Beynəlxalq tədqiqatçılar qrupu aşkar edib ki, koronaviruslar yeni reseptorlardan istifadə edərək insan hüceyrələrinə nüfuz edə bilirlər. Onlar faktiki olaraq hüceyrə “kilidlərinə” əlavə bioloji “açarlar” seçirlər. Xüsusilə, viruslardan biri ağciyər toxumasında mövcud olan CEACAM6 zülalı ilə əlaqə qura bilib.
NTV “Nature” jurnalına istinadla xəbər verir ki, alimlər yarasa virusu ştammı - CcCoV-KY43-ü araşdırıb aşkar ediblər ki, onun sünbül zülalı əvvəllər məlum olmayan, insanın ağciyər toxumasında əhəmiyyətli miqdarda mövcud olan CEACAM6 koronavirus reseptoruna bağlana bilər.
Əvvəllər alfakoronavirusların məhdud sayda “giriş açarlarından” - ACE2 və APN reseptorlarından istifadə etdiyi hesab edilirdi. Bu yeni kəşf mümkün infeksiya mexanizmlərinin diapazonunun əvvəllər düşünüləndən daha geniş ola biləcəyini göstərir.
Tədqiqatçılar vurğulayırlar ki, tədqiqat canlı, təhlükəli patogenlərdən istifadə edilmədən sintetik virus modelləri üzərində aparılıb. Təhlil zamanı Keniya əhalisinin qan nümunələrində insanların yoluxması əlamətləri aşkar edilməyib.
Lakin CEACAM6 reseptoru ilə qarşılıqlı təsir göstərə bilən oxşar viruslar Afrika, Çin və Rusiya da daxil olmaqla müxtəlif bölgələrdə yarasalarda aşkar edilib. Bu, analoji virusların geniş coğrafiyaya yayılmasını və əlavə monitorinqə ehtiyac olduğunu göstərir.
Alimlər növlərarası virus ötürülməsinin potensial risklərini tez bir zamanda müəyyən etmək üçün vəhşi təbiətə nəzarəti artırmağa çağırırlar.
