“Naxçıvanı tanıyaq!” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilir. Gənclərin növbəti ünvanı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondu tərəfindən birgə təşkil olunan ekskursiyada muxtar respublikada təhsil alan və ölkəmizin müxtəlif bölgələrindən olan tələbələr iştirak ediblər.
Nazirliyin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Çingiz Hüseynov çıxış edərək bildiriblər ki, gənclər arasında muxtar respublikanın turizm potensialının tanıdılması, milli dəyərlərin və tarixi gerçəkliklərin təbliği məqsədilə müxtəlif layihələr icra olunur. “Naxçıvanı tanıyaq!” devizi ilə təşkil olunan ekskursiyalar da bu qəbildəndir.
Sonra kompleksin bələdçisi Ələkbər Məmmədli qeyd edib ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “Mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Əshabi-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən gənclər ziyarətgahı gəzib, nəhəng dağı heyranlıqla seyr ediblər. Gənclər sosial şəbəkələrdə paylaşmaq üçün fotoşəkillər çəkiblər.