Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30-cu ilində bu sahədə misilsiz xidmətləri olan görkəmli insanlar da ehtiramla anılır. Onlardan biri də Azərbaycan istiqlal mücadiləsinin nümayəndələrindən olan tanınmış şair Əhməd Cavaddır. Bu zərurətdən irəli gələrək Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əhməd Cavad ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəstxəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir”. Qüdrətli söz ustadı və istiqlal şairi Ə.Cavadın 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında təntənəli keçirilməsini təmin etmək məqsədilə Ali Məclisin Sədri tərəfindən “Tədbirlər Planı” təsdiq edilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın (1892-1937) yaradıcılığı Azərbaycan dövlətçiliyinin, o cümlədən Xalq Cümhuriyyətinin tərənnümü baxımından çox zəngindir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının nəhəng siması, Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd Cavadın yaradıcılığında əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya məktəbi yaratmışdır. O, Azərbaycan milli şeirinin ən qüdrətli ustadlarından biri kimi geniş şöhrət qazanmışdır. Romantik fikir və şeirin ön sıralarında dayanan şair yaradıcılığında xalqın istiqlal ideallarını əks etdirmiş və onun bayraqdarına çevrilmişdir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan yüksək əhvali-ruhiyyə, mənəvi toxtaqlıq, müstəqillik duyğuları, azadlıq sevgisi və Vətən məhəbbəti bu dövrdə yaranan milli poeziya nümunələrində özünə geniş yer tapır ki, Azərbaycan poeziyasının mükəmməl ustadlarından olan Əhməd Cavad yaradıcılığı bu poeziyanın ən gözəl örnəyini təşkil edir. Bu qüdrətli və vətənpərvər şair Azərbaycanın ilk Dövlət Himninin sözlərini yazır, dövlət atributlarını vəsf və tərənnüm edir, dövlətçiliyə məhəbbət və Vətənə bağlılıq hisslərini təbliğ edir. Professor Yaşar Qarayev haqlı olaraq yazır: “Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür. ...Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur”. Bu baxımdan görkəmli Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm dolu nümunələri ilə fərqlənir. Əhməd Cavad o şairdir ki:
Soranlara mən buyurdum
Anlatayım nəçiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm, –
deyə özünü mənsub olduğu xalqının və ölkəsinin “haqq səsini bağıran” ruporu hesab etmişdir. Yaradıcılığının bu xüsusiyyətlərinə görə Ə.Cavad həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnüm edən yaradıcı sənətkarların ağsaqqalı hesab olunur. Qəlbi Vətən eşqi ilə yanan bu böyük sənətkar əsərlərində Vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmə çıxarmışdır. Bu hisslərlə ədəbiyyata gələn şair “haqq bağıran səsi” olduğu ölkəsinin dövlət müstəqilliyi əldə etdiyi illərdə bu müstəqilliyin tərənnümçüsünə çevrilmiş, dövlət rəmzlərinə ən çox şeir qoşan və bu müstəqilliyin verdiyi qüruru daha çox tərənnüm və təbliğ edən şair kimi özünü təsdiq etmişdir. Şairin böyük məhəbbətlə yazdığı “Nədən yarandın” şeirində:
Sən qüdrətin aşıb-coşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
...Qaranlıqda boğularkən ümidim
Dan ulduzu yürüşündən yarandın!
...Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın! –
deyə milli fəxarət və qürur əks etdirilir. Onun “Azərbaycan bayrağına” şeiri də bu ruhda yazılan, sənətkarın bir vətəndaş-şair olaraq dövlət müstəqilliyinə, xalqının, millətinin, Vətəninin müstəqillik simvoluna bəslədiyi sonsuz məhəbbətini, qürurverici hisslərini ifadə edir. Bu əsəri Azərbaycanın müstəqillik tarixində bayrağa məhəbbət dolu şeirlər silsiləsinin ən yüksək zirvəsi də adlandırmaq olar. Şeir özünün bədii təsir gücü, səmimiliyi və dövlətçilik dəyərlərinə vətəndaşlıq məhəbbəti ilə seçilən, bədii-estetik əhəmiyyəti ilə diqqəti cəlb edən əbədiyaşar bir əsərdir. Diqqət edilsə, şair təkcə tərənnüm və vəsf etmir, həm də bayraqdakı rəmzi işarələrin mənasını açır, onun müqəddəsliyi və ucalığını hiss etdirir, milli dövlətçilik tarixinə nəzər salır, milli dövlətçilik ənənələrini izləyərək bu müqəddəs oğuz-türk yurdunda mövcud olmuş məşhur Elxanilər-Atabəylər dövlətlərinə işarə edir.
Ümumiyyətlə, Vətən məhəbbətinin bədii ədəbiyyatdakı bir simvolu olaraq çıxış edən bayraq mövzusu böyük Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığında əsas mövzulardan biridir. Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi və ilk milli dövlət bayrağı qaldırıldığı 1918-ci ildə şairin şəxsən söylədiyi “Elin bayrağı” şeiri də bayrağa və onun ifadə etdiyi müstəqillik və azadlığa dərin məhəbbətin ifadəsidir. Şair bayrağı kəsb etdiyi məzmun və mahiyyətə əsasən qibləgah, yol göstərən kimi təqdim edir. Əhməd Cavad Azərbaycan bayrağını kamilləşmə dövrünü keçən Azərbaycançılıq ideologiyasının qibləgahı və yol göstərəni, bayrağın iman və inam yeri olduğunu bildirir. Şair:
Təmiz al alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil! –
deyə bütün vətəndaşları bu bayraq altında Azərbaycanın və Azərbaycançılığın əsgəritək birləşməyə çağırır.
Şairin bu mövzuda yazdığı “Al bayrağa” şeiri də öz təsir gücü və məzmunu etibarilə fərqlilik kəsb edir. Ritorik suallar şeirdəki təsir gücünü artırdığı kimi, müəyyən mətləbləri diqqətə çatdırmağın, vurğulamağın da öhdəsindən müvəffəqiyyətlə gəlir. Şair:
Bu bənzəyiş nədən, gözüm
Şəhidlərin qanına?!
Uğrunda can verənlər
Neyçün qıyar canına?!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü! –
misralarında Dövlət bayrağına ehtiram dəyərlərini məharətlə simvollaşdırmışdır. Bayrağın qırmızı rəngini azadlıq və istiqlaliyyət məzmununda mənalandırmaqla şair milli istiqlaliyyət mücahidlərinin xatirəsini əbədiləşdirmiş, öz varlığını istiqlaliyyətə qurban verən şəhidlərə mənəvi abidə ucaltmışdır. Övlad itkisindən içi sökülən, dərdli bir ananın, nənənin al rəngli bayrağı görəndə təsəlli tapmasını ən sadə vətəndaşın istiqlaliyyət sevgisi və milli qüruru, vətəndaşlıq vüqarı kimi dəyərləndirir. “Ellə gələn dərd toy-bayram olar” müdrikliyini özündə yaşadan ağbirçək nənə el üçün, Vətən üçün canından keçmiş övladını xatırlarkən müstəqillik simvolu olan, dövlətinin güc-qüdrət rəmzi kimi dalğalanan al bayrağı görərkən sinəsi qürur və iftixarla dolur. Qoca ana al bayrağın mavi səmada aramsız dalğalanmasını müşahidə edərkən şəhid olmuş övladının ruhunun bu dalğalar üzərində azad-azad süzdüyünü sanır. Şair al bayrağın ciddiyyət və təsir gücünü metaforalarla da daha təsirli təqdim etməyə müvəffəq olur. Qürurla sinəsini qabardıb üzü göylərə doğru zirvələrlə yarışan, səadət və xoşbəxtlik rəmzi olan ay-ulduzlu, mavi göylərə baş çəkən al Azərbaycan bayrağı dalğalanarkən Vətənin istiqlaliyyəti, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid düşmüş Azərbaycan qəhrəmanlarının ruhlarından ibarət göy əsgərləri olan buludlar onun önündə salam duruşuna keçir və nizami yürüş nümayiş etdirirlər. Bayraq elə bir qürur və iftixarverici sevgiyə layiqdir ki, artıq sevdalanmış bir qız belə, ona dərin məhəbbətlə bağlanmışdır. Şairin: “Sən öylə bir şeirsən ki, sevməyənlər anlamaz!” – misrası ilə bu bayrağın sonsuz bir sevgidən, minlərlə insanın mübarizə və mücadiləsindən yaranmış dövlət müstəqilliyinin rəmzi olduğunu, üzərində minlərlə şəhidin al qanının rənginin hopduğunu ifadə etmişdir.
Vətəndaş-şair məhz bu hisslərlə, sonsuz məhəbbət və dərin iftixarla bayrağa sevgi dolu şeirlər həsr etmişdir. Əhməd Cavad digər mövzulu əsərlərində, habelə “Aşiqin dərdi”, “Bən bulmuşam”, məşhur “Göy göl” kimi şeirlərində də Azərbaycan bayrağına sevgisini poetik şəkildə ifadə etmişdir. Böyük şairin yaradıcılığında tez-tez Azərbaycan bayrağına, ayrıca aya və ulduza müraciət məhz bir vətəndaş olaraq şairin qəlbindəki xalqa, Vətənə və onun dövlət müstəqilliyinə məhəbbətinin nişanəsi, milli qürur, heysiyyət və istiqlal düşüncəsinin təcəssümüdür. O bütün yaradıcılığı ilə Azərbaycan dövlətçilik təfəkkürünün poetik ifadəçisi, dövlətçilik dəyərlərimizin tərənnümçüsüdür. Bu baxımdan bayraq və gerb sənətini öyrənən heraldika elmi ilə müqayisədə ədəbi yaradıcılığı dövlətçilik atributlarına, xüsusilə bayrağa və onun rəmzlərinə vəsflə yazılmış Əhməd Cavad poeziyasını “Heraldik poeziya” adlandırmaq olar. Bu sonsuz məhəbbətdən idi ki, Azərbaycanın dövlət müstəqilliyini itirməsi, işğalı dərdi şairi rahat buraxmamış, onun sonrakı yaradıcılıq nümunələrində bu məsələ yanıqlı şəkildə həsrətli ifadələrlə xatırlanmışdır. Sovet dövründə yazılan “Göy göl” şeirindəki bu notlar da onun vaxtilə sərt tənqid olunmasına bəhanə olmuşdur:
Sənin gözəlliyin gəlməz ki saya?!
Qoynunda yer vardır Ulduza, Aya.
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl!
Əlbəttə, misralarda Azərbaycan xalqının bu şanlı illərinin – 1918-1920-ci illərin tarixini bilənlər yaxşı başa düşür ki, Əhməd Cavad Göy gölə müraciət etməklə həm Vətəni, həm də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş Gəncəni, bu şəhərin AXC dövründəki mövqeyini dilə gətirmək istəmişdir. Çünki AXC elan edildikdən sonra Bakı şəhəri düşmən əhatəsində olduğu üçün müstəqil dövlətin paytaxtı Tiflisdən Gəncə şəhərinə köçməli olmuşdur. Şair də həmin misralarla dönəmləri xatırlatmış, Azərbaycanın bu müstəqillik illərinin həsrət duyğularını ifadə etmişdir. Bu baxımdan akademik Kamal Abdullanın böyük şair Hüseyn Cavid haqqında dediyi bu sözləri Əhməd Cavada da şamil etmək olar: “Azərbaycan yaradıcı fikri süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, ...öz sənət idealına xain çıxmamış, onu satmamışdır”. “Keçmişdir onlara qəzəbin niyə, Düşmüşlərdir səndən aralı, Göy göl?!” – deyən şairin Vətənindən didərgin düşmüş mühacir cümhuriyyət, müstəqillik mücahidlərinə işarə etdiyini açıq-aydın başa düşmək mümkündür. Şeirin:
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, qoy olsun haralı, Göy göl! –
bəndində dünyanın müxtəlif ölkələrinə səpələnərək mühacir ömrü yaşayan Azərbaycanın müstəqillik mücahidlərinə salam, mesaj göndərmək fikri hakimdir. Azərbaycan müstəqilliyini özündə simvolizə edən Göy gölə sədaqət və məhəbbət şairin Göy gölə həsr olunmuş digər şeirində də var. “Assınlar məni! Kəssinlər məni! Qoy türmələrə Bassınlar məni!” təhdidi, təqibi, təhlükəsi altında amalına, Vətəninə sədaqətli vətəndaş-şairin “Neynirəm könlü? Neynirəm dili? Səndən yazmasam, Neynirəm əli?” niyyəti, məqsədi dimdik dayanır. Zəmanənin çətinliyini şeirdəki misraların fikir təzadları da aydın təzahür etdirir. Şair açıq cəsarətlə Vətənini, bayrağını, müstəqilliyini sevdiyi, dilə gətirdiyi üçün zindanlara düşdüyünü yazdığı kimi, “Nəsən, kimsən sən? Nisgilimsən sən! Qoy açıq deyim: Sevgilimsən sən!” kimi misralarındakı “sevgilimsən, nisgilimsən” təzadı da aydın nümayiş etdirir. Yəni “Vətənini əsl mənada sevməyin nisgil olduğu bir zaman” bundan artıq öz ifadəsini tapa bilməz. Zəmanənin mürəkkəbliyi, çətinliyi “Kür” əsərində də özünü hiss etdirir. “Əyil, Kürüm, əyil, keç, meydan sənin deyil, keç!” misraları da zəmanənin milli iradəni qıran və əyən bir zəmanə olduğunu çox aydın əks etdirir.
Ümumiyyətlə, dövlətçilik yönlü Azərbaycançılıq məfkurəsi Əhməd Cavad yaradıcılığı üçün səciyyəvidir. Əhməd Cavadın “Nədən yarandın”, “Azərbaycan bayrağına”, “Elin bayrağı”, “Al bayrağa” kimi şeirləri sırf dövlət müstəqilliyini simvolizə edən bayrağa məhəbbət ruhunda yazılan və Azərbaycançılığı tərənnüm və təbliğ edən əsərlərdir. Əhməd Cavad poeziyasında milli düşüncə təkcə Azərbaycan və Azərbaycançılıqla məhdudlaşmamış, ümumən, türk və türkçülük ideyası ilə çulğalaşaraq turançılığı da əhatə etmişdir. Bu mənada, Əhməd Cavadın milli məfkurəsi ümumtürk nüvəli Azərbaycançılıq ideologiyasıdır. Bu məhəbbətdən və bağlılıqdan irəli gəlirdi ki, onun şeirlərində türk düşüncəli poetik nümunələr də özünə xeyli sayda yer tutmuş, xüsusilə “Çırpınırdı, Qara dəniz”, “İstanbul”, “Şəhidlərə”, “Türk ordusuna”, “Ey əsgər” kimi şeirlərində milli sevgi duyğuları və Turan məhəbbəti ifadə olunmuşdur.
Bu gün Böyük Vətən müharibəsi Zəfərinin əhvali-ruhiyyəsi içərisində, dövlət müstəqilliyimizin bərpasının 30-cu ilində milli istiqlalımıza əvəzsiz xidmətlər göstərmiş Əhməd Cavad kimi qüdrətli şəxsiyyətlərimizi ehtiramla xatırlayırıq. Çünki Azərbaycançılıq məfkurəsi ilə zəngin ədəbi-bədii yaradıcılığa malik Əhməd Cavad Azərbaycan istiqlal düşüncəsi, milli müstəqillik mücadiləsi və milli ideologiyasının görkəmli nümayəndələrindən biri və hər gələn yeni nəsillər üçün milli istiqlal kitabı və vətəndaşlıq nümunəsidir.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent