Karateçilərimiz Olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayıblar

Karateçilərimiz Olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayıblar

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə Olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Pyer de Kubertyen" arenasında keçirilən yarışda altı idmançımızdan üçü bu gün turnirə qatılıb. Belə ki, yarışın birinci günündə Olimpiadaya vəsiqələr uğrunda Neda Rezai (kata), Firdovsi Fərzəliyev (67 kq) və İlahə Qasımova (55 kq) mübarizə aparırlar.

Kumite yarışlarında Firdovsi Fərzəliyev Li Jinvan (Koreya), Luka Spitz (İsveçrə), Ramil Makaalay (Filippin), Şaban Abdulla (Küveyt), Fiqueyra Vinisius (Braziliya) ilə qarşılaşmalarda qalib gəlsə də, Martial Tadissiyə (Macarıstan) məğlub olub.

Azərbaycan Tokio Olimpiadasının karate yarışlarına 2 lisenziya qazanıb. Belə ki, “Tokio-2020”nin təsnifat mərhələsini uğurla tamamlayan ilk 40 idmançının arasında İrina Zaretska (+61 kq) və Rafael Ağayevin (75 kq) də adları var.

Qeyd edək ki, iyunun 13-dək davam edəcək turnirdə 98 ölkədən 500 karateçi Olimpiya vəsiqələri uğrunda mübarizə aparır. Yarışda hər çəki dərəcəsində ilk üç yeri qazanan idmançılar Olimpiya lisenziyaları əldə edəcəklər. Olimpiadada isə ümumilikdə 80 karateçi yarışacaq, onlardan 60-ı kumitedə, 20 idmançı isə kata yarışlarında mübarizə aparacaq. Qırx karateçidən başqa daha 24 idmançı Parisdə xüsusi Olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq.

On iki əlavə Olimpiya lisenziyası isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə Olimpiya vəsiqələri üçtərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək. Tokio Olimpiadasının karate yarışları avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM