Banqladeş parlamenti ölkədə Yaxın Şərq münaqişəsindən qaynaqlanan enerji böhranını həll etmək üçün 10 nəfərdən ibarət xüsusi komitə yaradıb.
NTV xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb. Bildirilir ki, enerji və mineral ehtiyatlar nazirinin sədrlik etdiyi komitəyə hakim Banqladeş Milliyyətçi Partiyasının beş üzvü və beş müxalifət nümayəndəsi daxildir. On üzvdən səkkizi milli parlamentin deputatıdır. Qəzetin məlumatına görə, bundan əvvəl Baş nazir Tarik Rəhman belə bir komitə yaratmağı təklif etmişdi. Komitənin üzvləri ölkənin hazırkı enerji problemi ilə bağlı “rasional həllər” hazırlamaq üçün birlikdə çalışacaqlar.
Aprelin əvvəlində Banqladeş hökuməti yanacağa və elektrik enerjisinə qənaət etmək üçün ofislərdə, ticarət mərkəzlərində və bazarlarda iş saatlarını azaltmaq qərarına gəlib. Bundan əlavə, hakimiyyət orqanları enerji sektorunda xərcləri 30 faiz azaltmağı tapşırıb. Növbəti üç ay ərzində yeni dövlət ehtiyacları üçün nəqliyyat vasitələri və ya kompüter avadanlığı alınmayacaq. Dövlət qulluqçularının xarici səfərləri və təlim proqramlarının sayı iki dəfə, görüşlərin və seminarların təşkilinə çəkilən xərclər isə 50 faiz azaldılacaq.
