24 iyun Maşınqayırma sənayesi işçilərinin peşə bayramıdır - FOTOLAR

24 iyun Maşınqayırma sənayesi işçilərinin peşə bayramıdır<font color=red> - FOTOLAR</font> 24 iyun Maşınqayırma sənayesi işçilərinin peşə bayramıdır<font color=red> - FOTOLAR</font>

Maşınqayırma sənayesi iqtisadi inkişafın əsasını təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir.

Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi ildən-ilə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatda əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir.

Ölkəmizin müasir sənayeləşmə hərəkatına öz töhfəsini verən muxtar respublikada dinamik inkişafı təmin edən başlıca amillərdən biri iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsidir. Artıq neçə ildir ki, özəl sektorun  iqtisadiyyatda payı artır. Bu isə o deməkdir ki, muxtar respublikada iqtisadi inkişafın enerji sektorundan asılılığının azaldılması istiqamətində görülən işlər, həyata keçirilən uğurlu siyasət öz müsbət nəticələrini vermişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, keçid iqtisadiyyatı dövrünü uğurla başa vuran muxtar respublikada hazırda ümumi daxili məhsulun artımı, əsasən, özəl sektor hesabına formalaşır. 2022-ci ilin yanvar-aprel aylarında ÜDM-də özəl bölmənin payının 85,9 faizə yüksəlməsi də bunu təsdiq edir. Bundan əlavə, sənaye sahələrində istehsalın həcminin əvvəlki ilin eyni dövründəkindən 1,6 faiz çox olması da muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsidir.

İqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm nəticələrindən biri muxtar respublikanın sənaye potensialının son illərdə əhəmiyyətli dərəcədə güclənməsidir. Özəl sektorun davamlı inkişafına nail olmaq üçün muxtar respublikada sənayeləşmə siyasəti çərçivəsində  rəqabət və ixracyönümlü məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması istiqamətində zəruri işlər görülmüşdür. “Gəmiqaya Sənaye Kompleksi”, “Cahan Sənaye Kompleksi”, “Naxçıvan Sement Zavodu”, “Ləzzət Qida Sənaye”, “Naxçıvan Duz İstehsalı Müəssisəsi”, “Badamlı Mineral Sular Zavodu” Məhdud Məsuliyyətli cəmiyyətləri, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, Naxçıvan Avtomobil Zavodu və digər müəssisələrin yaradılması muxtar respublika sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirmə siyasətinin həyata keçirilməsinə geniş imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsi də məhz bu sahəyə  göstərilən dövlət qayğısının növbəti təzahürüdür.

Muxtar respublikada maşınqayırma sənayesi də inkişafda olan sahələrdəndir. Maşınqayırma sənayesinin inkişafının əsas istiqamətlərindən biri də dövlət dəstəyinin genişləndirilməsidir. Bu baxımdan son illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu sahənin inkişafı məqsədilə 7 milyon manatdan artıq kredit ayrılmışdır. Göstərilən dövlət dəstəyi bu sahədə yeni çeşiddə məhsul istehsal etmək imkanını artırmışdır. Hazırda muxtar respublikada maşınqayırma sənayesində rəqabətqabiliyyətli məhsullar istehsal edilir. Muxtar respublikanın böyük sənaye müəssisələri arasında maşınqayırma sənayesi ilə məşğul olan Naxçıvan Avtomobil Zavodu əhəmiyyətli yerlərdən birini tutur.  Zavodun əsası 2006-cı ildə qoyulub, 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalanmışdır. 2010-cu ildən istifadəyə verilən zavodun yaradılmasına müəssisənin daxili imkanları hesabına 2 milyon 800 min, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 1 milyon manat vəsait sərf olunmuşdur. 2017-ci ildə Naxçıvan Avtomobil Zavoduna avtomobil hissələrinin alınması, yığılması və satışına 1 milyon, 2020-ci ildə ehtiyat hissələrinin və avtomobillərin alınmasına 3 milyon manat kredit verilmişdir.

Bu günədək zavodda 6 mindən çox avtomobil istehsal olunmuşdur. İstehsal sahəsi, satış salonu, sınaq meydançası, avtomobil dayanacağı, anbar və inzibati binadan ibarət olan müəssisə indiyədək “Lifan 320”, “Lifan 330”, “Lifan 520”, “Lifan 520İ”, “Lifan 620”, “Lifan 630”, “Lifan 650”, “Lifan 720”, “Lifan 820”, “Lifan X50”, “Lifan X60”, “Lifan X70”, “Lifan 6401”, “Lifan 6420”, “Lifan 5028”, “Lifan 1022”, “Lifan 1025”, “Lifan L7” olmaqla avtomobillərin istehsalını həyata keçirmişdir. Hazırda zavodun keyfiyyətinə və dözümlülüyünə görə flaqman modeli olan “Lifan 620” modelinin yeni dizayn ilə təchiz olunmuş “Lifan 650” və krosover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş “Lifan X70”, yeni brend olan FAW T-33 və FAW T-77 modelləri istehsal olunur. Müəssisədə digər Changan T-3 (yük), Changan W-3 və Changan W-5 (minik) modelləri hazır gətirilərək satışı həyata keçirilir. Zavodda bugünədək 18 modeldə Lifan, 2 modeldə FAW avtomobilinin istehsalına nail olmuşdur. 

Naxçıvan Avtomobil Zavodu avtomobil sənayesində müasir dövrün ən aktual məsələsi olan elektriklə çalışan avtomobillər istehsal etmək məqsədilə  cari ilin iyun ayında Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı ilə Çin Xalq Respublikasının “Lifan” korporasiyası arasında görüş keçirilmiş, Naxçıvan Avtomobil Zavodunda 2 növ elektrikli və 1 növ yanacaqla işləyən avtomobillərin istehsalı ilə bağlı anlaşma protokolu imzalanmışdır. Zavod fəaliyyəti dövründə sosial layihələrdə də yaxından iştirak etmiş, 2936-sı “Lifan 320” və 129-u “Lifan 330” modelləri olmaqla, 3065 avtomobil sağlamlıq imkanları məhdud şəxslər üçün istehsal edilmişdir. Müəssisədə indiyədək istehsal olunan 972 “Lifan 620” model avtomobilin 485-i taksi kimi xidmət göstərməkdədir.

İstehsal prosesində keyfiyyəti əsas götürən zavod 2019-cu ildən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının tərkibinə daxil edilmiş, istehsal olunan avtomobillərin “Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomobil salonlarında da satışı təşkil olunmuşdur. 2019-cu ilin avqust-sentyabr aylarında Çinin “Lifan İndustrial Group”, “FAW İndustrial Group” və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparılmış, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi yolları müzakirə edilmişdir. Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən zavodda yeni brend olan FAW avtomobillərinin istehsalına başlanılmışdır. Ötən dövrdə zavod tərəfindən 28 FAW markalı avtomobil istehsal edilərək satışa verilmişdir.

Həm mexaniki, həm də avtomat sürət qutusu ilə işləyən müxtəlif avtomobillər istehsal edilən zavodun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satış mağazaları, zavoddaxili servis, həmçinin Şərur və Culfa rayonlarında servis mərkəzləri fəaliyyət göstərir. Zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal edilir. Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilmiş, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti avtomobildən aslı olaraq 2-5 il və ya 40-100 min kilometr edilmişdir. Onu da nəzərə almaq lazımdır ki, maşınqayırma sənayesinin davamlı şəkildə inkişafı yeni iş yerlərinin açılması deməkdir. Bu isə insanların məşğulluğunun təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Peşə bayramlarını qeyd edən maşınqayırma sənayesi işçiləri bundan sonra da istehsal çeşidlərinin və həcminin artırılması, ixrac potensialının genişləndirilməsi məqsədilə daha səylə çalışacaqlar.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin

mətbuat xidməti

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM