respublikada taxıl biçini başlayıb

Muxtar respublikada taxıl biçini başlayıb

Muxtar respublikada yetişdirilən taxılın vaxtında və itkisiz toplanması üçün aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər həyata keçirilir, biçinə hazırlıq işləri görülür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq Ordubad, Culfa və Kəngərli rayonlarında taxıl biçininə başlanılıb.

Hazırda kombaynlar, traktorlar, eləcə də digər texnika və avtomobillər hazır vəziyyətə gətirilib. Taxıl biçinində iştirak edən kombayn, maşın və mexanizmlərin davamlı işləməsi üçün zəruri ehtiyat hissələri alınıb, texniki xidmət təşkil olunub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Təhlükəsizlik  İdarəsinin və onun yerli qurumları tərəfindən muxtar respublika ərazisində aparılacaq taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və biçin zamanı yanğınların baş verməsinin qarşısının alınması məqsədi ilə zəruri tədbirlər də həyata keçirilib.

Bundan əlavə, taxılın vaxtında toplanılması qədər onun itkisiz şəkildə anbarlaşdırılması və emalı məsələləri də vacib olduğundan  Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində  lazımi şərait yaradılıb. 

Qeyd edək ki, əkinçiliyin, o cümlədən taxılçılığın intensiv inkişafını təmin edən amillərdən biri də meliorasiya və irriqasiya tədbirlərinin geniş vüsət almasıdır. Cari ilin aprel ayında Şahbuz rayonunun Külüs kəndində yeni nasostansiyasının istifadəyə verilməsi də bu tədbirlərin davamıdır. Nasos stansiyası vasitəsilə 400 hektara yaxın dəmyə əkin sahəsi artıq suvarılan əraziyə çevrilib. Bu ilin məhsulu üçün ötən ilin payızında 274 hektar sahədə arpa, buğda və xaşa əkilib. Həmçinin 45 hektar sahədə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti əkin aparıb. Gələcəkdə bu ərazilərdə qurulacaq olan qapalı suvarma şəbəkəsi də ərazidə məhsuldarlığın daha yüksək səviyyədə inkişafına şərait yaradacaq.

Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM