Almaniyanın “Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələrindən əsgərlərin təchizatı ilə bağlı irihəcmli sifariş alıb.
NTV xəbər verir ki, “Gələcəyin piyadası – genişləndirilmiş sistem” (IdZ-ES) proqramı çərçivəsində əlavə avadanlıqların tədarükü ilə bağlı verilən sifarişin dəyəri 1,04 milyard avrodur.
Müqavilə mövcud sistemlərin modernləşdirilməsini və 237 tağım üçün sistemlərin alınmasını nəzərdə tutur. Bundestaq layihə üçün ümumilikdə 1,3 milyard avro vəsait ayırıb ki, bu da əlavə sifarişlərin mümkünlüyü ehtimalını artırır.
Yeni sistemlərin gələn ilin noyabrından 2029-cu ilin dekabrınadək mərhələli şəkildə orduya çatdırılması planlaşdırılır. Nəticədə daha 8,6 min hərbi qulluqçu müasir “IdZ-ES” avadanlığı ilə təmin olunacaq. Bununla da Bundesver ümumilikdə 353 tağım və 12 mindən çox hərbçi üçün fərdi komplektə malik olacaq.
Hər bir tağım orta hesabla 35 fərdi hərbi komplektdən və genişləndirilmiş IT, optik, eləcə də mühafizə və daşıma vasitələrindən ibarətdir. Hərbi qulluqçu sistemləri gələcəyin rəqəmsal döyüş meydanında əməliyyatların şəbəkə əsaslı idarə olunmasının mühüm elementi kimi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə Bundesver əlavə “IdZ-ES” tağım sistemlərinin bərpası, istehsalı və tədarükünü həyata keçirməklə yanaşı, tamamlayıcı komponent və xidmətlərin alınması üçün geniş imkanlar əldə edir.
