ÜST: Uşaqların COVID-19-a qarşı vaksinasiyası barədə qərar milli hökumətləri tərəfindən qəbul edilməlidir

ÜST: Uşaqların COVID-19-a qarşı vaksinasiyası barədə qərar milli hökumətləri tərəfindən qəbul edilməlidir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqları və yeniyetmələri COVID-19-a qarşı peyvənd edib-etməməklə bağlı qərar verməyi hökumətlərin öhdəsinə buraxır. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, təşkilatın ekspertləri xatırladırlar ki, bir sıra ölkədə hələ də peyvənd çatışmazlığı var, uşaqlar isə koronavirus infeksiyasının ağır formalarına az tutulduğuna görə prioritet qrupa daxil deyil.

ÜST indiyədək bir sıra ölkədə uşaqlara tətbiq edilmək üçün “yaşıl işıq alan” Pfizer və Moderna şirkətlərinin istehsal etdiyi preparatlar da daxil olmaqla, fövqəladə hallarda istifadə etmək üçün COVID-19 əleyhinə ümumilikdə səkkiz peyvəndi təsdiqləyib. ÜST ekspertləri hələ ki uşaqların COVID-19-a qarşı peyvənd edilməsinin mümkünlüyü məsələsini araşdırırlar və ilkin nəticələrini dərc ediblər.

Onların sözlərinə görə, xəstəliyin kəskin gedişindən sonra uşaqlar uzun müddət COVID-19-dan əziyyət çəkə bilsələr də, bunun yetkinlik yaşına çatmayanlar üçün nə dərəcədə tez-tez baş verən və təhlükəli olduğu hələ məlum deyil. Eyni zamanda ÜST nadir hallarda da olsa, keçirilən infeksiyadan sonra uşaqlarda rast gəlinən, bir neçə orqanın sistemli zədələnməsi olan ağırlaşma barədə xatırladır.

Eyni zamanda mövcud statistikaya əsasən, 15 yaşa qədər uşaqlar COVID-19-dan ölənlərin cəmi 0,1 faizini, 15-24 yaşlı gənclər isə 0,4 faizini təşkil edir.

“COVID-19-un ağır formaları ilə bağlı əsas yükü daha böyük yaş qrupuna aid insanlar və xroniki xəstəlikləri olan xəstələr daşıyır... Ümumiyyətlə, onlarla müqayisədə uşaqlar və yeniyetmələrdə infeksiya əlamətləri və onun ağır gedişi və ya ölüm halları daha az olur”, - ÜST-nin bəyanatında deyilir.

Ümumiyyətlə, ÜST hazırkı mərhələdə hesab edir ki, uşaqları COVID-19-a qarşı immunizasiya kampaniyasının başlanması barədə qərar konkret vəziyyətdən irəli gələrək ölkələrin milli hökumətləri tərəfindən qəbul edilməlidir.

Cenevrədə keçirilən brifinqdə ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib ki, ötən həftə bütün COVID-19 yoluxma hallarının 60 faizi Avropaya təsadüf edib. Buna baxmayaraq, onun sözlərinə görə, bu gün heç bir ölkə pandemiya üzərində tam qələbə çaldığını deyə bilməz.

“Bir çox ölkədə və icmalarda peyvəndlərin pandemiyanın qarşısını alacağı, peyvənd olunan insanların profilaktik tədbirlər görməsinə ehtiyacın olmadığı ilə bağlı fikirlə şərtləndirilən arxayınlaşma hissinin müşahidə olunması bizi narahat edir.

O xəbərdarlıq edib ki, peyvəndlər insan həyatını xilas edir, lakin onlar infeksiyanın ötürülmənin qarşısını tamamilə almağa qadir deyil. Doktor Tedrosun sözlərinə görə, mövcud məlumatlara əsasən “delta” variantının peyda olunmasından əvvəl peyvəndlər xəstəliyin yayılmasını 60 faiz azaldırdı, indi isə bu göstərici 40 faizə enib.

"Peyvənd olunmusuzsa, xəstəliyin ağır keçməsi riskiniz daha az olacaq, lakin siz yenə də yoluxmaq və başqalarını yoluxdurmaq riskinə məruzsunuz", - deyə o əlavə edib. ÜST rəhbəri peyvənddən sonra yoluxma və infeksiyanın başqalarına ötürülməsinin qarşısını almağa kömək edən ehtiyat tədbirlərindən imtina etməməyə, maska taxmağa, əlləri yumağa, başqaları ilə məsafə saxlamağa və insanların çox olduğu yerlərə getməməyə çağırıb.

Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqlarda koronavirusa qarşı peyvənd edilməsinə icazə verib. Uşaqların peyvənd olunması könüllü xarakter daşıyır və tibbi səbəblərə görə, həmçinin hər iki valideynin icazəsi ilə tətbiq olunur.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM