Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün 5 mindən çox bakalavr qeydiyyatdan keçib

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün 5 mindən çox bakalavr qeydiyyatdan keçib

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, mayın 14-ü saat 9:10-ə olan məlumata görə, 5025 bakalavr (Azərbaycan bölməsi 4645, rus bölməsi 380) qeydiyyatdan keçib.

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı mayın 17-si saat 23:59-dək internet vasitəsilə aparılır.

2022-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslərin Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”i olmalıdır. Onlar ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da http://eservices.dim.gov.az/erizemag/erize2 səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər. Ərizəsini təsdiq etmiş bakalavrlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan və xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Digər bakalavrlar qeyd olunan müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının ikinci cəhdi mayın 29-da keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər