Akademiyada daha iki kitabın təqdimatı keçirilib - FOTOLAR

Akademiyada daha iki kitabın təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font> Akademiyada daha iki kitabın təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Müzəffər Nəsirli: taleyi və sənəti” və “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitablarının təqdimatı keçirilib.

Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hər il nəşri nəzərdə tutulan, Naxçıvanın görkəmli şair, yazıçı, ədəbiyyatşünas-tənqidçilərindən birinə həsr olunan “Taleyi və sənəti” seriyasının növbəti kitabı nəşr olunub. Seriyanın 15-ci nəşri şair-dramaturq, tədqiqatçı-publisist Müzəffər Nəsirliyə həsr edilib. Kitabda 12 müəllifin məqaləsi öz əksini tapıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Ramiz Qasımov qeyd edib ki, yeni kitabda institut əməkdaşlarının Naxçıvan ədəbi mühitinin layiqli yetirməsi, şair-dramaturq, pedaqoq, publisist Müzəffər Nəsirlinin həyatı, mühiti, taleyi və yaradıcılığına dair müxtəlif mövzulu araşdırmaları əksini tapıb. Məqalələrdə şairin həyatı əhatəli şərh olunub, yaradıcı fəaliyyətinin bütün dövrləri üzrə təhlillər aparılıb. Müxtəlif imzalarla ərsəyə gələn əsərlərinin mövzu rəngarəngliyinə diqqət çəkilib. Müzəffər Nəsirlinin həyat və fəaliyyətini özündə ehtiva edən sənəd və materiallar ayrı-ayrılıqda araşdırılaraq yaradıcılığının dil-üslub xüsusiyyətlərinə, dramaturji, eləcə də pedaqoji fəaliyyətinə nəzər salınıb.

Kitaba həmçinin Müzəffər Nəsirlinin həyatının müxtəlif dövrlərində müasirləri ilə çəkdirdiyi fotolar da əlavə olunub. Bir neçə əlyazması ilə yanaşı, şairə ünvanlanmış təbrik və məktublar da oxuculara təqdim edilib. Həmçinin kitabın sonunda şairin bir neçə şeirinə də yer verilib.

Müzəffər Nəsirlinin qohumu Səməd Canbaxşiyev şair-dramaturqun həyat və yaradıcılığı haqqında fikirlərini paylaşıb, kitabın ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib.

Digər təqdimatı keçirilən kitab isə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitabının ikinci cildidir.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent  Aytən Cəfərovanın kitab barədə fikirləri dinlənilib. Qeyd olunub ki, kitab Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edir. Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin dil və üslub xüsusiyyətlərinə geniş izahlar verilib.

Qeyd edilib ki, günümüzdə sosial şəbəkələrdə ciddi dil pozuntularına yol verilməsi aktual məsələlərdəndir. Belə ki, internet resurslarında ədəbi dilin norma pozuntuları müxtəlif səviyyələrdə özünü göstərir. Bir çox hallarda leksik, üslubi və qrammatik norma pozuntularına rast gəlinir. Kitabda bu cür problemlərə də geniş yer verilib.

Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM