Ötən il Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən keçirilən layihə və tədbirlərdə 7 minə yaxın gənc iştirak edib

Ötən il Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən keçirilən layihə və tədbirlərdə 7 minə yaxın gənc iştirak edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. Keçirilən iclasda fondun icraçı direktoru Cəbi Quliyev diqqətə çatdırıb ki, 2021-ci il Gənclər Fondu üçün əlamətdar hadisələrlə yadda qalıb. Ötən il Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər Fondlarının dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub, səfər çərçivəsində Gənclər Fondu ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında könüllülük sahəsində əməkdaşlığın inkişafı, eləcə də könüllülərin şəxsi və peşəkar inkişafı istiqamətində ortaq layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlığa dair memorandum imzalanıb.

İl ərzində Naxçıvan şəhərində “Azərbaycan-Türkiyə Gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi”, Türkiyə Respublikasının Qaziantep şəhərində “Azərbaycan-Türkiyə Gənclərinin II Beynəlxalq Zəfər Düşərgəsi”, Ağbulaq İstirahət Mərkəzində “Elm və İnnovasiya Düşərgəsi”, “STEAM Yay Məktəbi”, “Şəhid və qazi övladları üçün zəfər düşərgəsi”, “Gənclər təşkilatlarının 2022-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması düşərgəsi” və “Marş İrəli” hərbi simulyasiyalı layihələr həyata keçirilib, keçirilən düşərgələrdə 530 gənc iştirak  edib. Həmçinin gənclər üçün keçirilən ənənəvi “Yay Məktəbi”ndə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və könüllü gənclərdən ibarət ümumilikdə 200-dən çox gəncin iştirakı təmin edilib. Ötən il ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan Könüllüləri arasında Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə Respublika Birinciliyində ölkəmizin 40 fərqli regionunu təmsil edən 41 komanda arasında “Naxçıvan könüllüləri” qalib adını qazanıb. “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Bakı Konqres Mərkəzində 1200 könüllünün iştirakı ilə təşkil olunan “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu”nda Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun könüllülərinin də iştirakı təmin olunub. Forum çərçivəsində Gənclər Fondunun könüllüsü "Dövlət qurumlarında könüllülük" nominasiyası üzrə "İlin Könüllüsü" mükafatına layiq görülüb, digər iki könüllümüz diplomla təltif edilib. Bundan başqa “Səhnədə” Gənc İstedadlar Müsabiqəsinin Naxçıvan kastinqinin keçirilməsinə dəstək göstərilib,  təmsilçimiz müsabiqənin qalibi olub.

Cəbi Quliyev diqqətə çatdırıb ki, ötən il uğurla baş tutan tədbirlərdən biri də ölkə blogerlərinin muxtar respublikaya səfəri olub. 17-21 noyabr tarixlərində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi, “YUGEN” Yaradıcılıq Agentliyinin təşkilatçılığı ilə muxtar respublikada olan 27 yerli bloger sosial şəbəkə səhifələrində muxtar respublika ərazisindən yüzlərlə paylaşım edib.

“Nizami Gəncəvi ili” çərçivəsində keçirilən tədbirlərə də diqqət çəkən icraçı direktor 16-22 fevral tarixlərində keçirilən “Nizami xəmsəsi” layihəsini uğurlu tədbirlərdən biri kimi önə çəkib. Qeyd olunub ki, hesabat dövründə muxtar respublikanın şəhər və rayonlarında müxtəlif mövzularını əhatə edən təlimlər, simulyasiya, intellektual oyunlar, aksiya, gəzinti, kitab müzakirələri, şəhid məzarlarını ziyarət, şəhid ailələri və qazilərlə görüşlər təşkil olunub, sözügedən tədbirlərdə yüzlərlə gənc iştirak edib. Müxtəlif əlamətdar tarixi günlər, yubiley tədbirləri, müsabiqə və digər tədbirlərdə iştirak edən gənclər, eləcə də ilin fəal gəncləri müxtəlif mükafat, hədiyyə və diplomlara layiq görülüblər. Gənclər Fondunun dəstəyi ilə sağlamlıq imkanları məhdud gəncin kitabı nəşr olunub. Ümumilikdə, 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən 190 layihə və tədbir keçirilib, 7 minə yaxın gənc iştirak edib.

İclasda Fondun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov və Maliyyə və təsərrüfat bölməsinin müdiri Məhəmmədəli Məmmədlinin çıxışları dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Xosrov İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM