Şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib.

Mayın 18-dək davam edəcək çempionatın reqlamentinə əsasən, oyunlar 2 mərhələdə keçirilir. 1-ci mərhələdə 12 iştirakçı, 11 turdan ibarət dairəvi sistem üzrə mübarizə aparır. Hər bir şahmatçıya ilk 40 gedişə 1 saat 30 dəqiqə, sonra oyunun sonunadək 30 dəqiqə əlavə vaxt verilir. 1-ci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə olunur. Heç-heçəyə razılaşmağa yalnız qaraların 40-cı gedişindən sonra icazə verilir. Çempionatda yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.

İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər. Yarımfinal mərhələsində məğlub olmuş şahmatçılar eyni sistem üzrə 3-cü yer uğrunda yarışacaqlar.

Püşkatmaya əsasən ilk turda aşağıdakı qarşılaşmalar keçirilib:

beynəlxalq qrossmeyster Eltac Səfərli (2598) - beynəlxalq qrossmeyster Urfan Sevdimalıyevə (2369)

beynəlxalq qrossmeyster Nicat Abasov (2665) - beynəlxalq usta Aydın Süleymanlıya (2520)

beynəlxalq qrossmeyster Nicat Məmmədov (2609) – beynəlxalq qrossmeyster Vüqar Əsədliyə (2572) 

beynəlxalq qrossmeyster Vasif Durarbəyli (2606) - beynəlxalq usta Kənan Qarayevə (2331)

beynəlxalq qrossmeyster Misrətdin İsgəndərov (2535) - beynəlxalq usta Abdulla Qədimbəyliyə (2470), 

beynəlxalq qrossmeyster Fərid Abbasov (2528) - beynəlxalq usta Məhəmməd Muradlıya qarşı mübarizə aparıb.(2449) 

İlk turun nəticələrinə əsasən zəka sahiblərinin duelindən yalnız beynəlxalq qrossmeyster Eltac Səfərli qalib ayrılan tərəf olub. Digər qarşılaşmalar heç-heçə yekunlaşıb.

Qeyd edək ki, kişi şahmatçıların mübarizə apardığı çempionatın ümumi mükafat fondu 15.000 (on beş min) manat təşkil edir. Həmçinin qalib gələcək zəka sahibi Azərbaycanı Dünya Kubokunda təmsil edəcək.

Rəmzi Tahirli

                                                        

Xəbər lenti
Çox oxunan xəbərlər