"Qazaxıstan Dəmir Yolu" Səhmdar Cəmiyyəti (SC) Ekibastuz şəhərindən Böyük Britaniyaya ilk dəfə olaraq multimodal mineral gübrə daşınmasını təşkil edib.
NTV xəbər verir ki, daşınma dəmir yolu və dəniz nəqliyyatından istifadə olunmaqla Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə təşkil edilib. Yüklər Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçərək Poti və Batumi limanlarından dəniz yolu ilə İngiltərənin Felikstou limanına çatdırılacaq.
Yeni marşrut Qazaxıstanın gübrə istehsalçılarına Böyük Britaniyaya ixracı artırmaq imkanı yaradacaq. Orta Dəhlizdən istifadə isə logistikanı şaxələndirməyi və etibarlı yük çatdırılmasını təmin edir.
"Qazaxıstan Dəmir Yolu" SC beynəlxalq daşınma coğrafiyasını ardıcıl olaraq genişləndirir. Şirkət əvvəllər Qazaxıstan məhsullarının Ekibastuz-Mayami marşrutu üzrə ixracını təşkil edib. İndi isə məhsullar Orta Dəhliz vasitəsilə Avropa bazarlarına göndərilir.
