Yeni doğulmuş uşağın ad seçiminə məsuliyyətlə yanaşılmalıdır

Yeni doğulmuş uşağın ad seçiminə məsuliyyətlə yanaşılmalıdır

Şəxs adlarının vəzifəsi cəmiyyət üzvlərini bir-birindən fərqləndirməkdir. Ad elə bir seçimdir ki, bu adı daşıyanın öz əlində olmur, valideynləri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilir ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər.

Qeyd edək ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır və adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir.

Ad insanı geniş insan kütləsi arasında, o cümlədən mülki hüquq münasibətlərində fərdiləşdirilən bir vasitədir. Tarixən insanlara anadan olduqları vaxtdan müəyyən ad verilir və həmin şəxs bu ad altında yaşayıb fəaliyyət göstərir. Adsız fəaliyyət göstərən şəxs olur, lakin adsız insan olmur. Belə ki, müəllif öz əsərini adsız (anonim) yaya bilər, lakin bu o demək deyildir ki, onun müəyyən adı yoxdur.

Mülki qanunvericiliyə görə ad məfhumu şəxsin adı ilə yanaşı onun soyadını və atasının adını da əhatə edir. Şəxsin adı bu üç göstərici ilə ifadə olunur. Hər bir fiziki şəxs mülki hüquq münasibətlərinə girmək üçün öz adından müəyyən müqavilə bağlayır, əmlakını öz adından satır, bağışlayır, vəsiyyət edir və s.

Hər bir uşaq doğulduqdan sonra qanunvericiliyə uyğun olaraq qeydiyyata alınır. Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Şəxs adı insanı adlandırmaqdan başqa, müəyyən mənaya da malikdir. Uşağa ad seçərkən onun gələcəyi mütləq nəzərə alınmalıdır. Çünki şəxs adları rəsmi ad hesab olunur və onlar rəsmi sənədlərində öz əksini tapır. Adın şöhrətlənməsində şəxsin ictimai həyatdakı fəaliyyəti əsas rol oynasa da bəzən elə adlar verilir ki, bu da cəmiyyət arasında birmənalı qarşılanmır.  Cəmiyyətdə yaxşı, mənalı adlarla yanaşı, hələ də gülünc doğuran, müştərək adların verilməsinə rast gəlinir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Adın soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda göstərilir ki, yeni doğulmuş uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc doğuran adların verilməsinə yol verilmir. Adın seçilməsində kimlərin iştirak etməsinə  baxmayaraq əsas məsuliyyət ata və ana üzərinə düşür. Adseçmə məsuliyyətli bir seçimdir. Bəzi valideynlər isə  bu məsuliyyətə bir o qədər əhəmiyyət vermirlər. Lakin bunun mənfi nəticəsi uşaq böyüyəndən sonra ortaya çıxır. Belə ki, bu cür hallarda ad sahibləri sonradan öz adlarını bəyənmir və onları xoşagələn adlarla əvəz etməyə məcbur olurlar. Qanunvericiliyə əsasən vətəndaşların öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.  

Ad seçimində çətinlik çəkən valideynlər “Azərbaycan şəxs adlarının izahlı lüğəti”nə müraciət edə bilərlər. Həmçinin, vətəndaşlar Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumat” e-xidmət vasitəsilə Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, cinsi, əhali arasında yayılma səviyyəsi barədə məlumatlar əldə edə bilərlər.                                                                   

                                                                                       İradə Quliyeva

                                                                        Ədliyyə Nazirliyinin əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM