ABŞ Filippinin sanksiyalardan yan keçərək Rusiyadan neft və neft məhsullarının tədarükünə icazə müddətini uzatmaq tələbini təmin edib.
NTV xəbər verir ki, bunu Filippinin energetika nazirinin müavini Alessandro Sales deyib. Onun sözlərinə görə, Filippin aprelin 17-dən mayın 16-dək Rusiyadan neft ala biləcək. Bu arada Filippinin energetika naziri Şeron Qarin ölkənin 54 günlük yanacaq ehtiyatına sahib olduğunu bildirib.
Martın sonlarında “Phil Star” nəşri Filippinin beş ildən sonra ilk dəfə Rusiyadan neft aldığını yazıb. Bir neçə gün sonra isə “Bloomberg” agentliyi Filippinin “Petron Corporation” şirkətinin Rusiyadan 2,48 milyon barel neft alması və Yaxın Şərqdəki münaqişə yaxın gələcəkdə həll olunmazsa, bu ölkədən neft tədarükünü davam etdirəcəyi ilə bağlı məlumat yayıb.
Xatırladaq ki, bir müddət öncə ABŞ Maliyyə Nazirliyi sanksiya riski olmadan Rusiya və İrandan neft ticarətinə lisenziya verib. Vaşinqton bu addımı ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı neft qiymətlərinin artmasının qarşısını almaq cəhdi ilə izah edib.
