satellite   Azerspace-1: 11135 H 30000

HEYDƏR ƏLİYEV: UŞAQLARIN HAMİSİ

HEYDƏR ƏLİYEV: UŞAQLARIN HAMİSİ

Ulu Öndər Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.  

   Qədim dövlətçilik ənənələri olan   Respublikamız 18 oktyabr 1991-ci ildə ikinci dövlət müstəqilliyini elan etsə də, iqtisadi böhran, milli sərvətlərin talan edilməsi ölkənin idarə olunmasında çətinliklər yaradırdı. Bu baxımdan xalq da daim qorxu və narahatlıq içində yaşayırdı. Ona görə də qabaqcıl ziyalılar ölkəni gözləyən böyük fəlakətlərdən qorumaq üçün Heydər Əliyev kimi dövlət xadiminin, böyük şəxsiyyətin hakimiyyətə gəlməsini zəruri hesab edirdilər. Bu məqsədlə o zamankı Azərbaycan rəhbərliyi Heydər Əliyevin ölkəyə rəhbərlik etməsini ondan xahiş etdi.Məhz buna görə ulu öndərin hakimiyyətə gəldiyi gün, yəni 14 iyun ölkədə qurtuluş günü kimi bayram edilir. 1993-cü ilin iyun ayından etibarən  ölkədə sabitlik bərqərar oldu. Vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı. Ümummili Lider Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin bütün sahələrində milli dövlətçiliyin əsası qoyuldu, quruculuq işləri sürətlənməyə, iqtisadiyyat inkişaf etməyə başladı.

         Ulu Öndər Heydər Əliyev Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yeni konstitusiyanın qəbul olunmasını vacib hesab edirdi. Məhz bu səbəbdən Böyük dövlət xadiminin sədrliyi ilə hazırlanan yeni Konstitutsiyanın layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş və həmin ilin noyabr ayının 27-də isə qüvvəyə minmişdir.

          Müstəqil Azərbaycanda uşaqların maraq və mənafelərinin qorunmasına, onlara diqqət və qayğının göstərilməsinə hər zaman həssaslıqla yanaşılmışdır. Bu baxımdan dövlətin əsas özəyi hesab edilən uşaqların hüquqlarının qorunması üçün atılan ən önəmli addımlardan biri Azərbaycan Respublikasının 1995-ci il Konstitutsiyasına bununla bağlı ayrıca bir maddənin salınması oldu. Bu ilk Azərbaycan milli Konstitutsiyasının birinci bölməsinin “Ailə, uşaqlar və dövlət” adlanan 17-ci maddəsində aşağıdakı bəndlər qeyd edilmişdir: I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir

    Qeyd etmək lazımdır ki, Müstəqil Azərbaycanda uşaqlara diqqət və qayğının dövlət siyasətinin ən mühüm istiqaməti kimi formalaşması Ümummili Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bu siyasətin davamı olaraq günümüzdə bütün uşaqların dövlət tərəfindən diqqət və qayğı ilə tam əhatə olunmasına həssas yanaşılır və xüsusi nəzarətdə saxlanılır. Konstitutsiyada da qeyd edildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin tam nəzarəti mövcuddur. Çünki uşaqlar hər bir xalqın gələcək inkişafını təmin edən fərdlərdir.. Bu baxımdan müstəqilliyimizin əsas dayağı sayılan uşaqların bir şəxsiyyət kimi formalaşmasında dövlətin rolu mühümdür. Dövlət müstəqilliyimizin qorunması, onun yeni inkişaf mərhələsinə keçməsi bu və ya digər formada birbaşa uşaqların düzgün tərbiyə edilməsindən, onlara göstərilən diqqət və qayğıdan asılıdır.

       Uşaqların sağlamlığı, onların hüquqlarının qorunması, təhsili hər zaman Müstəqil Azərbaycanda “uşaq siyasəti”nin əsasını qoyan Ümummili Lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ölkəmizdə sağlam mühitin və inkişaf etmiş cəmiyyətin qurulmasının təməlini uşaqlar hesab edən uzaqgörən siyasətçi onların vətənpərvər, sağlam, savadlı böyümələri üçün hər cür şəraiti yaratmağa çalışmışdır. Ölkəmizdə uşaq problemlərinin həlli məsələsi də daim diqqətdə olmuş və bu sahədə bir sıra tədbirlər görülmüşdür.

        Ümummili lider Heydər Əliyev tərəfindən 1998-ci il 19 may tarixində imzalanmış “Uşaq hüquqlarının qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu bu sahədə atılmış ən mühüm addımlardandır. Sənəddə də deyildiyi kimi, həmin Qanun beynəlxalq hüquq normalarına uyğun olaraq uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının vəzifələrini müəyyən edir. Dövlət hər bir uşağın yaşamaq, sağlamlıq, inkişaf hüququnu, ailədə yaşamaq və tərbiyə almaq hüququnu qoruyur. Dövlət uşaqların hərtərəfli mənəvi, əxlaqi və fiziki inkişafı üçün əlverişli şərait yaradır.

Uşaqları böyük məhəbbətlə sevən Ulu Öndər ölkədə uşaqlarla bağlı təşkil olunan bir sıra tədbirlərdə, bayramlarda, görüşlərdə iştirak etmişdir. Valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan, uşaq evlərində yaşayan valideyn sevgisindən məhrum olan uşaqları isə daim xüsusi diqqətdə saxlamışdır. Onlarla tez-tez görüşmüş, onlara xüsusi qayğı ilə yanaşmışdır. Bütün uşaqlar kimi onların da təhsil almaq hüququndan yararlanmalarına şərait yaratmışdır. Uşaqların bir dəyər olması ideyasının təməlini qoyan Ulu Öndər onlara hər zaman dövlət dəstəyinin göstərilməsini xüsusi diqqətdə saxlamışdır.

Ulu Öndərin təməlini qoyduğu işləri bu gün də Heydər Əliyev Fondu davam etdirir. Fond həmçinin, uşaqlar və valideynlər arasında düzgün münasibətin qurulması, onlara mənəvi, əxlaqi keyfiyyətlərin təlqin edilməsi istiqamətində də davamlı marifləndirmə işləri aparır. Fond eyni zamanda  Uşaqların təhsildən yayınmaması üçün ən ucqar kəndlərimizdə belə məktəblər inşa edərək onların təhsil almasına geniş şərait yaradır.

      Heydər Əliyev Fondu uşaqların, mənəvi-əxlaqi tərbiyəsi, bir sözlə, inkişafları üçün hərtərəfli dəstəyin göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Bütün bunlar da dövlətin “uşaq siyasəti”nin fonunda əldə olunmuş nailiyyətlər hesab olunur. Beləliklə, Ulu Öndər tərəfindən əsası qoyulmuş bu siyasət günümüzdə də öz aktuallığını saxlayır.

      Ulu Öndərin başlatdığı “uşaq siyasəti”ni bu gün də onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev davam etdirir. Təsadüfi deyildir ki, 2009-cu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə "Uşaq ili" elan olunmuşdur.

         Uşaqların təhsilinə, tərbiyəsinə, müdafiəsinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev onu görməyən nəsillərin qəlbində belə, sevgi ilə anılır. O, bütün uşaqların Heydər babası olaraq daim qəlblərdə yaşayacaqdır.

               

Əbülfəz Quliyev

AMEA Naxçıvan İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM