Ötən il muxtar respublikada 6300-dən artıq abonent genişzolaqlı internetlə təmin olunub

Ötən il muxtar respublikada 6300-dən artıq abonent genişzolaqlı internetlə təmin olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib.

İclasda nazir Vüsal  Sevdimalıyev bildirib ki, muxtar respublikanın yaşayış məntəqələri tamamilə telefonlaşdırılıb, müasir rabitə sistemləri qurulub, sürətli internetə çıxış təmin olunub. Ötən il 9 Rabitə Evi və Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib, Şərur rayonunun Çərçiboğan, Ordubad rayonunun Unus, Kələki və Pəzməri kəndlərində yeni inşa olunan kənd mərkəzlərinə rabitə xətlərinin çəkilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Muxtar respublikanın stasionar telefon şəbəkəsinin tamamilə Yeni Nəsil Telekommunikasiya sisteminə keçirilməsi, habelə “Naxtel” mobil rabitə şəbəkəsinin abunəçi tutumunun artırılması üçün yeni baza stansiyalarının istifadəyə verilməsi istiqamətində işlər davam etdirilib. Həyata keçirilən tədbirlər 4-cü nəsil “Naxtel” abunəçilərinin sayının artmasına da səbəb olub.  

Qeyd olunub ki, hesabat dövründə muxtar respublika ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi işinin davam etdirilməsi məqsədilə “Evədək optika” layihəsi uğurla icra olunub. Həmçinin əhalinin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. İl ərzində bir sıra qurumların saytlarının dizayn, quruluş və məzmun baxımından yenilənməsi istiqamətində təhlillər aparılıb, layihələr hazırlanıb. Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ötən il Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində və muxtar respublikanın bir sıra rayonlarında müxtəlif tutumlu 8 yeni Avtomat Telefon Stansiyası quraşdırılıb, bir sıra qurumlara rabitə xətləri çəkilib, üç və dörd rəqəmli qısa nömrələr təqdim edilib. Hesabat dövründə muxtar respublikada ümumilikdə, 2441 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib, 6300-dən artıq abonent genişzolaqlı internetlə təmin olunub. Həmçinin, telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunub, şəhər, rayon mərkəzlərində və kəndlərdə fəaliyyət göstərən Avtomat Telefon Stansiyalarına internet plataları  əlavə edilib.

Distant tədrisə cəlb edilmiş hərəkət qabiliyyəti məhdud 3 uşağın mənzili genişzolaqlı ADSL internetlə  və zəruri avadanlıqlarla təmin olunub. Nazir bildirib ki, hesabat dövründə ümumilikdə 477 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib. Həmçinin 9 karqo şirkətinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilib.

Kollegiya iclasında məruzə ətrafında çıxışlar dinlənilib, qərar layihəsi oxunub və 2022-ci il üçün İş Planı təsdiq olunub.

                                            Adilə Səfərova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM