Fransa Konstitusiya Şurası ədliyyə naziri Jerald Darmanenin təşəbbüsü ilə qəbul olunmuş “Cinayət ədliyyəsi haqqında” Qanunun bəzi müddəalarını Konstitusiyaya zidd hesab edib.
NTV xəbər verir ki, ləğv olunan əsas müddəa cinayətlərin, xüsusilə uzun illər açılmamış işlərin istintaqında genetik geneologiyadan istifadə imkanını nəzərdə tuturdu.
Şura bildirib ki, qanunvericilik şəxsi həyatın toxunulmazlığı ilə cinayətkarların müəyyən edilməsi arasında balans yaratmaq üçün kifayət qədər hüquqi təminatlar nəzərdə tutmayıb. Buna görə də bu mexanizm Konstitusiyaya uyğun sayılmayıb.
Qanun layihəsi istintaq orqanlarına Fransada qadağan olunmuş rekreasiya məqsədli DNT testləri təqdim edən, əsasən, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən özəl şirkətlərin məlumat bazalarından istifadə etməyə imkan verirdi. Konstitusiya Şurası isə bunun Fransada qüvvədə olan cinayət qanunvericiliyinə zidd olduğunu qeyd edib.
Şura məhkəmə polisində psixoloq statusunun yaradılmasını nəzərdə tutan maddəni də ləğv edib.
Digər müddəalarla bağlı isə iradlar bildirilsə də, onlar qüvvədə saxlanılıb. Konstitusiya Şurası qanunun əsas müddəalarını təsdiqləyib. Bunlara təkrar cinayət törədən şəxslərin departament cinayət məhkəmələrində mühakimə olunması, vəkillərin prosessual etirazlar üçün nəzərdə tutulan müddətlərinin qısaldılması və bəzi hallarda həbs qətimkan tədbirinin uzadılması daxildir.
Jerald Darmanən X sosial şəbəkəsində paylaşdığı açıqlamada Konstitusiya Şurasının qanunun əsas islahatlarını təsdiqləməsini alqışlayıb. Nazir bildirib ki, yeni tədbirlər cinayət işlərinə baxılma müddətlərini əhəmiyyətli dərəcədə sürətləndirəcək, məhkəmə sisteminin səmərəliliyini artıracaq və zərərçəkənlər üçün ədalətə çıxışı daha əlçatan edəcək.
