Məktəb gələcək nəslin bilik, bacarıqlarının, eləcə də davranışlarının formalaşmasında mühüm rol oynayan təhsil ocağıdır. Hələ yenicə məktəbə qədəm qoyan şagirdin təhsil həyatında həm valideyni, həm də müəllimi əsas rola malikdir. Belə ki, valideyn və müəllim ikilisinin həm tərəfdaşlığı, həm də əməkdaşlığının uğuru məhz şagirdin uğuru deməkdir. Necə ki ruhumuzu oxşayan muğam triosunu hər hansı bir üzvü olmadan düşünmək mümkün olmursa, müəllim - şagird - valideyn üçlüsünü də ayrı-ayrı təsəvvür etmək mümkün deyil. Çünki müəllim, şagird və valideyn üçlüsü münasibətləri düzgün qurularsa, şagirdin təhsil və sosial həyatına da müsbət təsir göstərər və gələcəkdə həmin şagirdi öz ayaqları üzərində durmağı bacaran, nə istədiyini bilən, sərbəst və düzgün qərar vermə qabiliyyətinə malik şəxsiyyət olaraq cəmiyyətə qazandırmış olar. Müəllim - valideyn əməkdaşlığının uğuru isə yalnız şagirdin deyil, həmçinin məktəb mühitinin inkişafına da böyük töhfə vermiş olur.
Təhsil təkcə sinif otağında müəllimin dərs izah etməsi və ya şagirdin tapşırıqları yerinə yetirməsi ilə məhdudlaşan bir proses deyil. O, evdə, məktəbdə və gündəlik həyatda formalaşan, ən vacib üç dayaq üstündə: müəllim, şagird və valideyn əməkdaşlığını birgə fəaliyyətinin inikası olan bir sistemdir. Onların münasibətləri bir mexanizm kimi ahənglə işlədikdə, şagirdin inkişafı və uğuru qaçılmaz olur. Amma bu üçbucaq düzgün qurulmazsa, balans pozularsa, təhsil prosesindən səmərə almaq olmaz.
Müəllim təkcə bilik öyrədən şəxs deyil, o həm də şagirdin düşüncəsinə bələdçilik edib formalaşdran, ona gələcəyini qurmaqda motivasiya verən bir işıqfordur. Əsl müəllim dərsi təkcə izah edib evə tapşırıq verən şəxs deyil. Əsl müəllim biliklə yanaşı şagirdinə inanıb onu sevməklə uşaqda özünəinam formalaşdıran , öyrənməyi sevdirən bir şəxsdir. Çünki yalnız bilik ötürməyib öz metodları ilə öyrənməyi sevdirən müəllim sayəsində şagird anlayır ki, hər dərs yeni bir kəşfdir. Eyni zamanda hər şagird, tələbə müəllim üçün yeni bir dünyadır və bu fərqli dünyaların məqsədli şəkildə qovuşması daha yeni uğurlara yol açmış olur, ruhlandırır, ilham verir, düşünməyə vadar edir, öyrənmə həvəsi yaradır. Bəzən bir söz, bir fərqli yanaşma tələbənin bütün dünyagörüşünü dəyişə bilər. Buna görə də müəllimlər təkcə bilik verməklə kifayətlənməməli, həmçinin şagirdlərinə bir mayak kimi işıq salaraq öz yollarını tapmaqda yardımçı olmalıdırlar. Amma valideyn bu prosesdə iştirak etməzsə, müəllim təkbaşına yetərli ola bilməz və şagird yalnız məktəbdə öyrəndiklərini müvəqqəti xatırlayar, lakin dərindən mənimsəməz.
Valideynin təhsil prosesində rolu danılmazdır, belə ki, valideyn təhsil prosesində əsas faktorlardan, özüllərdən biridir. Valideynin şagirdin təhsilində əvəzsiz rolunun olduğunu dana bilmərik. Çünki uşağın öyrənmə qabiliyyəti, məsuliyyətdaşıma funksiyası, nizam-intizamı ilk növbədə ailədə aşılanır. Valideyn - övlad münasibəti nə qədər sağlam qurularsa, uşağın təhsil həyatındakı uğurları bir o qədər çoxalar. Harvard Universitetinin apardığı bir araşdırmaya görə, valideynlərin övladlarının təhsili ilə yaxından maraqlandığı ailələrdə şagirdlərin akademik göstəriciləri 20-25% daha yüksək olur və bəzi şagirdlərdə valideynlərin sadəcə ev tapşırığına nəzarət etməsi ilə bu faiz göstəricilərinin artdığı müşahidə edilmişdir.
Ancaq bir şeyi də unutmaq olmaz ki, valideynlərin şagirdin həyatına həddindən artıq nəzarəti və ya lazımınca önəm verməməsinin də mənfi nəticələri ola bilər. Dahi mütəfəkkir Nizaminin təbirincə desək, artıq içilən su da dərd verər. Belə ki, təhsil prosesinə həddin artıq müdaxilə edən valideyn müəllimin rolunu azaltdığı qədər övladının təhsil həyatı ilə maraqlanmayan valideyn də uşaq üçün o qədər də böyük rola malik olmur.
Şagirdin təhsildə, eləcə də, sosial həyatda fəal iştirak etməsi və məsuliyyətini anlaması onun nailiyyət əldə etməsi üçün əsas amillərdən biridir. Şagird yalnız müəllim və valideynin istiqamətləndirilməsi ilə yox, həm də daxili motivasiya ilə öyrənməyə yönəlməlidir.
Məşhur psixoloqların araşdırması göstərir ki, daxili motivasiyası yüksək olan şagirdlər, yəni öz iradələri ilə öyrənənlər, yalnız qiymət və ya mükafat üçün öyrənənlərdən daha uğurlu olurlar. Bu, o deməkdir ki, valideyn və müəllim birlikdə şagirdə öyrənmənin əhəmiyyətini başa salmalı, onu düşünməyə və araşdırmağa həvəsləndirməlidir.
Ancaq bu da bir həqiqətdir ki, müəllim və valideyn nə qədər dəstək versə də, şagird öyrənməyə meyilli deyilsə, uğur əldə etməsi çətin olur. Şagirdin motivasiyası onun akademik uğurunda həlledici faktorlardan biridir. Məhz buna görə də müəllim və valideynin əsas məqsədi şagirdə müstəqil düşünməyi, öyrənməyi sevdirməkdir. Çünki bir şagird yalnız valideynin təkidi və ya müəllimin qorxusu ilə dərs oxuyursa, o zaman qazanılan biliyin ömrü qısa olur və bu da uzunmüddətli inkişaf baş verməməsinə gətirib çıxarır.
Əgər müəllim, valideyn və şagird arasındakı əlaqə sağlam olarsa, təhsil prosesi daha effektiv olar. Dünya təhsil sistemlərinin araşdırması sübüt edir ki, Finlandiyanın təhsil sistemi dünyanın ən uğurlu sistemlərindən biridir və burada valideynlər, müəllimlər və şagirdlər arasında sıx əməkdaşlıq mövcuddur.
Bir məsələ də vardır ki, bu üçbucaq düzgün işləmədikdə bir çox problemlər yaranır, hansı ki həmin problemləri belə xarakterizə edə bilərik:
- Əgər valideyn müəllimə etibar etmirsə və bunu şagirdin yanında etiraf edirsə, şagird müəllimi ciddiyə almamağa başlayır.
- Əgər müəllim şagirdə çox sərt yanaşır və onun fikirlərini nəzərə almırsa, şagirdin motivasiyası azalır.
- Əgər şagird valideynin qayğısını və dəstəyini hiss etmirsə, onun dərs oxumağa marağı zəifləyir.
Buna görə də, valideyn - şagird - müəlim tandeminin hər bir tərəfi bir-biri ilə səmimi əməkdaşlıq etməli, açıq ünsiyyət qurmalı və birlikdə şagirdin inkişafına dəstək olmalıdır. Çünki danılmaz bir həqiqət də var ki, müəllim, şagird və valideyn arasındakı əlaqə təhsil sisteminin əsas dayağıdır, təməlidir.
“Bəs bu sadalanan problemləri aradan qaldırmaq üçün hansı işlər görülməlidir?” sualının cavabı təhsil sahəsində çalışan hər bir müəllim kimi bizi də düşündürməyə bilməzdi. Ona görə də bu barədə araşdırmalar apararaq belə nəticəyə gəldik ki, üçbucağın düzgün və səmərəli işləməsi üçün müəllim - valideyn görüşlərinin artırılması, açıq kommunikasiyanın yaradılması, şagirddə məsuliyyət hissinin gücləndirilməsi, müəllimlərin daha motivasiyaedici yanaşma göstərməsi və sair kimi təkliflər deyilən problemlərin tamamilə olmasa da, əksər hallarda aradan qaldırılmasına nail olmağa şərait yaradar. Belə ki, bu səpkidə keçirilən görüşlər müəllim və valideynin əməkdaşlığını gücləndirir və uşağın inkişafı üçün daha uyğun strategiyaların qurulmasına kömək etməklə yanaşı şagirdə öyrənmənin yalnız qiymət üçün deyil, şəxsi inkişafı üçün vacib olduğu həqiqətini bir daha izah etmiş olur. Eyni zamanda müəllimlər şagirdlərin marağını artırmaq üçün interaktiv metodlardan istifadə etməklə onları təşviq edərək özünəinam hissini gücləndirirlər.
Son olaraq qeyd edə bilərik ki, təhsil təkcə müəllim və ya valideyndən asılı işi deyil. O, bir koalisiyadır və bu koalisiyanın hər bir hissəsi birlikdə işlədikdə, nəticə uğurlu olur. Məhz valideynin dəstəyi, müəllimin həvəsləndirici yanaşması və şagirdin öyrənmə məsuliyəti birlikdə inkişaf edəndə təhsil taclanar, qollanar, budaqlanar. Və elə əsl inkişaf da budur! Bu məqsədlə bir neçə tövsiyə verməyi məqsədəuyğun bilirik. Ən əsası üçbucağın effektiv işləməsinə kömək edəcək olan amillərdən biri müəllim - valideyn görüşlərinin artırılmasıdır. Çünki belə görüşlər əməkdaşlığı gücləndirdiyi qədər düzgün strategiyaların seçilməsi üçün də şərait yaradır. Həmçinin düzgün ünsiyyətin qurulması, şagirddə məsuliyyət hissinin gücləndirilməsi belə tövsiyələrdəndir.
Təəssüf ki, son zamanlar təhsil sahəsində yaranan mənfi aura Azərbaycanda fəaliyyət göstərən neçə minlik müəllim ordusunun bir əsgəri kimi bizi narahat etməyə bilməzdi. Ona görə də bunları deməyi özümüzə bir borc bilirik və bütün müəllim ordusuna səslənirik: Gəlin, uzun illərin keyfiyyətli təhsil ənənələrini, bizə öyrədilənləri unutmayaq. Hər birimiz təhsilin bu üçbucağında üzərimizə düşən məsuliyyəti dərk edək , gələcək nəslin uğurlu inkişafına töhfə verək! Öyrənməyi və öyrətməyi sevək, sevdirək....
Elçin Mirzəyev
Naxçıvan Dövlət Universiteti
Beynəlxalq Kembric məktəbinin müəllimi
Aytəkin Mirzəyeva
Babək rayon Şıxmahmud kənd
tam orta məktəbinin müəllimi