44 səhifəlik əsər - yarı qürur, yarı kədər

44 səhifəlik  əsər - yarı  qürur,  yarı kədər

Bir bazar günü... 27 sentyabr 2020-ci il, mavi ekrana kilidlənən həyəcanlı baxışlar, çırpınan ürəklər, eşidəcəyi hər sözə özünü hazırlayan insanlar...

Bütün telekanallarda Prezident İlham Əliyevin xalqa müraciətinin olacağı ilə bağlı alt yazı yayımlanırdı. Heç vaxt atəşkəs  rejiminə  riayət etməyən  işğalçı Ermənistan həmin gün səhər saatlarından öz silahlarını yenə işə salmışdı. 30 ildir, zaman-zaman bizim mövqeləri atəşə tutan düşmənin silahının qurbanı bu dəfə həm dinc əhali, həm də hərbçilərimiz olmuşdu. Şəhidimiz və yaralanan hərbi qulluqçularımız var idi. Bu xəbər hər kəsi sarsıtdı. Ordumuz qisas andını həyata keçirməyə tam hazır idi... Nəhayət, Azərbaycan Ordusu komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu  əks-hücum əməliyyatına başlanması əmri verildi. Ordumuzun  illərdir  eşitmək istədiyi bir əmr. Xalqın ümidinə günəş kimi doğan bir əmr.

O gün başlanğıc günü idi. Səbrin bitdiyi, zəfərə gedən yolun başlanğıcı olan 27 sentyabr... O gün haqq savaşımız, Vətən müharibəmiz öz sözünü deməyə başladı.

İllərlə köksündə Qarabağ yarası ilə gəzən Azərbaycana göz yuman dünya indi ondan danışmağa başlamışdı. Dünyanın tanınmış telekanalları Azərbaycan-Ermənistan müharibəsinin gedişatına köklənmişdi. Uzun zaman ümidini itirməyən, gücünə hər an güc qatan Azərbaycan o gün ayağa qalxmışdı. Xilaskar Azərbaycan əsgəri hazır idi... Öz zərbəsi ilə düşmənin başını əzməyə hazır olan ordumuz ilk anlardan zəfərə imza atmağı bacardı. Vətən müharibəmizin birinci günündə ilk azadlıq xəbəri gəldi: 7 kəndimiz və Murovdağ zirvəsi artıq azad idi...                                                         

Sevinc və kədər artıq bir-birilə yarışmağa başlamışdı. İllərdir eyni dərdi paylaşan, eyni yaraya məlhəm axtaran Azərbaycan xalqının tükənən səbri, qüruru, mərdliyi, birliyi özünü göstərməyə başladı. Ön cəbhədə şərəfli Azərbaycan Ordusu, arxa cəbhədə ordusuna güc verən bütöv xalq dayanırdı. Bəli, hər kəs qarabağlı idi, hər kəs ürəyində sonsuz Vətən sevgisi daşıyan bir əsgər idi. Hər kəsin damarında Polad qanı, ruhunda intiqam hissi çağlayırdı.

Bir amal uğrunda vuruşanlar dayanmadan, yorulmadan irəliyə doğru iti addımlarla gedirdi. Onlar getdikcə Vətən torpağı sevinir, doğma addımlara qucaq açır, isti nəfəsi canına çəkdikcə ruhuna dinclik gəlirdi.

Haqq yolunda mərdliklə vuruşan qəhrəmanlar geriyə baxmadan, geridə qalanları  düşünmədən Qarabağa tələsirdi. Vətən torpağını erməni işğalından azad edib  Zəfər qazanmaq arzusu onları  Qarabağa aparırdı...

İnamlı xalq qələbəyə gedən yolda şəhidlərin də olacağını bilirdi. Buna rəğmən, hər kəs dik dayanaraq illərin torpaq həsrətinə son qoyulacağını gözləyirdi. 30 illik Qarabağ həsrətinin bitməsi uğrunda mübarizə aparan ordumuza dikilən gözlər, hər an döyüşə getməyə hazır olan Azərbaycanın qəhrəman oğul və qızları gecə yatmır, səhər rahatlıq tapmırdı. Cəbhədən gələn şad xəbərlərə qürurla qucaq açırdı.

Bəli, arxada olan hər kəsin ürəyi cəbhədə döyünürdü. Ali Baş Komandan-xalq-ordu birliyi izaholunmaz bir bağla bir-birinə bağlandı. Nə tarix, nə dünya belə həmrəylik dastanına şahidlik etməmişdi. Bu, əslində “Dəmir Yumruq” altında birləşmə idi. Bu bir LİDERin atasına verdiyi sözün əməli uğruna birləşmə gücü idi. Bu gücün  qarşısında artıq heç kəs dura bilməzdi. Bilmədi də... Birlik olmağı, bu Vətən üçün can qurban verməyi bacaran millət bir-birinə arxa, dayaq olmaqla qələbə qazanılacağını bir daha hər kəsə sübut etdi.

Vətən müharibəsi bizi zəfərə doğru aparırdı. Azərbaycan əsgəri qanı ilə tarix yazmağa davam edirdi. Qüruru ilə kədərini bir qəlbinə sığdıran xalq şəhidini böyük fəxarət hissi ilə qarşılayırdı. Bitən torpaq həsrəti bitməyən oğul, qardaş, yar, ata həsrəti ilə əvəzləndi. Əbədiyyətə qovuşan şəhidlər bir ananın gözlərində həsrət, bir atanın qəlbində acıya dönərək yenidən doğdu. Üçrəngli bayrağına bükülüb geri dönən oğullar səmada işıq saçan ulduz olaraq hər biri qəhrəmanlıq dastanının bir boyu olmağı bacardı. Geriyə, gözündə sevinci  öldürüb  qüruru yaradan doğmaları qaldı.

Qanında, canında Vətən sevgisi yaşadan oğullar ya qalib, ya şəhid, ya da qazi şüarı ilə Qarabağın tacı Şuşaya  doğru  can atırdı. Arxalarında isə azad nəfəs bəxş etdikləri torpaqlarda üçrəngli, ay-ulduzlu bayraq qürurla dalğalanırdı. Bir-birinin ardınca qazanılan qələbə bizə Şuşada azan səsini eşitməyi nəsib etdi... Nəhayət,  8 Noyabr 2020-ci il tarixi təqvimdə özünə şanlı ad qazanmağı bacardı. Bəli, həmin gün azad Şuşada  bayrağımızın  dalğalanması  şanlı zəfərimizin, tarixi qələbəmizin günü oldu... Müzəffər Ordumuzun gücü öz sözünü “Qarabağ Azərbaycandır” ifadəsi ilə möhürlədi...

44 səhifəlik əsər yazan igidlərimiz 30 ilə yaxın yadlara əsir olan Füzulimizdən  daxil olub  Şuşamızdan çıxdılar.  Mənfur düşməni “iti qovan kimi”  qovdular... 

Bu bayraq uğrunda dastan yazan, şanlı zəfəri bizə yaşadan unudulmaz, qəhrəman HƏRBÇİM. Bu zəfər sənin silahının əzmi, qalibiyyət sənin hünərinin əsəridir. Sən hər zaman Vətən demisən. Qürurla daşıdığın adı bu gün şərəflə yerinə yetirdiyin əməlinlə bir daha hər kəsə sevdirdin. Səni görənlər gözündəki qorxubilməzliyi də  görə bildiyi üçün özünü güvəndə hesab edir.

Sən bu gün azad torpağının uğrunda canından keçən, “Bayatı-Şiraz”ın misralarına hopan, “Xudayar təsnifi”ndə var olan, Xarıbülbülün ətrində duyulan, “Dəmir yumruğ”un zərbəsində izi olan, rahat yaşamağı bizə bəxş edən önündə baş əyib minnət duyduğumuz Şəhidimsən.

Sən bu gün yarıcan olan, gözündən, qolundan, ayağından Vətənə qurban verən, “Azərbaycan yaşasın” deyib, bu gün şəhidinə borclu olduğunu dilə gətirən mərd Qazimsən.

Sən bu gün döyüş meydanında bir çiynində düşməni hədəf alan silahı, bir çiynində şəhid döyüş yoldaşı, irəliyə doğru düşmənə yerini göstərməyə tələsən qorxmaz igid Qalibimsən.

Bu ZƏFƏR sənindir, geri dönəcəyinə ümidi olmadan azad gələcəyə doğru addımlayan rəşadətli Azərbaycan ordusunun ŞƏHİD, QAZİ, QALİB igidləri... Zəfərin mübarək, əziz QƏHRƏMAN! Qələbən mübarək, Azərbaycan! Sən qalib xalqın qalib Vətənisən.

Sən bu gün səmada dalğalanan üçrəngli bayrağında işıq saçan ulduz, gülümsəyən aysan!   

               

Ramilə Rinadqızı

Naxçıvan Televiziyasının redaktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM