Səudiyyə Ərəbistanı və İordaniya dəniz naviqasiyası azadlığının qorunmasının və beynəlxalq hüququn normalarına uyğun şəkildə təhlükəsiz gəmiçiliyin təmin edilməsinin vacibliyini vurğulayır.
NTV xəbər verir ki, bu, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə İordaniyanın Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlarla iş üzrə naziri Əymən əs-Səfədi arasında baş tutan telefon danışığı zamanı qeyd olunub.
Telefon danışığında, həmçinin İran, eləcə də İraq və Yəməndəki silahlı qruplaşmalar tərəfindən ölkələrinə həyata keçirilən son hücumlar pislənib, bu addımların Səudiyyə Ərəbistanı və region ölkələrinin təhlükəsizliyinə təhdid yaratdığı bildirilib.
Həmçinin regional çağırışların aradan qaldırılması məqsədilə Səudiyyə Ərəbistanı və İordaniya arasında koordinasiyanın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
