Aprelin 29-da Almatıdakı Əl-Fərabi Qazax Milli Universitetində “Mərkəzi Asiya-Cənubi Qafqaz-Yaxın Şərq üçbucağında təhlükəsizlik, geosiyasət və türk İnteqrasiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayacaq.
NTV xəbər verir ki, tədbir Əl-Fərabi Qazax Milli Universitetinin Beynəlxalq münasibətlər fakültəsində həm oflayn, həm də hibrid formatlarda keçiriləcək. Konfransda müzakirələr qazax, rus, ingilis və türk dillərində aparılacaq.
Konfrans beynəlxalq və regional təhlükəsizlik məsələlərinə, müasir geosiyasi transformasiyalara və qlobal qeyri-sabitlik kontekstində türk inteqrasiyasının perspektivlərinə diqqət yetirəcək. Tədbir alimləri, mütəxəssisləri, analitikləri və akademik ictimaiyyətin nümayəndələrini bir araya gətirəcək.
Proqram dörd tematik sessiyadan ibarətdir. İştirakçılar həmin panellərdə Mərkəzi Asiya-Cənubi Qafqaz-Yaxın Şərq regionundakı geosiyasi dəyişikliklər, münaqişə və terrorizmlə mübarizə məsələləri, strateji sabitlik, türk inteqrasiyası, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri, logistika və geoiqtisadiyyat məsələlərini müzakirə edəcəklər.
Müzakirələr regional təhlükəsizlik arxitekturası, transmilli təhdidlər, xarici siyasət rəqabəti, suverenlik və inteqrasiya arasında balans və əsas tranzit yollarının davamlılığı məsələlərinə yönələcək.
