Argentina səfiri Naxçıvan Dövlət Universitetində olub

Argentina səfiri Naxçıvan Dövlət Universitetində olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Argentina Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunella Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonağı salamlayaraq universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris metodları, Azərbaycan və İngilis dilli ixtisasların mövcudluğundan danışıb. Qeyd edilib ki, əcnəbi tələbələrin sayına görə ölkə universitetləri sırasında öncüllüyünü qoruyan ali təhsil ocağında 1500-ə yaxın əcnəbi tələbə təhsil alır. Ali təhsil ocağında 7000-ə yaxın tələbə təhsil alır ki, onlar, həmçinin universitetin ictimai-mədəni həyatında öz fəallıqları ilə də seçilir. Elbrus İsayev universitetdə ikili diplom layihələri, dünyanın nüfuzlu elmi nəşrləriylə aparılan birgə əməkdaşlıqdan danışıb. Bildirilib ki, rəhbərlik etdiyi ali təhsil ocağı “Times Higher Education” versiyası üzrə aparılan reytinq üzrə artıq dünyanın nüfuzlu universitetləri sırasındadır. Rektor ali təhsil ocağının 2 hektar ərazisində inşa olunmağa başlanan və ölkə universitetləri arasında ilk model texnoparkdan danışıb.

Səmimi görüşə və ali təhsil ocağı ilə bağlı verilən dolğun informasiyaya görə təşəkkürünü bildirən səfir  burada olmaqdan məmnunluq duyduğunu ifadə edib. Diplomat ölkələrarası münasibətlərin daha da inkişaf etməsində universitetlərarası əlaqələrin rolunun böyük olacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında keçirilən görüşün məqsədi gələcəkdə Naxçıvan Dövlət Universiteti ilə Argentina universitetləri arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığa nail olmaqdır.

Görüşdə texnopark sahəsində birgə əməkdaşlıq, akademik mobillik, birgə elmi nəşrlər, mühəndislik proqramları çərçivəsində texniki sahədə əməkdaşlıq layihələri, robotexnika, nanotexnologiya, elektrotexnika sahəsində birgə layihələr müzakirə mövzusu olub.

Səfir universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Səadət Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM