Ali təhsil ocağında rəqəmsal ödənişlərlə bağlı görüş keçirilib

Ali təhsil ocağında rəqəmsal ödənişlərlə bağlı görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən maarifləndirici tədbir keçirilib. “Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin cari vəziyyəti və strateji istiqamətləri” mövzusuna həsr olunan tədbirdə Mərkəzi Bankdan dəvət olunan mütəxəssislər də iştirak edib.

“Naxçıvan” Universitetinin Rektoru Nurlana Əliyeva bildirib ki, tədbir “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a, həmçinin Mərkəzi Bankın “2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”na uyğun olaraq keçirilir. Ali təhsil ocağında keçirilən belə maarifləndirici tədbirlərlə müəllim və tələbə kollektivinin rəqəmsal ödənişlərə marağı artırılır. Həmçinin rəqəmsal ödəniş sistemi nağdsız hesablaşmaların artırılmasına və alıcılıq mədəniyyətinin daha da yüksəlməsinə təkan verir, əhalinin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsində mühüm rol oynayır.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev vurğulayıb ki, muxtar respublikada 2013-cü ildən rəqəmsal ödənişlərin inkişafı ilə bağlı 3 dövlət proqramı icra olunur, ödəniş alətləri infrastrukturu genişləndirilir, cəmiyyətdə nağdsız ödənişlərə marağın cəlb edilməsi məqsədilə dövlət qurumları ilə birgə maarifləndirici tədbirlər, stimullaşdırıcı kampaniyalar keçirilir. Bu da nəticədə nağdsız dövriyyənin həcmini artırır. İdarənin sədri bundan sonra da rəqəmsal ödənişlərlə bağlı ictimai məlumatlılığın və inamın artırılması məqsədilə muxtar respublikada maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.

Tədbirə onlayn qatılan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə Bankın aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və bank sektoru ilə birlikdə ölkədə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində davamlı olaraq ölkə miqyaslı layihələr reallaşdırdığını və strateji təşəbbüslər həyata keçirdiyini vurğulayıb. Bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi strateji istiqamətləri üzrə müxtəlif tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Kollketivlə görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Xəyaləddin Tağıyevin, Azərbaycan Banklar Assosasiyasının ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmovun “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri və mövcud imkanlar”, “Ödəniş kartları və onlarla əməliyyatlar” mövzularında çıxışları dinlənilib.  Maarifləndirici tədbirdə müəllim və tələbələrin suallarına da aydınlıq gətirilib.

 Sonra Naxçıvan Muxtar Respublikasında bank sektorunun cari vəziyyətini xarakterizə edən videomaterial izlənilib.

Universitetin daha çox nağdsız ödənişlər edərək fərqlənən 2 müəllim və 2 tələbəsinə “Naxçıvanbank” ASC tərəfindən hədiyyələr təqdim edilib.

Ərhan Novruzov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM