Andrey Babuşkin: unudulmaz qəhrəman sərhədçi - FOTOLAR

Andrey Babuşkin: unudulmaz qəhrəman sərhədçi<font color=red> - FOTOLAR</font> Andrey Babuşkin: unudulmaz qəhrəman sərhədçi<font color=red> - FOTOLAR</font>

18 mart 1926-cı il. Sübhçağı. Gənc sərhədçilər – Andrey və həmyerlisi Gerasim Araz çayı kənarındakı torpaq səddin altında düzəldilən mağarada oturub dövlət sərhədini diqqətlə müşahidə edirdilər. Onların növbədə olduqları yer “Artlu-Təzəkənd” zastavasından 3 kilometr aralıda idi.

Andrey böyük növbətçi sərhədçi olduğundan burada baş verəcək hər bir hadisəyə cavabdeh idi. O bilirdi ki, Arazın suyu az olan keçid yeri bura yaxındır. Artıq sərhədçilərin hər ikisi də ayaq səslərini aydın eşidirdilər. Birdən 3 nəfər dövlət sərhədi yaxınlığında göründü. Andrey əla hazırlıqlı sərhədçi olduğundan bildirdi ki, bunlar kəşfiyyat aparırlar. Dəstənin digər üzvləri onların işarəsini gözləyirlər ki, dövlət sərhədini təhlükəsiz keçsinlər. Elə o düşündüyü kimi də oldu. 20 nəfərlik dəstə göründü. Onlar mülki əhalidən oğurladıqları sürünü həmin keçiddən keçirmək istəyirdilər.

Andrey sərhədçi dostu Gerasimə pıçıldadı ki, hazırlaşsın. Qeyri-bərabərlik olsa da, döyüşəcəklər. Bu quldurların Şərur rayonuna keçməsinin qarşısı mütləq alınmalıdır. Əvvəlcə Andrey havaya xəbərdarlıq atəşi açdı ki, komandirləri Nikolay Laçınov və sərhədçi əsgər yoldaşları köməyə gəlsinlər.

Atəş başlandı. İki sərhədçi sərrast atəşlə dövlət sərhədini keçmək istəyənləri vururdu. Qarşı tərəf də sərhədçilərə atəş açmağa başladı. Qızğın döyüş gedirdi. Birdən Andrey çiynindən yaralandı. Amma buna baxmayaraq, ağrıya dözərək yenə də vuruşurdu. Sərhədçi dostu Gerasim onu quldurlardan qoruyurdu. Andrey tərəfə gəlmək istəyənləri bir-bir yerə sərirdi...
Andreyi ikinci dəfə sinəsindən ağır yaraladılar. O hiss etdi ki, artıq bütün gücünü itirir. Gerasim Şamayev tez onun silahını doldurdu ki, Andreyi tutmağa gələn qulduru vursun. İndi Gerasim təkbaşına quldur dəstəsi ilə vuruşurdu. Bir az keçmiş Andrey “ura” səslərini eşitdi, ancaq çoxlu qan itirdiyindən özünü toparlaya bilmədi.

Andrey Mixayloviç 1904-cü ildə Saratov quberniyasının Petrovski qəzasına daxil olan Kutino kəndində doğulmuşdu. Hərbi xidmətə çağırılmamışdan əvvəl evlənmiş və bir oğlu olmuşdu. Oğlu Aleksandrın (Saşanın) bir yaşı olanda, yəni 1925-ci ildə onu sərhəd qoşunlarına hərbi xidmətə çağırdılar və Cənubi Qafqaza Zaqafqaziya Dairəsinə göndərdilər. O vaxtlar sovet hökuməti təzə qurulduğundan onun cənub sərhədləri çox təhlükəli idi. Və ən təhlükəli yerlərdən biri də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yerləşən “Artlu-Təzəkənd” zastavasının ərazisində idi. SSRİ təzə yaradıldığından onun dövlət sərhədlərində yerləşən zastavalardakı sərhədçiləri tam ərzaqla təmin edə bilmirdilər. Zastavalarda şərait çox çətin idi. Hətta əsgərlərə şinellər də çatışmırdı. Demək olar ki, təzəkəndlilər bacardıqları qədər sərhəd zastavalarına yardım edirdilər. Çünki onlar dövlət sərhədini mühafizə etməklə, həm də əhalini quldur hücumlarından qoruyurdular. Həmin vaxtlar sərhəd qoşunları Zaqafqaziya Dövlət Siyasi İdarəsinin tabeliyində idi.

1925-ci ilin payızında Andreyin göstəricilərini əsas tutaraq onu bu sərhəd zastavasına hərbi xidmətə göndərmişdilər. Hündürboylu, enlikürək, qaraqaşlı 22 yaşlı cavan oğlan həm də yaxşı idmançı idi. Hələ Tiflisdə təlim mərkəzində olarkən, sərhədçilərə lazım olan bilikləri və silahla yaxşı atəş açmağı əla öyrənmişdi. Doğulduğu kənddəki təbii mənzərələri çox sevirdi. Ancaq Voljski çölləri belə isti deyildi. Araz çayının isə hər tərəfi qamışla və yulğun, civir kolları ilə örtülmüşdü. Araz da sakit axırdı. İlk gündən etibarən Andrey Təzəkənd camaatının səmimiliyinə heyran oldu və azərbaycanca sözləri öyrənməyə başladı. Artıq onun dilindən şirin-şirin “çay”, “su”, “çörək” və sair sözlər eşidilirdi.

Naxçıvan 1918-ci ildən başlayaraq erməni daşnakları ilə vuruşmuşdu. Daşnaklar tutduqları hər yerdə əkinləri və tikililəri yandırmış, təsərrüfatı məhv etmişdilər. 1924-cü ildən başlayaraq yavaş-yavaş Şərur mahalında da həyat öz məcrasına qayıdırdı. Ona görə də zəhmətlə yaşayan əhalini, onların mal-qaralarını, heyvanlarını quldurlardan qorumağı zastava hərbçiləri özlərinə müqəddəs borc bilirdilər.

18 martda Andreylə birlikdə növbədə olan Gerasim Yakovleviç Şamayev də Kutino kəndində doğulmuşdu. 1925-ci ildə Andreylə birlikdə hərbi xidmətə çağırılmış və Zaqafqaziyaya göndərilmişdi. Onu da “Artlu-Təzəkənd” zastavasında yerləşdirmişdilər. O da evli idi. Yanvar ayında qızı Anna anadan olmuşdu. İndi gözlərinin önündə dostunu itirirdi. Köməyə gələn sərhədçilər 20 nəfərlik quldur dəstəsini məhv etdi və Andreyi xilas etmək üçün təcili zastavaya apardılar. Amma Andrey yolda keçindi. Zastavada olan sərhədçilər və Təzəkənd camaatı kədər içində idi. Qərara alındı ki, əfsanəvi igid döyüşçünü torpağa tapşırmaq üçün o vaxtlar Şərurun ən böyük kəndi olan Yengicəyə aparsınlar. Yengicə kəndi “Artlu-Təzəkənd” zastavasından 10 kilometr uzaqlıqda yerləşdiyindən Andreyin cənazəsini at arabasında apardılar. Orada dəfnlə bağlı olan işləri yerinə yetirdikdən sonra Andreyi Yengicədə kolxoz klubunun qarşısında olan meydançada dəfn etdilər. Dəfn mərasimi çox izdihamlı keçdi. Rayon rəhbərləri və 41-ci Naxçıvan sərhəd dəstəsinin rəisi də dəfndə iştirak edirdilər. Andreyin qəhrəmancasına həlak olması ildırım sürəti ilə bütün sərhəd zastavalarına yayılmışdı. 9 aprel 1926-cı ildə Zaqafqaziya MİK-in 124 №-li əmri ilə “Artlu-Təzəkənd” zastavasına Andrey Babuşkinin adı verildi. Bu, SSRİ-nin dövlət sərhədində ilk zastava idi ki, ad daşıyırdı. Zastavanın həyətində heykəltəraş Məmmədovun böyük ustalıqla Andreyin xatirəsinə hazırladığı büst qoyulmuşdu. Baxışları uzağa dikilən və çox ciddi görkəmli olan gənc sərhədçi Andrey, sanki zastavaya gələn hər bir adamla danışırdı. Diqqətlə baxanda hiss edirdin ki, o nigarançılıqla öz doğmalarını da gözləyir. Sərhədçi dostu Şamayevin dediyinə görə, Andreyin son sözü doğmalarına ünvanlanıb: “Saratova ...yazarsan ki, döyüşdə həlak oldu...”

Yeri gəlmişkən deyək ki, həyat yoldaşı Nadejda da onu çox sevirdi və intizarla yolunu gözləyirdi. Bunu məktublarında Andreyə yazırdı. Amma müqəddəs borcunu yerinə yetirərkən qəhrəmanlıqla həlak olan Andreyi Şərur torpağı öz qoynunda yaşatdı. Andreyin yoxluğuna dözə bilməyən və Şərura gəlmək imkanı olmayan Nadejdanı Andreyin atasının evində ölü tapdılar. Balaca oğlu isə anasının yanındaca sürünürmüş. Həmin gün Andreyin və Nadejdanın ata-anaları 25 kilometrlikdə yerləşən bazara getmişdilər. Qayıdanda isə onu sağ görmədilər.

Andreyin ata-anası İkinci Dünya müharibəsindən əvvəl Orta Asiyaya köçürlər. “41-ci Naxçıvan sərhəd dəstəsi”nin tarixini araşdıranlar yazırlar ki, Andreyin oğlu Aleksandr təyyarəçi imiş və İkinci Dünya müharibəsində həlak olub. Təəssüf ki, onun haqqında ətraflı məlumatın və fofoşəklinin də tapılmamasını yazırlar. Özləri də qeyd edirlər ki, bütün bunlar hamısı kədər doğurur.

Andreylə birlikdə Araz sahilində sərhəd pozucuları ilə döyüşən digər sərhədçi Gerasim Şamayevin də taleyi faciəli olub. Hərbi xidmətdən sonra doğma Kutinoya qayıdan Gerasimin 1938-ci ildə ikinci qızı Valentina doğulub. Müharibədən əvvəl Şamayevlər Özbəkistanın paytaxtı Daşkəndə köçüb. İkinci Dünya müharibəsi başlayanda orduya çağırılıb. 3 iyun 1943-cü ildə Kursk qövsündə gedən ağır döyüşlərdə həlak olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Yengicə kəndinin mərkəzində dəfn olunan Andrey Babuşkinin məzarı ətrafında gül-çiçək əkilib və həmişə sərhədçilər, məktəblilər bayram günlərində onun məzarı önünə əklil qoyublar.

Naxçıvan Muxtar Respublikasının bütün sakinlərinin, o cümlədən yengi­cəlilərin də cəsur sərhədçi Andrey Babuşkinə dərin rəğbətləri olub. Çünki o dövlət sərhədinin toxunulmazlığı uğrunda döyüşüb həlak olmuşdur. Onun adını daşıyan zastava həmişə nümunəvi xidməti ilə seçilib. Hərbi xidmətə yeni başlayan hər bir gənc sərhədçi onun kimi dövlət sərhədini qorumağa and içib. Axı vətən sərhəddən başlayır.

Vətən qarşısında öz borcunu sonadək qəhrəmanlıqla yerinə yetirən Andrey Babuşkin haqqında “Poqraniçnik Zakavkaziya” (“Zaqafqaziya sərhədçisi”), “Poqraniçnik Azerbaydjana” (“Azərbaycan sərhədçisi”) və digər hərbi qəzetlər ətraflı məqalələr çap etmişlər.

“41-ci Naxçıvan hərbi dəstəsi”nin zəngin tarixi vardır. Hələlik tam araşdırılmasa da, araşdırılan səhifələrdə əfsanəvi döyüşçü-sərhədçi Andrey Babuşkin haqqında ürəkdolusu yazılara rast gəlinir. Bu məqalələrin çoxunu azərbaycanlı hərbi jurnalistlər yazmışlar. Hətta Andreyin adını daşıyan zastavanın həyətində onun büstünü ilk dəfə azərbaycanlı heykəltəraş hazırlayıb. O büst indi Rusiyanın paytaxtı Moskva şəhərindəki Sərhədçilər Muzeyində saxlanılır. “Poqraniçnik Azerbaydjana” qəzeti 1944-cü ilin 15 aprel nömrəsində yazırdı: “17 mart 1944-cü ildə Andrey Babuşkinin adını daşıyan zastavadakı binanın fasadı üzərində Naxçıvan sərhədçi dəstəsi tərəfindən xatirə lövhəsi asılmışdır. Orada yazılmışdır: Bu zastavada qırmızı döyüşçü Andrey Babuşkin xidmət etmişdir. SSRİ-nin dövlət sərhədinin müdafiəsində 18 mart 1926-cı ildə qəhrəmancasına həlak olmuşdur. Ertəsi gün onun məzarı önündə sərhədçilərin kolxozçularla və rayon rəhbərləri ilə birlikdə mitinqi olmuşdur. Sərhədçi əsgərlər and içmişlər ki, Vətənimizin sədaqətli oğlunun adını həmişə müqəddəs tutacaq və sərhədi Andrey Babuşkin kimi mərdliklə və cəsurluqla qoruyacaqlar”.

Belə nümunələr çox göstərmək olar. Bütün bunlar hamısı sərhədçi-döyüşçünün hətta çətin müharibə illərində də unudulmadığının canlı sübutudur. Biz Andrey Babuşkinlə bağlı axtarışlar apararkən aşkar oldu ki, hər il Yengicə kəndində 18 martda onun məzarı önündə sakinlər tərəfindən tədbir keçirilib. Təəssüflər olsun ki, qəhrəman sərhədçi Andrey Babuşkinin məzarı 1990-cı ildə xalq cəbhəsi üzvləri tərəfindən dağıdılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığı ilə bu il Andrey Babuşkinin məzarının yeri yenidən aşkarlanmış və bərpa olunmuşdur. Qəhrəman sərhədçi Andrey Mixayloviç Babuşkinin Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun Yengicə kəndindəki məzarı üzərində mərmərdən xatirə lövhəsi qoyulmuşdur.

Musa Quliyev
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM