İyulun 6-7-də imtahan verəcək abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər

İyulun 6-7-də imtahan verəcək abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər coğrafiya fənni üzrə də imtahan verəcəklər.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumat qeyd olunub.

İmtahanlar saat 10:00-da başlanacaq.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 santimetr ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM